çəplik

Qüsurlu uşaqları niyə əcnəbilər övladlığa götürür?

Baxış sayı: 1. 489

Hər bir ailə övlad arzusuyla qurulur. Ancaq bəzən arzulanan övlad dünyaya gəlmir. Həkimlərin səyi heç bir nəticə vermir. Bu zaman ailənin dağılmaması üçün insanlar övladlığa uşaq götürürlər.

Kişilər çox zaman övladlığa uşaq götürməyi qüruruna sığışdırmır. Buna razı olanda isə azyaşlı oğlan uşağına daha çox üstünlük verilir. Ölkədə övladlığa uşaq götürməyin isə uzun, bahalı və eyni zamanda çətin proses olduğu deyilir. Mütəxəssislərin fikrincə isə, bu proses asandır, yəni bütün şərtlərə uyğun gələn insanlar övladlığa uşaq götürə bilərlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq təminatı şöbəsinin müdir müavini Vəsilə Möhsümovanın “lent.az”a verdiyi məlumata görə, 2013-cü ildə Azərbaycanda 961 uşaq, 2014-cü ildə isə 918 uşaq yerli övladlığa verilib. Ötən il övladlığa verilən 918 uşaqdan 205 nəfəri 1 yaşına qədər (104-ü qız ), 360-ı 1-5 yaş arası (163-ü qız ), 203 nəfəri 6-10 yaş arası (72-si qız), 150 nəfəri 11-17 yaş arası (69-u qız) uşaqlar təşkil edib. “Övladlığa verilən uşaqlar arasında əsas üstünlük oğlanlara məxsusdur”.

Azərbaycanda xarici vətəndaşlarla bağlı övladlığa götürmə prosesi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, 3 yaşına qədər uşaqların övladlığa verilmə prosesi Səhiyyə Nazirliyi, 3 yaşdan böyük uşaqların övladlığa götürmə məsələləri isə Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Beynəlxalq övladlığa götürmə prosesində isə uşaqlar üçün heç bir yaş həddi nəzərdə tutulmayıb.

Xarici vətəndaşların yerli vətəndaşımızı övladlığa götürmə ilə bağlı müraciətinin müəyyən şərtlər çərçivəsində gerçəkləşdiyini qeyd edən Möhsümova həmin şərtləri sadalayıb: “Yerli uşaqlar dəfələrlə yerli ailələrə təqdim olunur və qəbul edilmədiyi halda övladlığa verilmək üçün xarici vətəndaşlara təqdim edilir. Adətən də bunlar müəyyən qüsurları olan uşaqlar olur. Ailə qanunvericiliyində xarici vətəndaşlara övladlığa verilən uşaqların səhhəti üçün heç bir məhdudiyyət qoyulmayıb. Bundan başqa, uşağa Azərbaycan ailəsində tərbiyə verilməsi mümkün olmadıqda, qohumları tərəfindən övladlığa götürülməkdən imtina edildikdə və ən əsası uşağın xarici vətəndaşlara övladlığa verilməsinə komitənin razılığı və məhkəmə qətnaməsi ilə icazə verilir”.

Azərbaycandan övladlığa uşaq götürməklə daha çox Amerika və Avropanın müxtəlif şəhərlərindən olan ailələr maraqlanırlar. Xarici vətəndaşa uşaq verəndə bütün hallarda tərəflərdən biri azərbaycanlı olan, Azərbaycan adət-ənənələrini daha çox mənimsəmiş, işi ilə bağlı Azərbaycanda yaşayan xarici ailələrə üstünlük verilir. 2014-cü il üzrə 4, 2015-ci il ərzində 3 beynəlxalq övladlığa götürmə prosesi həyata keçirilib.

Uşaq Hüquqları Alyansının rəhbəri Nazir Quliyevin sözlərinə görə, Azərbaycanda insanlar daha çox azyaşlı uşaqları övladlığa götürməyə üstünlük verirlər. Çünki hər bir valideyn istəyir ki, uşaq özünü anlayanda həmin ailəni öz ailəsi bilsin. “Böyük uşaqları övladlığa götürmək istəyənlər azdır. İnternat məktəblərində isə əsasən valideynli uşaqlardır. Üstəlik, uyğun mədəniyyət də hələ formalaşmayıb”.

N.Quliyev bildirir ki, Azərbaycanda ailələr uşaq götürməyə birdən qərar verir. Xarici ölkələrdə isə əvvəlcə uşaqla ünsiyyətə üstünlük verilir. Həm də daha çox böyük uşaqlar övladlığa götürülür. “Bizdə isə bu proseslər çox çətindir. Dövlət də maraqlı olmalıdır ki, uşaq müəssisədə deyil, ailədə böyüsün. Rayonlarda valideynlər sənədlərin alınmasında xüsusi çətinlik çəkirlər. Ailələr üçün davamlı təlim-tədris proqramlarına da ehtiyac var”.

Hüquqşünas Vasif Rzayevin sözlərinə görə, uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər. Uşaq övladlığa götürülmüşsə və övladlığa götürmə ləğv edilməmişsə, valideynlik hüquqları bərpa edilə bilməz.

“Uşaqlar Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 115.5-ci maddəsinə uyğun olaraq ümumi uçota götürüldüyü gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında yol verilir”.

Həmsöhbətimizin sözlərinə görə, övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.

Rzayev bildirir ki, övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər.

Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir