Zamanla regionlarda qızların təhsildən yayındırılması məsələsi gündəmə gəlir. Qızlar məktəblərdən çıxarılaraq ərə verilir, ev və ya kənd təsərrüfatı işlərilə yüklənir və orta təhsil almaq hüququndan, gələcəkdə savadlı, bilikli övladlar tərbiyə etməkdən məhrum olurlar.
Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/18-ci tədris ili üçün tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır. Deputat Zahid Oruc bildirir ki, regionlarda qızların məktəbdən yayınması yerli ənənələrlə bağlıdır: “Yaşlı ailə başçıları belə seçim edir və bildiyim qədər, xüsusilə cənub zonasında qızların təhsildən yayınması müəyyən qədər geniş yayılıb. Erkən nikaha daxil olanları da orta məktəbləri tez tərk edən qızlar təşkil edir”.
Z.Oruc qeyd edir ki, savadsız və təhsili yarımçıq qalan uşaqların sonrakı həyatına nəzər saldıqda, bu və ya digər ailə dramlarının içərisinə düşdüklərini və uğursuz talelər yaşadıqlarını görürük: “Bu, ailənin möhkəmliyinə də təsirini göstərir və sinxron olaraq bir-birilə əlaqədardır. Digər tərəfdən, bu, gələcəkdə digər hüquqi problemləri də meydana çıxarır. Ona görə savadlılıq şəraiti ailələrin möhkəmliyi, cəmiyyətin rifahı, iqtisadiyyatın və elmin inkişafı, dövlətin möhkəmliyi və onun regional və beynəlxalq məkanda yeri ilə birbaşa bağlı olan son dərəcə fundamental mühüm bir sahədir. Onun içərisində də qız uşaqlarının təhsilli olması və bunun arasıkəsilməz xarakter daşıması son dərəcə prinsipial önəm daşıyır. Hesab edirəm ki, son illər Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər müəyyən qədər məktəblərdə o insanların təhsillərini davam etdirmələrinə şərait yaradır”.
Həmsöhbətimiz bildirir ki, bu istiqamətdə cəmiyyəti maarifləndirmək mütləq lazımdır: “Təhsil Nazirliyinin son illərdə bu yöndə olan müxtəlif tədbirlərində biz iştirak edirik. Və onlar bəyan edirlər ki, bu yayınmalar çox ciddi mənfi nəticələr doğurur”.
Deputat əlavə edir ki, cəmiyyətdə qızların təhsildən yayınmasıyla bağlı qınaq məsələsi var: “Bu yaxınlarda bir məktəblinin ailə qurması ilə bağlı məsələ erkən nikahın qurulması kimi təqdim olundu və dərhal KİV-də, xüsusilə də sosial mediada diskussiya edildi və həmin an onların üzərinə ictimai basqı edilməsi fonunda tərəflər qərarlarından daşındılar. Belə olan halda təhsilli gəncliyin, təhsilli cəmiyyətin gələcəyini proqnozlaşdırmaq o qədər də çətin deyil. Min il bundan əvvəl bizim ədiblərimiz bu məsələ haqqında düşünürdülər, baş sındırırdılar və o zəkası geri qalan başları da “sındırırdılar”. Qızların təhsildən yayındırılması yolverilməzdir. Qadının cəmiyyətdə yerini düzgün müəyyənləşdirmək üçün onu sadəcə mətbəx əşyalarıyla təmin etmək lazım deyil, kitablarla təmin etmək lazımdır. Bu, sübut olunmuş bir düsturdur. Qız uşaqları gələcək analar olduğundan, övladlarının tərbiyəsində önəmli rol oynadıqlarından, qəribə səslənsə də, onların təhsilli olması oğlanlardan ikiqat vacibdir. Çünki işıqlı, ziyalı ana gələcəkdə bir neçə övladın, beləliklə bütövlükdə nəslin tərbiyəsində, elmə, biliyə yiyələnməsində önəmli rol oynayır. Ona görə də orta məktəbdən onları tez çıxarıb gətirib ev işlərini üzərlərinə qoymaq çox tezdir. Onlarla bağlı qəti qərar vermək yanlış olar. Xatırlayıram ki, belə bir valideynlər mənə müraciət etmişdilər ki, onlar övladlarının tez ailə qurmasını istəyirlər və buna görə də orta məktəbdən çıxarıblar, məktəblə də ciddi problemləri var. Və o biri yandan da müvafiq Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsi də bunu nəzərə almaq istəmir. Açığı, nəinki buna kömək etmək mümkün deyildi, əksinə, hər vəchlə o insanlara anlatmağa çalışdıq ki, bu, yolverilməz haldır. İldən-ilə bu meydan daralır”.
Z.Oruc hesab edir ki, repetitorluq da qızların məktəbdə davamiyyətinə mənfi təsir göstərir. Belə ki, repetitor yanına gedən uşaqlar arasında qızların müəyyən çəkisi var, o mənada ki, müəllim yanına gedirlər, ona görə də məktəbdən kənar düşürlər. Onların müəyyən hissəsi təhsil müəssislərinə qəbul olunur, müəyyən hissəsi qəbul olunmur. “Bu məsələ yalnız dövlətin üzərinə qoyula bilməz. Bir daha vurğulayıram ki, son illər hökümət tərəfindən bu sahədə xüsusi tədbirlər həyata keçirilir. Amma vətəndaş olaraq hər birimizin üzərinə məsuliyyət düşür və bunu anlamalıyıq və bu yöndə də addımlar atmalıyıq ki, övladlarımız qarşısında konstitusion borcumuzu, mənəvi borcumuzu yerinə yetirək, onlara 11 illik təhsili verək. Övladların savadlı yetişdirilməsi onların gələcəyinə qoyulan ən böyük investisiyadır”.
Deputat Fazil Mustafanın sözlərinə görə, qızların məktəbdən yayındırılması təhsildə çox ciddi problemlərdəndir: “Bir gün də olsa, səbəbsiz olaraq uşağın məktəbdən yayınması yolverilməz haldır. Bu həm də uşaq əməyinin istismarı üçün münbit şərait yaradır. Hər halda mövcud durum cəmiyyətin diqqətində saxlanılmalıdır ki, bu neqativ durumu ortadan qaldırmaq üçün təşəbbüslər genişləndirilsin”.
Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov bildirir ki, təkcə paytaxtda deyil, respublikanın ən ucqar dağ rayonlarında müasir standartlara cavab verən məktəblər fəaliyyət göstərir: “Həmin məktəblərdə yüksək səviyyədə təhsil əldə edilməsi məqsədilə hər cür şərait yaradılıb, müasir avadanlıqla təmin edilib. Təəssüf ki, bütün bunlara baxmayaraq, hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqlar davam etməkdədir. Narahatedici məqam ondan ibarətdir ki, həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır. Özü də bunlar subyektiv səbəblərdən yaranan problemlər olduğundan onları aradan qadırmaq elə də çətinlik yaratmır. Sadəcə, bunun üçün yaranmış mühiti aradan qaldırmaq kifayətdir ki, məktəblərdə normal tədrisi həyata keçirmək mümkün olsun” deyən Əsədova görə, söhbət region məktəblərində qızların təhsildən yayınmasından gedir ki, artıq bu problem kütləvi hal almaqdadır. Xüsusən, kənd rayonlarında qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir.
Ekspert qeyd edir ki, kənd yerlərində qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır: “Bu səbəblərin kökündə isə insanların maddi ehtiyaclarının ödənilməsi durur. Qeyd edim ki, ən çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar adətən 8-ci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Elə hallar olur ki, hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar. Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideyinlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir.
Valideynlər isə özləri əlavə gəlir əldə etmək məqsədilə başqa işlə məşğul olurlar”.
Müsahibimiz üçüncü səbəb kimi məktəbyaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsini göstərir. Dediyinə görə, belə hallar daha çox aran rayonlarında genişlənib. Kiçikyaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib. “Hər il DİM-in cari tədris illəri üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi-statistik təhlillərinə baxanda biz bu mənzərəni açıq şəkildə görürük. Belə ki, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır. Son illərin rəqəmlərinə baxanda görürük ki, ölkənin Aran, Muğan və Cənub zonalarında qadınların təhsildən yayınması faktları mövcuddur. Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında demək olar ki, qızlar təhsildən uzaqlaşıblar. Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir”.
Onun sözlərinə görə, Azərbaycanda qızların təhsildən yayınmasında erkən nikah faktoru da böyük rol oynayır: “Çünki təhsildən yayınan qızlar erkən ailə qururlar.
Qanunvericilikdə erkən nikaha təhrik etmə ilə bağlı azadlıqdan məhrum etmə və yüksək məbləğdə cərimənin təyini belə halların qarşısını qismən də olsa, alır. Amma təəssüf ki, hələ belə hallar qalmaqdadır. Elə təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdan kənar doğulan uşaqlardır. Nikahdan kənar uşaqların çoxu isə erkən nikahlardan yaranır. 2013-2017- ci illərdə nikahdan kənar doğulan uşaqların sayı 25 min olub. Onların 30-35 faizi məhz erkən nikahın payına düşür. Bu isə təhsildən yayınma hallarına gətirib çıxardır”.
Psixoloq Ramil Nəcəfli bildirir ki, rayon yerlərində çox vaxt qızları tez ərə verməyə çalışırlar və ona görə qızlar təhsildən yayınır: “Sanki qız artıq bir yükdür, üstlərindən yük götürülsün deyə, valideynlər qızlarını bacardıqca tez ərə vermək istəyirlər. Həm də qızın təhsilinə qarşı maraq yoxdur, ondan nəsə gözləmirlər, sanki, evləndirmək üçün böyüdürlər”.
Aynurə MƏMMƏDOVA