rovsane bektasi

Rövşanə Bektaşi: “İş yerimdə gəlib mənə “səni sevirəm” desələr…“ – MÜSAHİBƏ

Baxış sayı: 1. 306

Ekranın simasına çevrilmiş tanınmışlar, sənətçilər, televiziya jurnalistləri arasında zəngin mütaliəli, dünyagörüşlü, ədəbiyyatı, incəsənəti, tarixi dərindən bilənlər təəssüf ki, çox azdır. Olanlar da adətən, gözdən uzaqdırlar.

Amma onların arasında biri var ki, 20 ildən artıq televiziya ekranlarında olmasına rəğmən, bütün dövrlərdə adından söz etdirməyi, apardığı bütün verilişlərə qarşı maraq oyatmağı bacarıb. Müsahibləriylə zəngin, çox istiqamətli, bəzən sərt, bəzən əyləncəli, bəzən düşündürücü söhbətləriylə cəmiyyətin böyük qisminin sevgisini, diqqətini qazanıb. O, həm də uzun illər müxtəlif universitetlərin Filologiya fakültəsində gənclərə ədəbiyyatımızı öyrədib.

Söhbət tanınmış telejurnalist, filologiya üzrə fəlsəfə doktoru, hazırda “ARB”  televiziyasının əməkdaşı olan Rövşanə Ağasəfqızından gedir. Hər zaman verilişlərində müsahibindən verdiyi suallara səmimi cavablar gözləyən Rövşanə xanım özü də suallarımıza səmimi və maraqlı cavablar verdi. Mövzumuz isə təkcə televiziya və ədəbiyyat deyildi.

 

 

“Mənim üçün bəzək səmimiyyətdir, ədalətdir, mərhəmətdir, dürüstlükdür”

 

– Rövşanə xanım, “necəsən” sualına “yaxşıyam” demək adətimiz olub. Bu sualı kimdən eşidəndə həmişə səmimi cavab verirsiniz?

– Əslində, biz “necəsən” sualına “yaxşıyam” cavabını verməklə qarşı tərəfin əhval-ruhiyyəsini yüksəltmək istəyirik. Heç kim özünün ruh halını və ya əhvalının pis olmasını başqasına yansıtmaq istəmir və bu, xoş məramdan irəli gəlir. Xoş məramdan irəli gəldiyi üçün də insanlar çalışırlar ki, bir-birinə “pisəm” deməsinlər. Təbii ki, mənim də bir ruh halım var. Problemlərim, sorunlarım ola bilər və mən yalnız ən doğma adamıma “pisəm” deyə bilərəm.

 

– Dünyanın bəzəyi insandır deyirsiniz. Bəs insanın bəzəyi nədir?

– Hər kəsin bir kredosu var. Biri üçün ədalət, digəri üçün səmimiyyət, başqası üçün mərhəmət və sair. Hər bir insanın seçdiyi kredo zamanla yaşam tərzinə çevrildikcə onun bəzəyi olur. Mənə elə gəlir ki, insanın bəzəyi həm də onun ruhu, içidir. İnsan bir az içinə, ruhuna oxşayır. İçin nədirsə, bəzəyin də odur, məncə. İnsanlar üçün ümumi bəzək anlayışı yoxdur. Fərdidir bu. Mənim üçün bəzək səmimiyyətdir, ədalətdir, mərhəmətdir, dürüstlükdür. Kimin üçünsə fərqli ola bilər.

 

“Mən telejurnalistikada özümü tapmış adamam”

– Bakı Dövlət Universitetində Filologiya üzrə təhsil alıb, telejurnalist kimi çalışmısınız. Bunun səbəbi nə idi?

– Təhsil almaq nominal məsələdir. İnsan özünü harda tapır, harda kəşf edə bilirsə, o peşə ilə məşğul olur. Adətən, belə olur yəni. Məsələn, dramaturq İlyas Əfəndiyev Pedaqoji universitetin coğrafiya fakültəsini bitirmişdi. Amma 60-80-ci illər Azərbaycan teatr səhnəsində onun qədər sevilən, onun qədər əsərləri səhnələşdirilən az adam oldu. Teatr tariximizdə adı qızıl hərflərlə keçir. Və ya hansısa dövlətin rəhbəri tamam başqa ixtisas sahibi olur, amma gəlir özünü siyasətdə tapır. Mən telejurnalistikada özümü tapmış adamam. Sözümlə, fikirlərimlə, ekrandakı obrazımla özümü tapdım. Harda oxumağımdan asılı olmayaraq, mənim üçün elm öyrənmək, ali təhsil almaq sadəcə sabahkı TV jurnalistikasında mənə kömək etmək üçün idi. Bakı Dövlət Universitetinin məzunuyam və ilk kursdan televiziyada çalışmışam deyə, hərdən mənə elə gəlir ki, əsl ixtisası elə TV-də almışam.

 

– 20 ildən artıqdır bu sənətdəsiniz, fərqli kanallarda işləmisiniz. Bu 20 ilin ən maraqlı dövrü hansı olub?

– 23 ildir televiziyadayam. Müxtəlif kanallarda uzun müddət işləmişəm. İş yerini dəyişməyi sevmirəm. Hər biri doğma məkana çevrilib mənim üçün. Bu illərlə bağlı o qədər acılı-şirinli xatirələrim var ki.

Dövlət televiziyası ilk iş yerim idi deyə hər şeyə təəccüblə yanaşırdım. Sanki sehirli bir aləmə düşmüşdüm. O vaxtkı sədr hər kəsi bəyənməzdi. Efirə çıxmaq üçün hündürboy – filan olmaq lazım idi.

Sonra 20 il əvvəl çalışdığım kanalda 12 ilə yaxın “Sabah” proqramını aparmışam. Yadımdadır ki, cavan qız idim, təzə gəlmişdim. Arzular, xəyallar nə qədər… Bir ay efirə çıxdım. Bir gün proqramın rəhbəri Nərgiz Cəlilova dedi ki, sabahdan sən efirə çıxma, bəs, filankəs çıxacaq. Təsəvvür edin necə həyəcan keçirdim. Həm də pərt olurdum axı. Heç bir səbəb olmadan efirə çıxmağım istənilmir. Axır ki, o filankəs bir gün efirə çıxdı. Yusif Sərracın taxta çıxması kimi oldu. Gördülər verilişi apara bilmədi, yenidən məni qaytardılar. Və düz 11 il “Sabah” proqramının aparıcısı oldum. Hamı getdi, işdən uzaqlaşdırılanlar oldu. Amma mən və ən doğma rəfiqəm Afaq Vasifqızı sona qədər qaldıq.

Sonra televiziya həyatıma davam… Və bu günə qədər efirsiz qaldığım günüm, demək olar ki, olmadı. ANS-də çalışdım. Bu gün isə ARB kanalında doğma insanlar, uzun illər birlikdə çalışdığım dostlarlayam.

 

“Efirdə bir az daha sərtəm”

 

– Sizinçün peşənizin ən çətin tərəfi nədir?

– Peşəmi o qədər sevirəm ki, mənə elə gəlir, bütün çətinlikləri dəf edirəm. Amma yenə də çətin tərəfindən danışsam, müsahiblər məsələsini misal göstərə bilərəm. Hərəni öz dilində danışdırmaq lazımdır. Məsələn, baxırsan sənəti var, di gəl, iki kəlmə danışa bilmir. Heç dünyadan xəbəri də yoxdur, cümlə qura bilmir. Onda efirdə zülm çəkirəm. Və ya eləsi gəlir, deyir ki, titullarımı say. Ortada sənət yoxdur, səkkiz səhifəlik titul gətirib ki, deyim. Mən də demirəm, inciyir. Sözün düzünü müsahibə deyirsən küsür, üz-göz olur. Yəni insan faktoru var və insanla işləməyin öz çətinliyi var. Mən də sözü bir az üzə deyənəm axı…

 

– Tanınmış və işgüzar xanım olmaq sizdən nələri alıb?

– Əsas bu peşənin mənə qazandırdıqlarından danışa bilərəm. Gözəl dostlar, hörmət qazanmışam, hər yerdə özümə qarşı sayğı görmüşəm. Tamaşaçı küçədə mənə yaxınlaşıb deyəndə ki, “filan sözü nə gözəl dedin, lap ürəyimdən tikan çıxdı” və ya “bu problemi nə gözəl işıqlandırdın” – o zaman demək ki, qazancım daha çoxdur. Bir az ictimai yük, bir az sosial yük, bir az məşhurluğun yükü və məsuliyyəti bəzən özümüz olmağa imkan vermir. Hesab edirəm ki, məşhurluq məndən özümü alıb. Bəlkə daha başqa olmaq olardı. Məni tanıyanlar deyir ki, siz həyatda fərqlisiniz, efirdə fərqli. Həqiqətən də efirdə bir az başqayam, daha sərtəm. Məndən alınan mənim özümdür. Bu situasiyada adam bütövlükdə özü ola bilmir. Hərdən məcbursan peşənin çərçivəsinə düşəsən, bir az peşənin pəncərəsindən boylanasan.

 

“… ötən əsrin 60-cı illər ədəbiyyatını Anarsız təsəvvür edə bilmirəm”

– Özünüz də universitetdə dərs demisiniz. Öz müəllimlərinizlə müqayisədə necə müəllimdiniz?

– Uzun müddət – 15 ilə yaxın bir neçə universitetdə dərs demişəm, indi demirəm. Zaman çatmadı və məvacib qane etmədi. Müəllimlərimdən fərqim odur ki, onlar mənim müəllimimdirlər, mən onlardan öyrənmişəm. Amma müəllim kimi çox tələbkar idim, mütaliəyə ciddi önəm verirdim. Tələbələrim indi də məni görəndə deyirlər ki, bizə Bulqakovu, Markesi, Kafkanı siz oxutdurdunuz.

 

– Bəs tələbələriniz tələbə Rövşanəylə müqayisədə necədirlər?

– Bu gün televiziyada, saytlarda işləyən məşhur tələbələrim var. Mənə elə gəlir ki, bu gün müəllim fərqindən daha çox bizim vaxtımızdakı tələbələrlə indikilər arasında fərq var. Biz tələbkar idik. Müəllim əlli ilin saralmış vərəqlərindən mühazirə deyəndə heç qulaq asmaq istəmirdik. Savadlı müəllimi sevirdik, hörmət edirdik.

 

– Dissertasiya mövzunuz Xalq yazıçısı Anardandır. Özünüz seçmişdiniz bu mövzunu?

– Əslində, öz seçimim deyildi, amma işlədikcə mövzu çox xoşuma gəldi. Anarın dramaturgiyası az işlənmişdi. Mən bunun üzərində işlədikcə maraqlı nüanslar aşkar etdim. Gənc yazarların Anara münasibəti həmişə diqqətimdə olub. Haqq qazandırdığım məqamlar da var, qəbul etmədiyim yanaşmalar da. Bu barədə uzun danışmaq istəmirəm. Amma bütövlükdə ötən əsrin 60-cı illər ədəbiyyatını Anarsız təsəvvür edə bilmirəm.

 

“Tanımaza-bilməzə sevgi etirafı edənləri ciddiyə almıram”

 

– Sevgiylə ilk nə vaxt tanış olmusunuz?

– Körpəlikdən, ata-ana sevgisini duyandan. Hər yaşın öz sevgisi var. Bəlli bir yaşdan sonra fərqli sevgilər yaşanır. Mən sevgi içində böyümüşəm. İçim, ruhum hər zaman sevgi doludur.

 

 

– Yəqin ki, indi də sevənləriniz çoxdur. Sevgi etirafıyla bağlı hansı maraqlı əhvalatlar gəlib başınıza?

– İstər virtual, istər canlı sevgi etirafları həmişə olub. Tanımaza-bilməzə sevgi etirafı edənləri ciddiyə almıram. Bu, olsa-olsa fanat sevgisi, efirdən yaraşıqlı bir qadına simpatiya ola bilər deyə düşünürəm. Sosial şəbəkədə bir şəkil paylaşım, dərhal virtual aləmdə “sizi sevirəm”, “vurulmuşam” məzmunlu mesajlar gələcək. Amma içi tərpədəcək, səni səndən alacaq sevgi deyil ki.

Fərqli sevgi etirafı da olub. Səhvən telefonuma düşən biri səsimə vurulub və aşiq olduğunu etiraf edib tanımadan, bilmədən. Təsəvvür edin, adam bilsəydi ki, efirdə səsimin zil yerinə salıb hayla-küylə danışan adamam, vurulduğu səs sahibinin mən olduğuma inana bilməzdi. Yəqin telefona ruhumun duyğusal anında cavab vermişəm (gülür).

 

“Eyni peşə sahibləri biri-birini daha yaxşı anlayar”

 

 – Bəs həmkarlarınızdan sevgi etirafları aldıqlarınız olubmu?

– Həmkarlarımdan sevgi etirafı televiziyaya təzə gəldiyim vaxtlarda çox olub. Çoxdan, amma indi yox. Xarakterimi bilirlər axı. İş yerimdə gəlib mənə “səni sevirəm” desələr, belə birtəhər baxaram e (gülürük).

 

– Sizcə, ümumiyyətlə, cütlüklərin eyni peşə sahibi olmaları avantajdır, yoxsa əksinə?

– Məncə, eyni peşə sahibləri biri-birini daha yaxşı anlayar. Düşünürəm ki, bizim peşəmizdə belədir. Ən azı, axşam montajda qalanda, səhər çəkilişlərdə olanda anlayışla qarşılanar.

 

– Bu sənətdə dostluq varmı?

– Dostluğun sənətə aidiyyatı yoxdur, insan məsələsidir. Mən həmişə deyirəm, dostluğu bacarmağın özü bir istedaddır. Hardasa güzəştə getməyi, hardasa bağışlamağı, hardasa unutmağı bilməli və bacarmalısan. İdeal kim var ki?

 

– Qısqanclıqla, paxıllıqla çoxmu qarşılaşırsınız? Bu səbəbdən haqsızlığa uğradığınız olub?

– Nə qısqanclığa, nə paxıllığa əhəmiyyət verirəm. Önəmli deyil. Mən öz yolumu gedirəm, qaratikan kolları, alaq otları zamanla elə yerindəcə quruyurlar.

 

“… yaş artdıqca daha gənc tərzə önəm verirəm”

 

– Hazırda xanımların əsas problemlərindən biri gözəllik salonudur. Sizin gözəllik salonuyla aranız necədir?

– Gözəllik salonlarında keçən vaxt mənimçün itirilmiş vaxtdır. Bəzən orda çox dadsız-duzsuz söhbətlər edirlər. Ay “Filankəsin əri kimdir, sponsoru kimdir?”, nə bilim, “Filankəslə filankəsin nə münasibəti var?” və sair. Bu söhbətlər bezdiricidir. Amma nə edək, salona getməmək də olmur.

 

– Bəs estetik əməliyyata necə baxırsınız?

– Estetik əməliyyata ehtiyac varsa, etsinlər. Amma təəssüf ki, fərdilik itib, eyni sifətlər artıb. Qadınlar elə bilir burun balaca, dodaq şişmə olanda dərhal onlara aşiq olacaqlar və ya 70 yaşındakı kişi şəvə kimi qapqara saçla 25 yaşındakı kimi görünəcək. Qətiyyən. Pis görünürlər. Fərqlilik maraqlı edir adamı. Daxilin boşdursa, vedrə kimi danqıldayırsansa, istəyirsən üzünə yarım kiloqram gel vur, ya da yarım metr kirpik tax, bir saatdan sonra çox yorucu olacaqsan.

 

– Modanı izləyirsiniz? Geyimlərinizi özünüz seçirsiniz?

– Geyim insanın xarakterinin vizit kartıdır. Modanı izləməyə çalışıram. Amma elə şey dəbdə ola bilər ki, mən o geyimdə gülünc görünə bilərəm. Hara nəyi geyinəcəyim önəmlidir. Sizə bir şey deyim, yaş artdıqca daha gənc tərzə önəm verirəm. Hərdən qızımın geyimlərini geyinmək istəyirəm (gülür).

 

“Fəxrlə deyirəm ki, atam Qarabağ döyüşçüsü olub”

"Mənə dedi ki, sabahdan efirə çıxma..." - <b style="color:red">Rövşanə Ağasəfqızı ilə müsahibə </b>

– Rövşanə xanım, bir az da ailənizdən danışaq. Bilirik ki, adını soyad olaraq götürdüyünüz Ağasəf müəllim vaxtilə Qarabağda döyüşüb. O illəri, ümumiyyətlə, uşaqlığınızı necə xatırlayırsınız?

– Özümü dərk edəndən atamı savaşda görmüşəm. Uşaqlığım müharibənin ən qaynar vaxtına düşüb. Atam həftələrlə cəbhə bölgəsində olurdu, polk komandiri idi. Yadımdadır, Ağdərə döyüşü idi, deyəsən, o vaxt da telefon yox, əlaqə saxlamaq mümkün deyildi, günlərlə atamgildən səs-səmir gəlmədi. Dedik ya əsir düşüblər, ya da həlak olublar. Təsəvvür edin, on gündən çox xəbər ala bilmədik. Dəhşətdir, doğman döyüşdədir, amma sənin nə ölüsündən xəbərin var, nə də dirisindən. İnanın, o acı hələ də içimi titrədir. Elə bildim uşaq yaşımda saçlarım ağardı.

Atam Şuşa itiriləndə dəhşətə gəlmişdi. Deyirdi, Şuşa elə bir yerdir ki, oranı almaq mümkün deyil. Heyf, mən oraları görə bilmədim. Atam rəhmətə gedəndə adını soyad olaraq götürdüm. Sağlığında bunu çox istəmişdi, arzusu idi. Hələ də özümü bağışlaya bilmirəm ki, sağ olanda bunu etmədim.

Bu gün fəxrlə deyirəm ki, atam Qarabağ döyüşçüsü olub, ən qaynar nöqtələrdə savaşıb, Qarabağ müharibəsi veteranıdır.

 

– Allah saxlasın, qızınız böyüyür. Özünüzü gənc qız anası olmağa hazır hiss edirsinizmi?

– Bəli, qızım böyüyür. Bu gün-sabah orta məktəbi bitirəcək. Gənc qız anasından daha çox ağıllı-kamallı qız anası olmaq vacibdir. Qızım mənim həyat işığımdır. Onun xoşbəxt olması üçün əlimdən gələn hər şeyi edirəm.

 

– Özünüzlə bağlı ən çox eşitdiyiniz irad nələr olub? Necə münasibət göstərirsiniz iradlara?

– “Qonaqların sözünü kəsir…” Ən çox eşitdiyim irad budur. Bütün tənqidlərə və iradlara olduqca açıq biriyəm, çox nadir halda cavab verirəm. Sözümü efirdə dedim, bitdi. Baxın, illərdir gündəmdə olan aparıcıyam. Bu illər ərzində bir kimsə ilə şəxsi müstəvidə problem yaşamamışam. Çünki bölüşəcək bir şeyim yoxdur.

 

– Həyata keçirmək istədiyiniz, amma hələ ki gerçəkləşdirə bilmədiyiniz layihəniz varmı?

– Bundan sonrakı arzularım daha çox övladımla bağlıdır. Ona yaxşı təhsil vermək istəyirəm. Təhsil çox vacibdir. Mən bir çox sosial layihələrdə işləmişəm. Çox insanların problemləriylə qarşılaşmışam və təhsilsizliyin necə ciddi bəla olduğunu görmüşəm. Çox problemlərin kökündə təhsilsizlik və cahillik dayanır.

 

Şahanə MÜŞFİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir