– Sizin gələcəyinizi eşidəndə yaxşı mənada təəccübləndim.
– Həyatımdakı insanları təəccübləndirməyi sevirəm.
– Mənim də həyatından biri olmağım təəccübləndirdi elə.
– Hə, xanım psixoloq, siz də mənim həyatımdakı önəmli insanlardan birisiniz.
– Buna necə reaksiya verəcəyimi bilmirəm, açığı. Xoşbəxt oluram belə tərif eşidəndə.
– Onda sizi xoşbəxt etmək üçün görüş sayımızı artıraq.
– Sənin buna ehtiyacın yoxdur, Afət. Sənə yolunu öyrətmişəm və artıq sən məndən daha yaxşı reaksiya verə bilirsən hadisələrə.
– Sizə ehtiyacım var..
– Psixoloq pozisiyası üçün gözləntilərin doğru deyil.
– Sizi çox istəyirəm…
– Anlayıram. Pasientlərimin hamısı mənə doğmadır. Elə sən də.
– Hamı ilə müqaisə olunmağı sevmirəm.
– Bəşərin bir parçasısan… Bu mənim günahım deyil (gülümsünürəm)
– Anlayıram ( narazı üz mimikası)
– Yaşadığın duyğusal boşluqları, sevgi aclığını, hamısını anlayıram. Doğrudur, mənim üçün çətindir bunu demək. Amma sənin məndə sevdiyin anlayışa, xoşgörüyə ixtisasım gərəyi yiyələnmişəm. Əks halda mən də digər insanlar kimi reaksiyalar verən sıradan biriyəm… Məndən gözləntini doğrultmaya bilərəm. Bu halda ümid qırıqlığı yaşamanı istəmərəm. Anlayırsan məni, Afət?
– Anlayıram (narazı)
– (susuram)
– Gedim?
– Gələn dəfə gəlmək üçün ən tez ayın 16-sından sonra üçün görüş al.
– Məndən imtina etməyəcəyinizi bilirdim. Təşəkkür edirəm, təşəkkür edirəm, təşəkkür edirəm.
– İmtina etmirəm əlbəttə, amma kimliyimi və yerimi dəqiq xatırlaman gərəkdiyini bil… Əks halda yoldaşlığımız bitə bilər, anlaşdıq, Afət?
– Yaxşı (ümidlənmiş halda otaqdan çıxdı)
Bəzən belə də olur, insanlar psixoloqu dost, anlayışlı insan kimi görür. Missiyasın yerinə yetirə bilməyənlər bu qəlibdə görünməkdən xoşbəxt olurlar əlbəttə. Amma unutmaq olmaz ki, həkim sağaltmaq üçün öncə incidir, müəllim öyrətmək üçün əziyyət verir. Psixoloq da qanada, incidə, yaralara toxuna bilər. Sadəcə anlayış, xoşgörü və dəstək gözləmək doğru yanaşma olmaz. Sizə gerçəkləri deyəcək insanlarla yol alın. Sizi hər halınızıda dəstəkləyən insanlar sizin düşməninizdən başqası ola bilməz. Bəli, problemin motivin anlamaq və təhlil etdiyimiz zaman məcburiyyətləri görmək bizim işimizdir. Amma gələcəyə dair eyni şeylər yaşanmasın deyə hadisənin kökündəki neqativ davranışı aşkarlamaq və dəyişmək lazımdır.
Hər ürəyi istəyəndə gəlib dərdini danışacağı bir “rəfiqənin otağı” deyil psixoloq qəbulu. Öncədən planlaşdırılmış bir yoldur… Doğru adamla çıxıldıqda effekt ala biləcəyimiz doğru yol.
Yolunuz sizi xoşbəxtliyə aparsın. Yoldaşınız da…
Psixoloq Əfsanə Rüstəmova