rovsane bektasi

Rövşanə Bektaşi: “…qonaqlarımı bir qədər qıcıqlandırıb, fərqli istiqamətləndirə bilirəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 599

Onu milli efirin danışmağı sevən, verilişlərdə təzyiqi daim yüksək saxlayan və qalmaqal yaradıcısı kimi tanıyırlar. Müasir televiziya üçün ideal bir aparıcı nümunəsidir əslində. Amma bununla belə, ətrafından da qalmaqallar əskik olmur.  Ya özünün qonağı ilə hansısa məsələ üstündə mübahisəsi düşür, ya verilişdəki qonaqları bir-birilə dalaşır. Bir sözlə, qalmaqal var, reytinq var, populyarlıq da var. Bəs özü məmnundurmu? Özündən, efirdəki halından və ümumən milli efirdən…

ARB TV-nin aparıcısı Rövşanə Bektaşi ilə hər şeydən danışdıq. Efirdən başladıq, reytinqlərə, uşaq tərbiyəsinə,  ahılıq xəyallarına qədər gedib çıxdıq.

– Bizim bir araya gəlməyimiz çox çətin alıdı. Uzun-uzadı yazışmalar, vədələşib də təxirə salmalar, araya girən səfərlər, xəstəliklər, çəkilişlər, montajlar… Hətta bir ara düşündüm ki, deyəsən televiziya jurnalistlərindəki “ulduz xəstəliyi” sizdən də yan keçməyib. Əks halda iki həmkarın görüşməsi bu qədər çətin olmamalı idi.

– Yox, Allah eləməsin, elə düşünməyin. Sırf təsadüf nəticəsində belə alındı. Məndə qətiyyən “ulduz xəstəliyi” yoxdur. Məni şəxsən tanıyan insanlar efir obrazı ilə şəxsi həyatdakı obrazım arasında böyük fərq olduğunu görür və bunu deyirlər. Efir də bir səhnədir. Orda istədiyimiz kimi rahat, səmimi olmamız mümkün deyil. Amma həyatda məni görənlər tamam fərqli bir Rövşanə kəşf edirlər. Jurnalist dostlarım çoxdur. Onlar bilirlər ki, mən qətiyyən “ulduz xəstəliyinə” tutulan biri deyiləm. Olduqca sadə, rahat biriyəm. Amma sizinlə planlaşdırdığımız müsahibə nəsə təxirə salındı. Mənim xaricə səfərim, xəstəliyim, qızımla bağlı qayğılar, üst-üstə çəkilişlər. O qədər sıx qrafikim yoxdur. Sadəcə mən qızıma çox vaxt ayıran anayam. Günün ən azı 3-4 saatını onunla keçirirəm.

– Necə çatdırırsız?

– Zülümlə. Səhər işə gedirəm. Efirə hazırlaşıram. Qonağım haqda məlumat toplayıram, kor-koranə efirə çıxmağım mümkün deyil. Özüm bir-iki saat internetin qarşısında əyləşirəm. Qızım dərslərini qurtarandan sonra isə onunla maraqlanıram. Hətta razıyam ki, gec  yatsın, amma mənə dərsləri, məktəb həyatı haqqında məlumat versin, söhbət edək. Ola bilər ki, uşaqdır, ona gülməli gələn əhvalatlar olur və bunu mütləq danışır, mən də qulaq asmalıyam.

– Nəinki qulaq asmaq, sonda ona gülməliyik hətta. Təəccüblü deyilsə belə, təəccüblənməliyik.

– (Gülür) Bax, siz anasız deyə məni yaxşı anlayırsız. Mən də məcburam ona gülməli gələnə gülüm. Hətta ürəyimdə fikirləşirəm ki, “ay Allah, nə qədər mənasız bir məsələdir”, yenə də gülürəm. Qızımın 13 yaşı var, bacardığım qədər ünsiyyət, ünsiyyət, ünsiyyət… prinsipinə üstünlük verirəm.  Hətta çox əhəmiyyətsiz görünən detallar üzərində belə xüsusi dayanmağın tərəfindəyəm. Həyatımdan da, işimdən də vacib olan şey qızımın doğru yolda olmasıdır.

– Bu mövzuya yenidən qayıdarıq. Çünki analıq, uşaq tərbiyəsi… çox dərin mövzulardır. Amma mən sizinlə bağlı yaranan bir təəssüratı bölüşmək istəyirəm. Məsələn, redaksiyaya gəlib müsahibə verəcəyinizi deyən kimi, iş yoldaşlarımın ilk reaksiyası o oldu ki, “Rövşanə çox danışır, sənə də danışmağa imkan verməyəcək”. Böyük əksəriyyətdə sizinlə bağlı formalaşan fikir budur. Siz gerçəkdən çox danışmağı efiri idarə etmək üçün silah olaraq istifadə edənlərdənsiz, ya bu, vaz keçə bilmədiyiniz bir vərdişdir?

– Mən efirə çıxandan bununla bağlı o qədər suallar veriblər ki. Məclislərdə deyirlər ki, Rövşanə qonaqlarının sözünü kəsir, danışmağa imkan vermir. Bəlkə kənardan çox ifrat görünür mənim bu qədər danışmağım. İllər uzunu canlı efir aparmışam. Canı efirin qayda-qanunu var. Sən həm də moderatorsan. Bunun reklam fasiləsi də var, idarə etməlisən. Efir elə bir yerdir ki, hər kəs gəlib orda özünü ifadə etmək, ağıllı görünmək, diqtə etmək, cəmiyyətə pis və yaxşı formada təqdim etməyə, bəziləri də sırımağa çalışır. Təbii ki, aparıcı və jurnalist olaraq o moderatorluğu əlimdə saxlayıb, efiri idarə etməliyəm. Bir də görürsən, bir qonaq alır əlinə mikrofonu və elə bilir ki, burda budur, Bağdadda Kor Xəlifə. Efirə 6 qonaq dəvət etmişəmsə, həmin adam hamının əvəzinə danışmağa çalışır, necə deyərlər, həyatı izah edir. Bu isə bir aparıcı olaraq məndə qıcıq doğurur. Məcbur oluram, öncə yumşaq, sonra isə sərt şəkildə onun sözünü kəsim. Sizin işiniz asandır, qələm əlinizdədir. İstədiyiniz zaman müsahibin dediklərini ixtisar edirsiz, kəsirsiz…

– (gülərək) Bizim kəsməyimiz gizlin olur, hamıdan xəbərsiz…

– Bəli, siz gizli kəsirsiz. Amma mən indi burda 5 saat danışsam, təbii ki, siz onun hamısını verməyəcəksiz. Əlinizə “qayçı”nı alıb, kəsəcəksiz. Bizdə isə canlı efirdir, hamının gözü önündədir, istər-istəməz diqqəti daha çox çəkir.

– Təkcə bu deyil. Verilişləriniz bir çox hallarda qalmaqallarla müşayiət olunur. Baxmayaraq ki, efir siyasəti bunu çox vaxt aparıcının uğuru kimi qiymətləndirir. Mən bu gün internetdə sizin adınızla bağlı axtarış verəndə, daha çox qalmaqal, efirdə dava, “aparıcı qonaqla mübahisə etdi”… tipli xəbərlərlə qarşılaşıram.

– Gələn il televiziyaya gəlişimin 20 ili tamam olacaq. Mən AzTV-də başlamışam telejurnalistikaya. Biz efirə gələndə qalmaqal-filan yox idi. 24 saat xəbərlər buraxılışı və səhər efiri vardı. Mən səhər efirində aparıcı və müxbir olaraq həm çəkilişlərə gedirdim, həm də efirə çıxırdım. Sonra Space, ANS kanalında çalışdım. Zaman-zaman elə bir vəziyyət yarandı ki, tamaşaçılar sakit, ağıllı, duyğusal söhbətə qulaq asmadılar. Biz də zorən, məcburən bir balaca da olsa qıcıq doğuran, polemika yaradan söhbətlərə meyl etdik. Təəssüf. Mən əslində istəməzdim ki, belə olsun.

– Yəni, bu, sizin kəşfiniz idi? Düşündüz ki, həlim verilişə baxmırlar və mütləq davalı, qalmaqallı olsa baxılar…

– Efir məkanı təkcə mənim istəyim və mənim aparıcılığımla bağlı deyil. Çoxsaylı verilişlər, aparıcılar var və bir də reytinq var. Zamanla məndən asılı olmadan efir məkanı bu tipli verilişlərlə dolmağa başlad. Biz də onun bir parçasına çevrildik…

– Demirəm ki, efirə qalmaqalı, dava-dalaşı siz gətirdiz. Amma hər verilişin arxasında bir heyət dayanır. Demək ki, belə format, sizin yekdil fikriniz, qərarınız idi. İraq sizdən, azərbaycanlılar xoruz döyüşdürməsini, dava-dalaşı sevirlər. Burdan yola çıxıb… belə fotmat düşündüz?

– Bəli, xoruz döyüşdürməsi, buna tamaşa etmək bizim genetik kodumuzda var. Qalmaqalı da ilk mən kəşf etmədim. Şou proqramlar vardı, ordakı dava-dalaşlar da həmçinin. Reytinq məsələsi gündəmə gəldi. Bu, mənim qəbul etmədiyim məsələdir. Çünki bu, birbaşa şüura təsir edən bir şeydir. Biz tamaşaçıya nə veririksə, həzm edəcək. Amma biz o reytinqin arxasınca zorən, məcburən, tələblə də olsa getmək zorundayıq. Təsəvvür edin, yolda abır-həya ilə gedən qadına heç kim baxmır. Amma iki qadın saç-saça dalaşmağa başlasalar, hamı dönüb ona baxacaq. Efirdə də əgər sən səviyyəli, akademik bir ədəbiyyat söhbəti edirsənsə, reytinqlər çox aşağı gəlir. Amma iki nəfər efirdə bir-birinə söz atıb, dalaşırsa, reytinqlər kəllə-çarxa qalxır.

– O zaman tamaşaçının arxasınca getməyə məcbursuz. Baxmayaraq ki, eyni durum bizim üçün də keçərlidir –  oxucunun arxasınca getmək.

– Mən saytlara baxıram. Daha çox diqqət cəlb etmək üçün edilən cəhdləri də görürəm. O gün bir başlıq oxudum, yazır ki, “ərindən boşanan müğənninin filan-filan hərəkətləri…” Halbuki müğənninin sadəcə adını yazıb, yaradıcılığı ilə bağlı nəsə xəbər versə, oxuyan olmayacaq.

Image result for rövşanə bektaşi

– O zaman tamaşaçı-oxucu daha çox günahkardır… nəticəsinə gəlirik.

– Xeyr, biz özümüz də günahkarıq.

– Məsələn, siz aparıcı olaraq nədə günahkarsız?

– Hesab edirəm ki tamaşaçını arxamızca aparmalıydıq…

– Onların arxasınca hara qədər gedəcəksiz? Onun istəklərinin hüdudları yoxdur…

– Təbii ki biz həm də bazara işləyirik …alıcı  bu proqramları alır hələ ki. Amma zamanla hər şey həll olunur. Bir zamanlar kliplər dəbdə idi, indi baxan yoxdu. Vaxtilə baxılan filmlər indi heç kim üçün maraqlı deyil. Zaman bunu ələyəcək. Tamaşaçı da bu qalmaqaldan, boş sensasiyadan doyacaq. Bir zamanlar yalançı şou verilişlər vardı ki, müğənnilər orda süni qalmaqallar yaradırdılar. İndi heç kim ona inanmır. Tamaşaçı o qədər “şok, şok, şok” sözünün arxasında boşluq gördü ki, artıq bu veriliş və süjetlər onu maraqlandırmır.

– Verilişin idarəsi sizin əlinizdədir. Hansı anda qərar verirsiz ki, artıq qalmaqal “yetişib”, türklər demiş, “tansiyon”u qaldırmaq vaxtıdır. Bunu öncədən planlaşdırmaq olur, ya qonaqların tövrü, danışığı da böyük rol oynayır?

– Müsahibin energetikasından da çox şey asılıdır. Əgər mənim müsahibimin enerjisi yoxdursa, sönükdürsə, bu, mənə də mütləq qaydada təsir edəcək. Elə bil ki, məni söndürürlər. Mən artıq süni şəkildə məcburam siz demiş, öz “tansiyon”umu qaldırım. Efir başlananda onun gedişatını müəyyənləşdirirəm. Harda kulminasiya, harda final olmalıdır, onu müəyyən edirəm. Efiri idarə etmək, tamaşaçını televizor başında saxlamaq vacibdir. Deyirsiz ki, tənqid edirlər. Mənə söyən də baxır, sevən də. Mən baxmadığım aparıcı haqda fikir söyləyə bilmərəm. Amma məni cümlə-cümlə əzbərləyirlərsə, deməli, baxırlar. Verilişin kulminasiya nöqtəsini isə onun 10-cu dəqiqəsində bilirəm. Veriliş yatmamalıdır. Kulminasiya nöqtəsinə gedən yolda istiqamətimi götürür, qonaqlarımı da bir qədər qıcıqlandırıb, fərqli istiqamətləndirə bilirəm.

– “Hər verilişdə qalmaqal olmalıdır” deyə qarşınıza kanal rəhbərlərindən, verilişin prodüserlərindən tələb qoyulurmu?

– Qətiyyən. Amma olanda da deyilir ki, bu gün bu verilişin reytinqi yüksək gəlib. Sadəcə reytinqli verilişlər sırasında olursan.

– Və bu, aparıcıya nə verir?

– Sizin yazınız çox oxunanda sizə nə verir?

– Biz ayrı-ayrı sistemlərdə çalışırıq. Sizin verilişlərin reytinqinə əsasən reklamlar cəlb olunur. Bu, avtomatik olaraq kanalın gəlirlərinə təsir edir və sair. Bu baxımdan soruşdum ki, yüksək reytinq yüksək gəlir olaraq sizə qayıdırmı?

– Televiziyanın gəlirinə təsir edir. Aparıcı isə maaşını alır. Sadəcə aparıcı da “yüksək reytinqli verilişin aparıcısı” olaraq tanınır.

– Amma telejurnalistlərin, xüsusən də veriliş aparıcısı olan jurnalistlərin çox yaxşı qazandığı, maddi gəlirlərinin yüksək olması barədə təsəvvür var…

– Deməzdim. Sadəcə mən uzun illər əməkhaqqı alan jurnalist olmuşam. Kimlərsə televiziyada nəyi necə qazanıblar, bunu deyə bilmərəm. Amma əməkhaqqının reytinqə görə verildiyi kanalda da çalışmışam. Mən çox sanballı rejissorlar, sənətçilərlə təkbətək verilişlər etmişəm. Amma bu cür insanları bir tok-şouya dəvət etmək olmur. Soruşurlar, qonaqlar kimdir-filan. Onlar gəlməyəndə biz məcbur oluruq onlardan daha aşağı təbəqədə olan sənətçiləri, insanları dəvət edək. O zaman da bu ziyalı təbəqəsi başlayır ki, efir pis gündədir, kimlər çıxır efirə… Siz gəlib çıxdınız bəyəm? Biz sizə tribuna vermədik ki? Anar, Afaq Məsud, Ramiz Rövşən… onlar gəlmirlər efirlərə. Deyirlər, efir nə gündədir. Ay ziyalı, efir pisdir? Gəl, sən çıxış elə. Bəlkə o 5 qalmaqalın içində sənin sözün 5 nəfərə təsir edəcək? Mənim də ehtiyacım var ki, səviyyəli-savadlı insanlarla danışım.

– Bəs siz özünüz efirə baxanda nə düşünürsüz?

– Tam səmimi deyim. Mən 3 ildir yerli telekanallara baxmıram. İnternet kimi alternativ var deyə, televiziyaya baxmaq ehtiyacım yoxdur. Daha çox mütaliəyə vaxt ayırıram. Amma tam xəbərim yoxdur deməzdim. Efirimiz həddən artıq qarışıqdır. Əvvəla, aparıcılarımız mütaliəli, məlumatlı olsunlar istəyirəm. Hətta ölkənin adını düzgün deyə bilməyənlər, sözün vurğusunu bilməyənlər aparıcılıq etməməlidir. Məlumatlı olmalıdır.

– Bu yaxınlarda verdiyiniz bir müsahibədə maraqlı fikrinizə rast gəldim: boşanan qadın ağıllı qadındır… Niyə? Mübahisə yaradacaq düşüncədir. Əslində evlənən, ailə quran, çoluq-cocuğa qarışan qadın daha ağıllı sayılmalı deyilmi?

– Milli mental dəyərlərə uyğun olaraq bizdə boşanma məsələsini həm ətraf, həm də ailə qınaqla qarşılayır və qadın hər zülmə dözməyə məhkum edilir. Yaşaya bilmirsə bir yerdə, xarakter uyğun gəlmirsə, ayrılmaq ən doğru addımdır. Qadın müti deyilsə, cəsarətlidirsə, artıq onun təfəkkürü, beyni inkişaf edib. Heç kim boşanmanı kefindən istəməz. Dədə-babadan elə eşitmişik ki, ər evindən meyitin çıxmalıdır? Nə deməkdir, hansı təfəkkürdür bu? Nə əsasla sən o zorluqlara dözməlisən? Yəqin müsahibələrimdə oxumusuz. Şəxsi həyatımla bağlı ümumiyyətlə danışmıram. Hər halda çalışıram addımlarıma maksimum çox diqqət edim. Çünki qız anasıyam. Suyu da üfürə-üfürə içirəm. Bütün qapı-pəncərələrimi özümə bağlamışam.

– Niyə? Boşanan qadının ikinci şansına inanmırsız?

– Xeyr, ikinci dəfə uğurlu ailə həyatı quran o qədər qadın var ki. Hər kəsin bir qisməti var. Hər kəs də  seçimini özü edir.

– Dünyanı çox gəzirsiz, səyahət edirsiz… Nələr kəşf edirsiz, dünyanı tanıdıqca hansı qənaətə gəlirsiz?

– Sərhədlər olmasın. Avropanı gəzəndə özünü o qədər azad hiss edirsən ki.

– Hər kəsin yaşının ahıl dönəmi ilə bağlı bir planı, arzusu var. Biri deyir, dünyanı gəzəcəm. Bir başqası kitab yazmaq üçün həmin yaşı gözləyir. Kəndə köçmək, təbiət arasında yaşamaq xəyalı quranlar da var. Bəs sizin yaşlılıq dönəmi üçün arzunuz, xəyalınız nədir?

– Əslində qocalıq barədə heç düşünmürəm. Ona çox var. Amma ahıl yaşımda nəvələrimə baxmaq arzum da var (gülür). Mənim bircə qızım var. Allah mənim qızıma üç-dörd övlad versin. Mən o ahıllıq dönəmimi nəvələrimlə, xaricdə səfərlərdə keçirim.

– Həyat şüarınızı əks etdirən üç kəlmə… desəm?

– İrəli, irəli, irəli…  (Musavat.com)

Image result for rövşanə bektaşi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir