Sevmək və sevilmək… Kim nə deyirsə desin, biz sevgidən yaranmışıq və sevgi bizim üçün həyatın mənasıdır. Həyatın mənası?! Həyatımın mənası…
Mənə bu sözü dediyim ilk kişini xatırlatdı bu sözlər… İndi o sözü qızıma deyirəm. Çünki o sevgidən yaranan və həyatımın əsl mənasına çevrilən əbədi sevgimdir… Sevgi deyəndə ilk aglımıza həyatımızda olan əks cinsə olan sevgimiz gəlir… Amma həyat təcrübəsi göstərir ki, məhz əks cinsə olan sevgilər əksər hallarda əbədi olmur… Ya da mənim həyat təcrübəm yaxşı olmayıb…
Bundan sonrasına ümidlərim böyükdür. Düşünürəm ki, bizlərin ölməz və ən vəfalı sevgisi məhz valideynə və övlada olan sevgimizdi. Vəfalı sevgi… Əks cinsdən vəfa gözləməyin. Sadəcə, bu gününüzlə yaşamağa çalışın və xoşbəxt olun. Biz ən gözəl günləri birlikdə sevib yaşadığımız insan bir gun yaddan yad ola bilir. Yenidən ondan da çox sevdiyinə rast gələ bilirsən. Hər kəs öz yarını axtarır. Özünün əsl yarını ki, hər zaman yanında ola biləcək. Onu sevib, sığallayacaq, keşmişdə olan pislikləri unutdurub, gələcəyə xoş ümidlərlə qoşa addımlayan yarını… Ona inanıb, müsbət və mənfiləri ilə sevəcək birini… İnsan hər sevəndə inanır ki, bu əbədidir… gülməli gəlir mənə… çünki heç kim bilmir sabah nələr olacaq. Nənəm rəhmətliyin bir sözü var idi, deyirdi – “İmam cildində gəlib, sonra Əzrailə dönürlər”.
Bu müqəddəs bayram günündə də pessimistliyimdən qalmadım.
Zarafat bir yana sevilməyini bilmək, sevmək gözəldir, xüsusilə yarından… Bu gün məhz bizim günümüzdür. Sevənlərin günü. Öz yarını tapıb, əbədi birlikdə olmaq xəyalları ilə yaşayanların…
Onu sevməyinə dəyər…
O, səni gələcəyə, yaşamağa, sevməyə həvəsləndirir. O, sənə gələcəyi pozitiv görən gözləri verir. O, sənə addımlamağa stimul verir. Hətta özündən acıqlı olanda onun bircə gülüşü səni reallığa qaytarır. O varsa, sən də varsan. O, gülürsə, sən xoşbəxtsən. Sən onunsan, yalnız onun üçün yaranmısan…
Sevginin yaşı, vaxtı olmur. Düşünərsən, uşaqlığımda və ya gəncliyimdə daha çox sevmişdim, ilk sevgimi unutmaram, amma yox…Hər sonrakı sevgi öncəkindən unudulmaz və güclüdür… illər ötdükcə sən “öz aləmində” böyüyürsən… Gülməli olsa da, sevgiyə də məntiqlə yanaşırsan… Öncəki səhvlərini daha təkrarlamaq istəmirsən, amma görürsən ki, daha betər səhvə yol verirsən… Sevmək və düşünməmək lazımdır. Xoşbəxtsənsə məntiqini, ağlını özündə saxla. Sevgi nədir, ağıl nedir…??? Sevdinsə, sen sənliyini itirdin, sevdinsə, o həyatının vacib hissəsidir, sən, sadəcə, xoşbəxtsən… Xarakterini itirmisen, ürəyin sevinir, ürəyində əvvəllər olmayan qədər rəhm hiss edirsən, hər kəsə kömək olmaq, dünyanın bütün yaxşılıqlarını etmək gücündəsən… İnsanın malik ola biləcəyi ən gözəl hisslər səninlədi. Çünki sevirsən, çünki özün də bilmədən dəyişmisən. Sevgi səni ruhən gözəlləşdirir…saflaşdırır… Sevgi “O”dur, sevgi “O”nun varlığıdır. Sevgi kiminsə mavi gözləri, sarı saçları deyil. Sevirsənsə o, səninçün dünyanın ən gözəlidi. Sevgi Onun mənəviyyatının rəngidi, gözəlliyidi… Gün gələr o mavi gözlər öz marağını itirər, sarı saçlar bir gun ağarar…
Qısası dostlar, sevin hər zaman… Sevgi həqiqətən ruhumuzun qidasıdır. Sizi səvənlərin sözün əsl mənasında qədrini bilin. Sevgisiz biz bir heçik…
Sevgililər gününüz mübarək, əziz sevənlər…
Nahilə Hüseynova
Antverpen, Belçika