paltar

Rahatlıqla poza biləcəyin 6 dəb qaydası

Baxış sayı: 2. 135

Gözəl görünməyi hamı sevir, amma yenilikləri qəbul etməyi hər kəs bacarmır. Buna baxmayaraq, əminliklə deyə bilərəm ki, bu altı böyük dəyişiklik hər kəsin ürəyincə olacaq! Bir özünüz düşünün, axı qaydaların aradan qalxması bizə nə qədər rahatlıq gətirir.

 

1. AYAQQABI ÇANTA “BİRƏBİR” EYNİ RƏNGDƏ OLMALIDIR!

Yadınızdadır, bir dövr var idi, əgər qonşu İradə xalanın geyindiyi ayaqqabı ilə götürdüyü çantanın rəngi fərqli olsaydı, hamının diqqəti ona yönələrdi, deyərdilər ki, yəqin evdən tələsik çıxıb? Şükür, o dövrləri geridə qoymuşuq. İndi heç kim bir-biri ilə uyuşmadığı qəbul olunan rəngləri qarışdırdığına görə səni zövqsüz hesab edən deyil. Dəb sənayesi öz qoyduğu qanunları asta-asta elə özü də silir. Obrazın üzərində istədiyin eksperimenti apara bilərsən.

2. ÇƏHRAYI VƏ QIRMIZI RƏNG UYUŞMUR!

Son bir neçə ayadək bu fikir daşlaşmış bir stereotip idi. Vay o gündən ki, dodağına qırmızı rəng vurmaq istəyəsən, amma bronzerin olmaya! Özünüz bilirsiniz, dəb aləmində bu nə boyda qanun pozuntusu hesab olunurdu. İndi hamımız rahatlıqla nəfəs ala bilərik. Artıq bu iki gözəl çaları birlikdə görməyə alışacağıq. Axı necə gözəl görünür, çəhrayı dodaqlı qız qızaranda!

3. BİSER VƏ DAŞ-QAŞI ZİYAFƏTƏ GEYİNƏRLƏR!

Səmimi etiraf edirəm ki, daş-qaşı gündəlik geyimdə istifadə etmək trendinə mən də hazır deyildim. Bu cür trendlər oktyabr ayında gözlənilmədən yağan qar kimidir. Xoşuna gəlir, amma özünü ona hazır hiss etmirsən. Amma orası da var ki, sadə geyimlərə qeyri-adilik qatmaq üçün onlara qaş tikən qızlar, biserləri hədsiz sevənlər üçün bu, əla xəbərdir. Buna baxmayaraq, yenə də əndazəni keçməyi tövsiyə etməzdim. “Wow effekt”ə nail olmaq üçün bir detalı biserli və daş-qaşlı seçə bilərsən. Qalanları isə sadə qalsa, yaxşıdır.

4. İDMAN AYAQQABISI İDMAN ÜÇÜNDÜR

Çox da uzaqda qalmayan məktəb illərimizə qayıdaq. Siz də idman dərsindən çıxıb, evə krossovka və ətəkdə qayıtmağa utanırdınız? Elə bilirdiniz ki, yöndəmsiz göründüyünüz üçün hamı sizə baxır? Yəqin, yadınızdadır, bu, elə böyük zövqsüzlük hesab olunurdu ki, dəbdən, stildən başı çıxmayan insanlar belə bu səhvi buraxmaq istəməzdilər. Bəs indi? Biz nəinki dəb nümayişlərinə qatılan dəb bilicilərinin idman tərzinə heyran olur, hətta onu təkrarlayırıq da! Yaşasın dəbin gətirdiyi azadlıq!

5. CORABLA BURNUAÇIQ AYAQQABI GEYİNMƏZLƏR!

Mənə elə gəlir, son dövrlər insanları ən çox təəccübləndirən yeniliklərdən biri də bu oldu. Hətta sosial şəbəkələrdə uzun müddət “Louis Vuitton deyirsə, deməli, olar!” alt yazılı zarafatlar da ara vermədi. Bircə düşünməyin ki, hər corabı necə gəldi istədiyiniz ayaqqabı ilə dəstləşdirə bilərsiniz. Burada corabın rəngi və ayaqqabının forması böyük rol oynayır. Şəxsən mən, boz çalar corablar və bej rəngli hündürdaban ayaqqabıların birliyinə heyranam.

6. PRİNTLƏRİ QARIŞDIRMAQ OLMAZ!

Bu ən sevdiyim dəb yeniliklərindən biridir. Çox demirəm, ikicə il bundan öncə, bir “look”da iki-üç fərqli printi qarışdıran mütləq şəkildə müzakirə mövzusuna çevilirdi. İndi isə bu fikirləri üzümdə təbəssümlə yada salıram. Bəzən yolda gedərkən xanımlarımıza diqqət edirəm, onlar hələ də bu qanunların keçmişdə qaldığı fikrinə alışa bilməyib. Ehtiyatla bir printi seçir və vurğunu ona yönəldirlər. Halbuki, bu yeni trend cavanlıq və çılğınlıq əlaməti, nə qədər bacarıqlı olduğunu göstərməyin yeni üsuludur! Artıq bir obrazda iki bəbir printli elementi görmək istəmirik! Fantaziyanı işə sal, zolaqları naxışlarla, xalları bəbirlə dəstləşdir və heç nədən çəkinmə, çünki dəb dünyası arxanda dağ kimi dayanıb!

Nigar Mirzəsoy




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir