Ölkədə repetitorlara tələbat günü-gündən artır. İllər öncə yalnız ali məktəbə hazırlaşanlar repetitora müraciət edirdilərsə, indi valideynlər aşağı siniflərdən övladlarını hazırlıq kurslarına, repetitor hazırlığına göndərirlər. Fənn hazırlıq müəllimlərinə sovet dövründə də müraciət edənlər olsa da, bu kütləvi halda deyildi.
İki gün öncə elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə repetitorlara tələbatın artması məsələsinə münasibət bildirib. O deyib ki, təhsil sistemi ən öndə olan ölkələrdə də repetitorlardan istifadə edilir.
Nazir qeyd edib ki, repetitorluq imtahan sistemi ilə bağlıdır: “Bizdə imtahan rəqabətə bağlıdır. Deyilir ki, təhsildə keyfiyyət yoxdur, ona görə uşaq repetitor yanına gedir. Bir tərəfdən də bildirilir ki, qəbul imtahanının nəticələri aşağıdır. Hamı repetitor yanına gedirsə, qəbul imtahanının nəticələrinin aşağı olmasının səbəbi də repetitordur”.
Daha sonra nazir bildirib ki, zəif şagirdə repetitor da kömək edə bilmir: “Yaxşı nəticə olanda bu, repetitorun olur, pis nəticə olanda isə təhsil sisteminin? Bu nə qədər məntiqli arqumentdir?”
E.Əmrullayev təhsilin keyfiyyətinin artırılması istiqamətində işlər aparılacağını da söyləyib.
Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, repetitorluğun səbəbi təkcə orta məktəblərdə tədrisin keyfiyyətinin aşağı olması ilə bağlı deyil: “Orta ümumtəhsil müəssisələrinin məqsədi heç də ali məktəblərə abituriyent hazırlamaq deyil. Dövlət orta məktəblərinin əsas vəzifəsi oxumağı, yazmağı, dinləməyi bacaran şəxsiyyət yetişdirməkdir. Bunun üçün dövlət büdcədən maliyyə ayırır. O ki qaldı abituriyentlərin repetitor hazırlığına axın etməsinə, burada həqiqət var. Abituriyent repetitor hazırlığına getmədən ali məktəbə qəbul ola bilməz. Qəbul imtahanlarında iştirak edənlərin 50 faizi keçid balını toplaya bilmir. Yüksək bal toplayanların sayı isə aşağı bal toplayanların sayından azdır”.
K.Əsədov deyir ki, bu gün qəbul imtahanlarının modeli ilə bağlı da problemlər var: “Bu gün ali məktəblərə qəbul imtahanlarında abituriyentin 5, 6 və 7-ci siniflərdə əldə etdiyi biliklər də yoxlanılır. Hər növbəti pilləyə qalxdıqda əvvəlki illərdə əldə edilən biliyin bir hissəsi unudulur. Əgər biz qəbul imtahanlarının modelini dəyişsək, keyfiyyəti də dəyişə bilərik. Bu gün abituriyentlər ona görə repetitora müraciət edir ki, repetitor qısa müddətdə onlara əvvəlki illərin materialını mənimsədə bilir. Qəbul imtahanlarında nə qədər ki, əvvəlki illərin bilikləri yoxlanılır, əlbəttə ki, abituriyent bu bilikləri əldə etmək üçün repetitor hazırlığına üz tutacaq. Çünki 11-ci sinfə dərs keçən müəllim 5-ci sinfin materialını təkrarlada bilməz. Məhz buna görə də orta məktəblərdə təmayülləşmə genişlənməlidir. Əgər siniflərdə təmayülləşmə olarsa, bu problem həllini tapmış olar. Məktəblərdə abituriyentin seçdiyi qrup üzrə fənlərə üstünlük verilməsi onları artıq dərs yükündən də xilas edəcək”.
Bundan əlavə ekspert deyir ki, məktəblərdə mütəmadi monitorinq imtahanları keçirilməlidir. Bu yoxlamalarla şagirdlərin mövzuları mənimsəmə səviyyəsi aşkar edilə bilər.
K.Əsədov bu gün ən böyük problemlərdən birinin də dərsliklərlə bağlı olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, orta ümumtəhsil müəssisələri üçün dərsliklər elə yazılıb ki, onu repetitorsuz mənimsəmək imkansız hala çevrilib: “Dövlət tərəfindən təsdiq edilmiş məzmun standartları var. Burada şagirdlərin hansı bilik və bacarıqlara yiyələnmələri öz əksini tapıb. Artıq müəlliflər bu standartları dərsliklərdə reallaşdırmalıdırlar. Problem də elə buradan başlayır. Müəlliflər dərslikləri çox qəliz yazırlar. Bu gün repetitorlara kütləvi axının birinci səbəbi qəbul imtahan modelində, ikinci əsas səbəbi dərsliklərdədir. Nazirlik dərsliyi özü yaza bilməz. Bu qurumun işi dərsliyi sifariş verməkdir”.
Ekspert əlavə edir ki, aşağı yaşdan şagirdlərin hazırlığa getməsinin kökündə isə dərsliklərin dilinin ağır olması və anlaşılan formada yazılmamasıdır: “Dərsliklər sanki repetitorluğa istiqamətlənərək hazırlanıb. Dərsliklər şəxsiyyətyönümlü yox, repetitoryönümlüdür. Bu, süni şəkildə yaradılıb. Hal-hazırkı dərsliklər dövlətin məzmun standartlarına uyğun deyil. Xaricdən gələn qonaqlar bizim dərslikləri görəndə təəccüblənirlər. Onlar elə hesab edirlər ki, bu dərsliklər ali məktəb üçündür. Bizə sual verirlər ki, bu dərsliklərdə bütün məlumatlar, biliklər öz əksini tapıb, bəs ali məktəbdə uşaqlar nəyi öyrənəcəklər? Təsəvvür edin ki, şagirdlər orta məktəblərdə bu qədər yüklənir”.
K.Əsədov bildirir ki, dərsliklər yazılarkən uşaqların yaşı, qavrama qabiliyyəti, fiziki və psixi inkişafı nəzərə alınmalıdır. Həmsöhbətimiz deyir ki, dərslik müəlliflərinin çoxu orta məktəblərdə işləmirlər. Onun sözlərinə görə, təhsilin məzmun standartlarında proqrama hansı mövzunun salınması var. Amma necə salınması öz əksini tapmayıb: “Elə məsələnin problem tərəfi də budur ki, müəllim həmin standartı dərslikdə reallaşdırdıqda problem yaşayır”.
Təhsil üzrə ekspert Nadir İsrafilov isə deyir ki, repetitorluğa tələbatın kəskin artmasının səbəbi dərsliklərin qəlizləşdirilməsindədir: “Əvvəllər ali təhsilli valideyn övladının ev tapşırıqlarının həllində ona köməklik edə, dərsi izah edə bilirdi. Amma indi ali təhsilli valideynlər də dərsliklərdə yazılanlardan baş aça bilmirlər. Dərsliklərə məntiq salınıb. Halbuki hər kəsin öz məntiqi ola bilər. Məntiqin proqrama salınması təhsilimizi iflic vəziyyətə salıb”.
Ekspertin fikrincə, Azərbaycanda repetitorluq fəaliyyəti testin tətbiqindən sonra çiçəklənib: “Əvvəl repetitorluq 10-11-ci siniflərdən başlayırdı. İndi valideynlər məktəbəhazırlıqdan repetitora müraciət edirlər. Repetitorluq şagirdləri məktəb mühitindən də uzaqlaşdırıb. Buna görə məktəblərdə dərsə davamiyyət çox aşağıdır. Artıq şagirdlər ixtisas qruplarına uyğun fənləri oxuyurlar. Bu isə şəxsiyyətyönümlü təhsillə ziddiyyət təşkil edir, məktəbin əhəmiyyətini azaldır”.
N.İsrafilov vurğuladı ki, hazırda şagirdlər məktəb dərsliyi əsasında yox, Dövlət İmtahan Mərkəzinin (DİM) hazırladığı test vəsaitləri əsasında hazırlıq keçirlər.
Ekspertin sözlərinə görə, buna görə qəbul qaydalarının strukturu dəyişdirilməlidir: “Heç bir valideyn artıq pulu olduğu üçün övladını repetitor hazırlığına göndərmir. Bunu reallıq tələb edir. Bizim leksikonumuza “bunker repetitor” sözü daxil olub. Valideynlər övladlarının ali məktəbə qəbulda yaxşı nəticə göstərməsi üçün “bunker müəllimlərə” müraciət edirlər. Bu müəllimlər test suallarını hazırlayan müəllimlərdir. Onların vasitəsilə abituriyentlər ən yüksək bal toplayırlar”.
N.İsrafilov bildirdi ki, dərsliklərin yazılmasında ciddi problemlər var. Bu səbəbdən də uşaqlar aşağı siniflərdən hazırlıq kurslarına müraciət edirlər: “Dərslikləri professorlar yazırlar. Onlar dərsliyi yazanda şagirdlərin yaş xüsusiyyətini, qavrama imkanlarını nəzərə almırlar. Sanki, ali məktəb tələbəsinə dərslik yazırlar. Onların yazdıqları dərsliklərdəki mövzuları uşaqlar qavramağa çətinlik çəkirlər. Çünki dərsliklər akademik dildə yazılır. Dərslik anlaşılan şəkildə yazılmalı, şagirdlərin psixologiyası, yaş həddi, fiziki və zehni inkişafı nəzərə alınmalıdır. Bu gün elə dərsliyimiz var ki, onu mühəndis yazıb. Riyaziyyat dərsliyi ilə bağlı belə hallar var. Dərsliklər mütləq tətbiq olunmazdan öncə sınaqdan keçirilməlidir. Ehtiyat dərsliklər olmalıdır. Hansı müəllifin dərsliyinin tətbiqində problemlər yaranırsa, ehtiyat dərsliklərdən istifadə olunmaldır. Əks halda, hazırlıq kurslarının sayı məktəblərin sayını üstələyəcək. Məktəblər isə yalnız attestat verən müəssisəyə çevriləcək”.
Zülfiyyə Quluyeva