rahide baxisova

Rahidə Baxışova: “Pis qadınlar hər sahədə var” – MÜSAHİBƏ

Baxış sayı: 1. 165

Bir zamanlar 7-17 müsabiqəsindən kifayət qədər gənclər tanındılar. Müğənni Rahidə Baxışova bir müddət səhnədən kənara çəkilsə də, qayıdışı ilə diqqətləri özünə çəkə bilib. Budəfəki qonağımız elə Rahidə Baxışova oldu.

 

– Həm səhnədə, həm də ana olaraq ailəni idarə etmək çətindir. Rahidə ana olaraq kimdir?

– Allah hamının balasını saxlasın. Bir oğlum, bir qızım var. Uşaqlarıma aşırı dərəcədə  bağlıyam. Elə ona görə də bir müddət  sənətdən uzaqlaşıb, onların tərbiyəsi ilə məşğul oldum. Övladlarımı elə çox istəyirəm ki, bu hisləri sözlə ifadə edə bilmərəm. Oğlumun 13 yaşı var, qızım isə hələ balacadır. Bəzən oğluma deyirəm ki, əynini qalın geyin. Deyir ki, ay ana, sən məni nə çox düşünürsən.

 

– Gözəl xanımsız, amma estetik əməliyyata nədənsə ehtiyac duydunuz. Sosial şəbəkədə birmənalı qarşılanmadı…

– Bəli, burnumda əməliyyat etdirmişəm. Mən də insanam. Burnumun sol tərəfində çəpər əyriliyi var idi. Nəfəs almağımda problemlər yaşayırdım. Gündüzlər yox, gecə yatdığım zaman hiss edirdim ki, nəfəs ala bilmirəm. Həm də sümük qabarması var idi. Düşündüm ki, həkimə getmişkən, burnumun ucunu bir balaca kiçildim. Mənim burnum eybəcər deyildi. Bir ay deyil ki, əməliyyat etdirmişəm. Hələ şişdi. Həkim söylədi ki, altı aydan sonra burnum ideal formaya düşəcək. Tez-tez mənə deyirdilər ki, niyə burnunun uc hissəsini kəsdirmirsən? Mən də kəsdirdim. İndi etməsəydim, iki il sonra mütləq etdirməli idim. Çünki nəfəs almağımda problemim var idi. Burnumu kəsdirdiyimə görə peşman deyiləm. Əvvəlki şəkillərimə baxıram, deyirəm ki, mən bu burunla gəzmişəm?

 

– Deyilənə görə, bədəninizin başqa yerlərində də əməliyyat var…

– Mən niyə gizlədim ki? Yalnız burnumda əməliyyat olub. Başqa heç yerimə toxunmamışam. Burun əməliyyat edən adamlar bilir ki, üzdə, dodaqlarda şişlər olur. Burnumdan başqa üzümdə heç bir şeyi dəyişdirməmişəm.

 

– Sənətçilər biri-birindən gileylənirlər. Hamı deyir yolumu kəsdilər. Sizin də  yolunuzu bağlayanlar olub?

– Yalandan deyim ki, filankəs mənim yolumu bağlayıb, yalan olar. Heç kimin haqqına girə bilmərəm. Bəlkə də olub, amma üzə çıxmayıb.

– Səhnə üçün darıxdınız deyə səhnəyə qayıtdınız, təkbaşına dolanmaq çətin idi.

– Efirdən izləyirdim. İstər-istəməz qəlbimdə səhnəyə bir sevgi yaranırdı.  Bəzən elə anlar olurdu ki, yenidən sənətə qayıtmaq istəyirdim. Amma uşaqlarıma görə alınmırdı. Son vaxtlar isə belə qərar verdim ki, yenidən toylarıma getməliyəm, efirlərə çıxmalıyam. Musiqi ilə yaşayıram. Televizora, hər hansı bir filmə baxmaram, amma musiqisiz yaşaya bilmərəm.

 

– Şou-biznesdə olan insanlara, xüsusilə xanımlara münasibət birmənalı deyil. Niyə şou  əhlinin adı pis çıxıb?

– Başqa sahələrdə pis qadınlar yoxdu ki? Pis insan elə hər sahədə pisdir. Bir insan əgər özünü idarə edə bilmirsə, peşə nə etsin? Qəlbi çirkin insan üçün məkanın da, zamanın da, mövqeyinin də fərqi olmur.

 

– Deyəsən tez inanan insansız.

– Bir az insanlara tez inanıram. Demirəm sadəlövhəm. Amma qəlbimin təmizliyindən tez istifadə edirlər.

 

– Evinizdə usta işləyənlər də sizi inandırıb 16 min manatınızı mənimsədilər. Deyəsən məhkəməniz oldu.

– Ötən həftə Nəsimi Rayon Məhkəməsində növbəti dəfə iclas oldu. O insan özü gəlmir. Nümayəndəsi iştirak edir. 15 min manatlıq evimdə təmir işləri yarımçıq  qalıb. Daha onlara inamım da qalmayıb deyə pulumu tələb edirəm. Evimə bir də bu insanların gəlməyini istəmirəm, gözüm qorxub.  Mən insanlığımı itirmək istəmirəm. Amma qadın olduğum üçün onlar bundan sui-istifadə etməyə çalışdılar. Bir Allah şahiddir ki, mən o pulu qazanmaq üçün nə qədər zəhmət çəkmişəm. Toylara gedib, kimlərinsə qarşısında çıxış etmişəm ki, evimə ruzi aparım. Adam çörəyinə haram vurmaz.

 

Tahirə Məmmədqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir