Resad Atakisiyev

Rəşad Atakişiyevin xanımından ÜRƏKDAĞLAYAN SÖZLƏR: Ölümündən 2 saat qabaq mənə dedi ki… – REPORTAJ

Baxış sayı: 1. 676

Bəzən möcüzəsini əsirgəyən ögey dünyaya qəzəblənirsən. Sonra ayaqların səni bayrağa boyanmış yuvaya qonaq aparır. Saat kimi susan bir qəlb düz üç köksə dolub daş divarları isidir, gözlərinə baxır, əllərinə toxunur.

Artıq bir il varmış ki, bu ocağın zaman qovan masaüstü saatı yorulub yatırmış. Nə bir usta, nə saatsaz bu cihazı yuxudan oyada bilib. Bu səssizlik Rəşadın qulağını batırarmış. Bir gün saatı əlinə alıb sxemini yenidən qurur. “Evdə işləməyən saat xeyirə əlamət deyil” deyib zamana meydan oxuyur. Ömrünü də, geriyə qalan zamanını da o saatın içinə doldurub 3 canına əmanət edir. Sonra səmaya qalxır.

Bizi evinə qonaq edən qəhrəman qartalımızın könül yarı deyir ki, əlindən gəlməyən iş yox idi Rəşadın… Mühəndislik etsin, ev qursun, ən çətin riyazi məsələləri çözsün, səmaya uçsun, vətəni sevsin… Ən çox da vətəni sevməyi bacarırdı. Sevdiklərini bircə-bircə vətən kimi qoruyurdu. Qoruyacaq.

Könül Atakişiyeva deyir ki, həyat yoldaşı barədə keçmiş zamanda danışmaq ona çox pis təsir edir.

– Rəşad haqda keçmiş zamanda danışa bilmirəm. Hər gün qayıdacağını gözlədik. Hər qapı səsinin, hər naməlum zəngin Rəşadın müjdəçisi olacağına ümid etdik.

Похожее изображение

– Gedər-gəlməzə necə yola saldınız onu?

– Çox yaxşı əhvalda sağollaşdıq. Bir gün öncə növbədə idi. Amma hava şəraiti imkan vermədiyi üçün uçuşları olmamışdı. Axşam evə döndü. Tez-tələsik yeməyini yedi. Dedi: “Elə utanıram sizə az zaman ayırıram. Gəlin, heç olmasa bir neçə saatlıq da olsa gəzməyə gedək”. Vaxt itirmədən hazırlaşdıq. Böyük oğlum Turqut getmək istəmədi. 3 gün idi ki, qayınanam rayondan qonaq gəlmişdi. Qəribə təsadüfə baxın, konfransa hazırlaşdığım üçün qayınanamı rayondan çağırdım ki, uşaqlarla vaxt keçirsin, mən də yazımı tamamlayım. Sanki bu da bir işarə idi ki, Rəşadın son günlərində anası da yanında olsun.

Turqut dedi, mən nənəmlə qalacam. Balaca oğlumuzu götürüb əyləncə mərkəzinə getdik. Mağazaları gəzdik, Qabil əyləncə mərkəzində oynadı. Rəşad həmin məqamda həyatından elə razı idi ki… Dedi: “Bütün yorğunluğum çıxdı”. Axşam saat 10-da evə qayıtdıq. Bizi qoyub harasa getdi. Uşaqlar da artıq yatmışdı. Bir müddət sonra əlində dolu zənbillərlə geri döndü. İstədiyimiz hər şeyi artıqlaması ilə alıb gətirdi (ağlayır… ağlayırıq… söhbət boyu gözümüz dolub-boşalır).

Soyuducunu doldurdu. Uşaqların çox sevdiyi konfetlər vardı, neçə vaxt idi heç bir marketdə tapmırdıq. Onu da tapıb almışdı.

Ərzaqları yerbəyer elədik. Dedi: “Yatma, 2 saatdan sonra gedirəm. Gəl, otur, söhbətləşək”. 3:30-da çıxıb gedəcəkdi. Gözləri gülürdü sevincdən. Yola saldım, getdi…

Ertəsi gün günorta zəng etdim, nömrəsinə zəng çatmadı. Adətən elə olanda özümüz narahat etmirdik ki, vəzifə başındadır. Anamla alış-verişə getdim. Qohumlarımızın Gəncədə xeyir işi olacaqdı, hazırlıq görürdük. Axşam zəng vurdu, dedi, zəngini indi gördüm. Hər şeylə maraqlandı. Lazımi əşyaları adığım üçün çox sevindi. Dedim, necəsən? Cavab verdi ki, çox yaxşıyam. Sağollaşdıq. Bir də axşam saat 9-da zəng etdi. Mən də o vaxt balaca oğlumu həyətə aparırdım. Qayınanam narahat halda mənə xəbər etdi ki, Rəşad zəng eləmişdi. Səninlə danışmaq istəyirdi. Tez qayıdıb nömrəsini yığdım. Dedim ki, Rəşad, niyə narahatsan? Dedi: “Yoox, narahat deyiləm. Sən telefona cavab vermədin, bir az qorxdum ki, görəsən nə baş verib…” (Göz yaşı… Sükut… Əbədi səssizlik…)

Soruşdum ki, nə vaxt qayıdacaqsan? Dedi ki, iki saata bitirəcəyik işimizi.

Vaxt tamam olan kimi zəng vurmağa başladım. Nömrəyə zəng çatmır. Bəlkə 70-80 dəfə yenidən yığdım nömrəsini… Səhər 5-ə qalmış xəbər gəldi ki, Rəşadın təyyarəsi qəzaya uğrayıb. Yenə də inanmadıq. O, bizimlə yaşayırdı, bizimlə nəfəs alırdı. Hətta sonuncu gün gəzəndə dedi, biz ömrümüzün sonuna qədər birgə olacağıq.

– Sizcə, ölümünü öncədən hiss edirdi?

– Yox. Məncə, hiss etmirdi. Övladlarımızın gələcəyi ilə bağlı o qədər arzuları, planları vardı ki, ölümü özünə yaxın buraxmırdı. Hətta o, məzuniyyətə çıxandan sonra istirahətə getməyi düşünürdük.

Qapının şüşəsindən balaca kölgə görünür. Artıq atasına yuxularda sarılacaq körpə barmaqlar qapını açıb yanımıza gəlir. Gözlərindən qəm qaynayan ananın üzünə əzablı təbəssüm qonur.

– Atasına çox bənzəyir Qabil.

– Böyük qardaşı daha çox oxşayır ona. Atasının ölümündən xəbərsizdir hələ. Alışdıra-alışdıra söyləmək istəyirəm artıq gəlməyəcəyini. Soruşanda, deyirəm ki, atan Türkiyədə təlimlərdədir. Oradan Suriyaya keçəcək. Suriyada da bilirsən də, müharibə gedir. Hər şey ola bilər. Bəlkə bir ilə qayıdar.

Deyir:

– Ana, məndə elə bir hiss var ki, atam artıq bir ildir yanımızda yoxdur.

Deyirəm:

– Yox bir aydır ki, yoxdur.

Bir az fikrə gedir:

– Yox, nə danışırsan, o qədər vaxt yanımda olmasa, ürəyim dayanar. Ölərəm darıxmaqdan.

Çox həssasdır, atasına dəhşətli dərəcədə bağlıdır. Ona görə psixoloqla məsləhətləşmədən qara xəbəri verə bilmərəm. Bu günlər ərzində çox arıqlayıb.

Deyir: “Atam orada yaxşı yemir yəqin. Axı o, ancaq sən bişirdiyin yeməkləri sevir”.

– Yəqin səsini də eşitmək istəyir.

– Bir neçə dəfə demişəm ki, sən yatanda, zəng vurdu, danışdıq. Deyir ki, gələn səfər məni oyatmasan, inciyərəm səndən. Sualları bitmir, tükənmir. Dünən soruşur ki, axı yaxşı pilotlar arxa planda qalmalıdır. Atamı niyə müharibəyə aparıblar? (adını bilmədiyim gəlmiş-keçmiş bütün şəhid övladlarına sarılmaq keçir içimdən).

Çox bərk xəstələnib. Bütün gecəni yatmayıb. Uşaqlar belə xəstələnəndə Rəşad da mənimlə birgə gecəni oyaq qalırdı. Sübhdən durub işə getsə də, yatmırdı. Dünən Turqutla gecəni yatmadıq. Yağış yağdı. Sizin Rəşad haqda yazınızın həmin cümləsini xatırladım – Bu gündən Rəşadı səmada axtarın. Hər narahat ildırım Rəşadın dolan mavi gözləridir. Balası üçün darıxır.

– Könül xanım, bu sevginin laaap əvvəlinə, doğulduğu günə qayıdaq?

– Bizi tanış etmişdilər. 24 avqust- ölümünün bir ayında tanışlığımızın 9-cu il dönümü idi. Hətta qeyd etməyi planlaşdırırdıq. 2011-ci il 24 apreldə toyumuz oldu.

– Ən çox hansı cəhətinə aşiq olmuşdunuz?

– O qədər yüksək keyfiyyətləri vardı ki… Mədəni, alicənab, ən əsası insanlığa saf münsibətinə vurulmuşdum.

– Peşəsinin əzəməti ilə yanaşı riskini də dərk edərək sevmişdiniz…

– Əlbəttə. Fəxr edirəm onun sənəti ilə.

– Hamımız fəxr edirik.

– Onun hər bir şücaəti bizim başımızın ucalığıdır. Ölümü Rəşada yaraşdırmıram. Toya qədər olan 8 ay müddətində ən xırda kobudluğunu da görmədim. Qohumlarıma, valideynlərimə qarşı hər zaman hörmətlə yanaşıb.

– Ailədə belə deyək “buket-konfet” dövrünü bəzən problemlər, mübahisələr də əvəzləyir. Heç incikliyiniz olurdu?

– Bilirsiniz, yadda qalacaq şeylər deyildi. O qədər müsbət keyfiyyətləri vardı ki, xırda məişət narazılıqlarını qapayırdı. Onları vurğulamaq, üzərində durmaq belə əsassızdır. Ən xırda istəyimizi də həyata keçirirdi. Sənətimdəki xırda uğurlarımla da fəxr edirdi. Professor olacağım günü gözləyirdi. Konfranslara hazırlaşanda, nitqimi öncə onunla bölüşürdüm. Tövsiyələr verirdi:

“Bax, bu hissəni də vurğulasan, daha yaxşı olar”.

“Bu sözlə əvəzləsən, daha gözəl səslənər. Bircə həyəcanlanma”.

– Musiqini sevirdi?

– Çox sevirdi. Mən pianoda ifa edirdim. O, uşaqlarla dinləyirdi, rəqs edirdilər. Kiçik ev konsertləri qururduq.

– Hansı əsərləri daha çox dinləyirdi?

– Həmişə deyirdi ki, Bethovenin “Ay sonatası”, Şopenin “Noktyurn” əsərlərini ifa elə, qulaq asmaq istəyirəm. Uşaqlarla birgə “Əsgər marşı”nı, himnimizi oxuyardıq. Bax, belə…

Картинки по запросу rəşad atakişiyev

– Yəqin ki, bu halı tək mən sezməmişəm. Rəşadın o qədər müdrik gözləri vardı ki, baxanda 34 yaş vermək olmur. Sanki dünyanın hər üzünü görmüş ahıl insan baxır şəkildən.

(Çəkməcədən toy albomunu çıxardır. Dünyanın ən parlaq iki cüt gözü gülür üzümə).

– Baxın, burada 26 yaşı var. Yenə də eyni müdrik baxışlardır. Ümumiyyətlə, öz üzərində işləyən insan idi. Sənətinə dair bütün yenilikləri, ədəbiyyatları oxuyurdu, püxtələşirdi. Artıq il yarımdır ki, hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini vəzifəsinə təyin olunmuşdu. Özü də bununla qürur duyurdu.

– Sarışın, mavi gözlü idi Rəşad…

– Nənəsi Vaya xanımın 18 yaşı olanda, Ukraynadan Şəmkirə gəlin köçür. Babası ilə nənəsi Rəşadla nəfəs alırdılar. Çünki Rəşad 9 aylıq olanda anası digər övladını dünyaya gətirməyə hazırlaşır və onu babasıgil aparıb böyüdürlər. Gənc yaşda oğullarını da itirdikləri üçün Rəşadı ikiqat sevirdilər. Çox isinmişdilər ona. Babası Cənubi Azərbaycandan idi. Toyumuzdan bir il öncə dünyadan köçmüşdü. Biz tanış olanda, babasının ölümündən çox böyük təəssüflə danışırdı. Qohumların, qonşuların dediyindən bilirdim ki, çox zəhmətkeş, mərd insan olub. Yaşadığı ərazidə böyük ad-sana sahib imiş. Rəşadın vətənpərvər böyüməsində babasının böyük əməyi var. Həmişə deyirdi ki, babamın arzularını gerçəkləşdirəcəm. Babası 90 il ömür sürüb. Rəşadın pilot olduğunu da görmüşdü. Danışardı ki, son vaxtlar xəstə yatağında idi. Amma mən pilot forması ilə yanına gələndə dik dururdu ki, ondan nigaran getməyim xidmətə. Rəşadın ən böyük maddi və mənəvi dəstəkçisi də o olub. Özü də işləyəndən sonra babası ilə nənəsinin bütün ehtiyaclarını ödəyirdi. Bunu özünə mənəvi borc sayırdı. Nənəsi azərbaycanca çox gözəl danışırdı. Toyumuzdan bir il sonra dünyasını dəyişdi. Mükəmməl tərbiyə vermişdilər Rəşada… İstənilən hadisəni sülh yolu ilə yorumlayırdı, heç kimin haqqına girməzdi, münaqişədən qaçırdı.

– Sizcə, pilot olmasaydı, hansı sənəti seçərdi?

– Həkim. Həmişə deyirdi ki, uşaq vaxtı arzum həkim olmaq idi. Amma kəndimizin səmasında təyyarə görəndə, pilot olmaq istədim. Öz qərarı ilə pilot olmuşdu. Dəfələrlə Türkiyədə təşkil olunan “Turan Şahinləri” təlimlərində yüksək nailiyyətlər qazanmışdı.

– Qanayan yaranızı bir də mən deşmək istəmirəm. Amma cəsəd tapılanda, ilk nə haqda düşündünüz?

– Son məqama kimi ümid edirdik ki, sağ qayıdacaq. Deyirdik, bəlkə haradasa katapult edib, üzüb çıxıb. Mütləq qayıdacaq. Yuxusuz gecələr, həyəcanlı gözləntilər…hələ də keçmir. Dəfələrlə hadisə yerində oldum. Özümə yer tapa bilmirdim. Sağ olsunlar, axtarış qrupu gecə-gündüz çalışırdı, bizi məlumatlandırırdılar.

Картинки по запросу rəşad atakişiyev DƏFN

– Son gedişini saymasaq, ən uzunmüddətli yoxluğu neçə gün olmuşdu?

– 2016-cı ildə hardasa 27-28 günlük ezamiyyətə getmişdi. Hələ onda belə Turqut özünə yer tapa bilmirdi ki, atamı istəyirəm. Keçən il Konyada təlim məşqlərinə getmişdi. 10 gün idi ki, orada idi. Həftə sonu Turqutla birgə yanına getdik. Muzeyləri gəzdik. Nə yaxşı ki, getdik. Turqut birinci sinifə gedəcəkdi. Rəşad bütün məktəb ləvazimatlarını Türkiyədən aldı. Ümumiyyətlə, bizə hər şeyin ən yaxşısını yaraşdırırdı.

– Könül xanım, ömür boyu əllərinizi isidəcək xatirəniz hansıdır?

– Övladlarımızın dünyaya gəlişi. Qohumlarımız deyir ki, övladlarının doğum anında gözündəki sevinci heç nə ilə ifadə edə bilmərik. Mənə elə gözəl təbrik yazmışdı ki, hər iki doğumdan sonra… Heç vaxt unuda bilmərəm – “Toylarında birgə rəqs edəcəyik”. Deyirdi ki, başımın tacısınız.

– Qız övlad istəyərdi, sizcə?

– Qızları da çox sevirdi. Amma nədənsə mən istəyirdim, oğlum olsun. Sanki arxa, dayaqdır oğul. Həmişə deyirdi ki , mənim üçün fərqi yoxdur. Uşaqlar dünyaya gələndə dedi ki, elə mən də oğlan olsun istəyirdim.

– 37 yaşdan sonra təqaüdə çıxmaq hüququ vardı, eləmi?

– Bəli, 3 il vaxtı qalmışdı. Qala da bilərdi, çıxa da. Bu artıq onun seçimi olacaqdı.

– Sizcə, davam etmək istərdi?

– Mən ona həmişə deyirdim ki, sən irəli getməlisən. General rütbəsinədək yüksəlməlisən. Özü də peşəsi ilə qürur duyurdu. Bəzən bir müddət uçmurdular. Uzun fasilədən sonra uçuş həyata keçirirdilər. Gəlib deyirdi ki, sanki bədənim dincəldi, özümə gəldim.

– Sevdiyi işi, gözəl ailəsi, doğmaları. Bəs qəlbinin bir köşəsində sızlayan yarası vardı?

– Məncə, yox. Olsaydı, bizimlə bölüşərdi.

Rəşadın ən böyük arzusu Qarabağımızın düşmən tapdağından azad olunmasında, Qarabağda təşkil olunmuş qələbə paradında fəxarətlə iştirak etmək idi.

– Heç ağladığını görmüşdünüz?

– Özü də deyirdi ki, babam dünyasını dəyişəndən sonra ağlamamışam. Ümumiyyətlə, ictimai yerlərdə utancaq, təmkinli, sakit adam idi. Amma evdə çox rahat, şən, zarafatcıl Rəşada çevrilirdi.

– Dostları çox idi?

– Onu sevən çox yaxşı dostları vardı. Amma ailə ilə dost münasibətini bir-birinə qatmırdı, evə çağırmırdı. Bu da yəqin hərbçi olmağından irəli gəlirdi. Yanvarın 7-si onun, 8-i isə mənim doğum günümdür. Çox vaxt birgə qeyd edirdik. Evə gələn qonaqlar üçün nələr etmirdi. Çox qonaqpərvər idi.

– Övadlarınızı atalarının peşəsində görmək istərdinizmi?

– Turqutun neyrocərrah olmağını istərdik. Təbii ki, böyüyüb özü seçəcək. Amma həmişə soruşurdu ki, ata, mən kardiocərrahlığı seçsəm yaxşı olar, yoxsa beyin cərrahlığını? O da son qərarı həmişə özünə buraxırdı. Turqut bizə deyirdi ki, mən elə bir dərman hazırlayacam ki, siz onu içib ölməyəcəksiniz.

Картинки по запросу rəşad atakişiyeV

– Bu günlərdə bir verilişə baxdım. Milli Qəhrəman Çingiz Mustafayevin xanımı həyat yoldaşının həmişə qoluna taxdığı bilərziyi və saatı oğluna hədiyyə edib ki, daim atasını yanında hiss etsin. Bu haqda düşünmüsünüz?

– İki saatını daha çox taxırdı. Biri elektron idi. Bir də barmağındakı nişan üzüyümüzü oğullarımızın birinə vermək istərdim.

– Hərbi pilotlar səmaya qalxan müddətdə çox yüngül qidalanmalıdırlar. Evə gələndə sizdən gözlədiyi sevimli menyusu vardı?

– Yarpaq dolmasını və buğlamanı çox sevirdi. Özü də yeməyə qarşı çox həssas yanaşırdı. Dadlı yeməkləri sevirdi. Bəzən bir məclisə gedib ac qayıdırdı ki, heç bir xörəyin dadını bəyənmədim.

– Düşünürəm ki, karyera yüksəlişində sizin də böyük rolunuz var. Çünki kişi arxasında dayanan qadının gücündən arxayın olmasa, peşəsinə tam diqqət ayıra bilməz.

– Dəyəriniz üçün təşəkkür edirəm. Bu sözləri sizdən eşitmək xoşdur.

– Güclü qadınsınız. Əminəm ki, övladlarınızı ən azı ataları qədər mərd böyüdəcəksiniz. Turqut da atasının fiziki yoxluğunu kişi kimi qarşılayıb, barışacaq.

– Biz ona demişik ki, atasının dostunun təyyarəsi qəzaya uğrayıb. Pilot xəstəxanada yatır. Hətta o sözdən təsirlənib dedi ki, ana, gör, indi o pilotun ailəsi nə böyük acılar çəkir. Hələ ölümündən xəbərsizdir, yenə də özünə yer tapa bilmir.

Картинки по запросу rəşad atakişiyeV

– Bu günlər də keçəcək. Ruhu hər zaman sizinlə olacaq. Ümumiyyətlə, qocalığınızı necə xəyal edirdiniz?

– Deyirdi ki, uşaqları da evləndirəcəyik. Deyirdim, amma ayrıca yaşayarlar. Heç birinə narahatlıq vermək istəmirəm. Sonra bir-birimizə özümüz qalacağıq. Dəyər yükü olmayan adamla 50 il boş ömür sürməkdənsə, Rəşadla keçən 1 il də min ömrə bərabərdir.

– Könül xanım, ziyalı, intellektual insansınız. Həyat yoldaşınız dünyamızdan köçdü. Amma həyat bütün acılarını da çiynimizə yükləyib davam edir. Bu gün qarşınıza hansı məqsədlər qoymusunuz?

– Bəlkə də Rəşadın sağlığında ona arxayın olduğum qayğıları da öz üzərimə götürəcəm. Rəşadın övladlarımızla bağlı bütün planlarını gerçəkləşdirəcəm. Rəşadın edə bilməyəcəklərini də etməyə çalışacam. Onlar xaricdə təhsil almış güclü mütəxəssis kimi geri dönəcəklər. Yoxsa, Rəşadın ruhu qarşısında üzümüz qara olar. Bəzən deyirdi ki, elə üzülürəm, sizinlə birgə az zaman keçirirəm.

– Və itirəndən sonra anlayırsan ki, onunla oturub adi çay içməyin belə ən gözəl anın imiş.

– İndi düşünürəm ki, 23 iyul biz necə xoşbəxt imişik… Dilimizdə “çox sağ ol” sözü var. Əslində, adi minnətdarlıqdır, amma baxın, heç bir dildə təşəkkür sağlıq arzulamaqdan ibarət deyil. İnsanın sevdiklərinə ən gözəl arzusu “sağ ol” deməyidir.

– Könül xanım, bu günlər ərzində xalqımız da Rəşadı – öz qəhrəmanını gözlədi, salamat olduğuna inandı. Dəfnində də hamımız ona doğmamız qədər yandıq.

– Biz bu dəstəyi daim hiss etdik. Mən ölkə Prezidenti cənab İlham Əliyevə, habelə birinci xanım Mehriban Əliyevaya minnətdaram. Bizi tək qoymadılar, daim maraqlandılar, dəstəklərini əsirgəmədilər. Fürsətdən istifadə edib Mehriban xanımın keçmiş doğum gününü də təbrik edirəm. İctimai-siyasi fəaliyyətində uğurlar diləyirəm. Şəhidlərimizin xanımları daim yanımda oldular. Acımı bölüşdülər. Hər kəsə təşəkkür edirəm.

– Son dəfə bu birliyə, vətənpərvərliyə aprel döyüşlərində şahidlik etmişdik.

– Aprel döyüşlərində Rəşadgil də hava savaşına qalxa bilərdilər. Amma son anda ehtiyac qalmadı. Bəlkə bu da taleyin bir lütfü idi ki, ikinci övladımız dünyaya gələndə onu görsün. Kim bilir, bəlkə də Rəşad 3 il öncə aprel döyüşündə dünyadan köçərdi.

– Aprel şəhidlərimizin bir neçəsi dünyadan köçəndən sonra övladları doğuldu. Onlara öz adları verildi…

– Əlbəttə. Bəzi məqamlarda insan acısına da şükür edir. 2008-ci ildə dünyasını dəyişən hərbi pilotlarımız haqda xəbərləri daim öz siyirməsində saxlayırdı. Deyirdi ki, hər an mənə də hər şey ola bilər. Yəni ölüm daim onunla üz-üzə idi. Sonda öz tərəfinə keçirdi.

Mərdlikdən, qəhrəmanlıqdan pafosla danışmaq niyyətim yoxdur, əziz həmvətənim. Amma bil ki, bu ölkəni yüzlərlə, minlərlə şəhid qəhrəmanların döyünən ürəkləri, Azərbaycana əmanət etdiyi yadigarları bəzəyir. Onları tapmaq, əllərini tutmaq, gözlərinə baxmaq sənin əlindədir. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir