yemeye ne var

Qutab bişir, ailəni sevindir - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 443

Azərbaycan mətbəxinin ən özünəməxsus və sevilən təamlarından biri də qutablardır. Xüsusilə içlikli, nazik xəmirdən hazırlanan bu yemək həm yüngül, həm də doyurucudur. Yağsız tavada bişirilməsi ilə də sağlam seçimlərdən sayılır. Ətli, göyərtili, pendirli və balqabaqlı kimi müxtəlif növləri olan qutablar arasında bu dəfə ən klassik növ — göyərtili qutab haqqında danışacağıq. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə məhz bu ləzzətli yeməyi təqdim edirik.

 

Lazım olan ərzaqlar:

Xəmir üçün:

3 stəkan un

1 çay qaşığı duz

1 stəkan ilıq su

1 xörək qaşığı duru yağ (istəyə görə)

 

İçlik üçün:

1 dəstə ispanaq

1 dəstə kəvər

1 dəstə keşniş

1 dəstə göy soğan

1/2 çay qaşığı qara istiot

1/2 çay qaşığı duz

1 xörək qaşığı kərə yağı (göyərtini qovurmaq üçün — istəyə görə)

 

Üzəri üçün:

Kərə yağı

Quru nane və ya sumaq (istəyə bağlı)

qutab

Hazırlanma qaydası:

Xəmiri yoğurun: Unu geniş bir qaba tökün, üzərinə duz əlavə edib qarışdırın. Tədricən su əlavə edərək xəmiri yoğurun. Xəmir ələ yapışmayacaq hala gələnədək yoğurmağa davam edin. Üzərini örtüb, 20-30 dəqiqə dincə qoyun.

İçliyi hazırlayın: Göyərtiləri təmiz yuyub xırda doğrayın. İstəsəniz, bir az kərə yağı ilə qovura bilərsiniz, amma çiy halda istifadə olunsa da, dadı daha təravətli qalır. Üzərinə duz və istiot əlavə edib qarışdırın.

Qutabları formalaşdırın: Xəmirdən kiçik kündələr tutun. Hər kündəni oxlovla nazik yayıb dairəvi formada açın. Yarı hissəsinə göyərti içliyi qoyub, digər yarısını üstündən örtün və kənarlarını barmaqla və ya çəngəllə möhkəm bağlayın.

Bişirin: Quru tavada, orta odda hər iki tərəfini qızarana qədər bişirin. Bişdikdən sonra hər qutabın üzərinə kərə yağı çəkin. Bu, həm dad verir, həm də qutabları yumşaq saxlayır.

Süfrəyə verin: Göyərtili qutabları isti-isti, üzərinə sumaq və ya quru nane səpərək süfrəyə verə bilərsiniz. Yanında qatıqla təqdim olunduqda daha ləzzətli olur.

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir