Rusiyanın Ukraynada xüsusi əməliyyat icra etməsi ilə əlaqədar olaraq həmin ölkələrdən Azərbaycana qayıdan və ya gələn vətəndaşların sayı artır. Bu da kirayə mənzil bazarına təsirsiz ötüşmür. Hazırda kirayə mənzil bazarında aktivlik müşahidə edilir.
Bu barədə daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirir. Ekspert deyir ki, bu şəxslər xüsusən də şəhərdaxilində qısamüddətdə qalmaq üçün evlər axtarırlar:
“Kirayə mənzillərə tələbat artsa da, bu bazarda elə ciddi bahalaşma müşahidə olunmur. Təkliflərin sayının azalması ilə əlaqədar qiymətlərdə təxminən 10 faizədək artım müşahidə olunur” .
Lakin vəziyyət bu cür davam edərsə, qiymətlərdə artımın olacağı gözlənilir. Bu da təxminən iyul ayınadək müşahidə olunacaq.
Ekspert bildirir ki, təhsil almaq üçün Bakıya gələn tələbələrin rayonlara axın etməsi ilə əlaqədar yayda kirayə mənzil bazarında təkliflər artacaq.
E.Azadovun sözlərinə görə, hazırda Nərimanov, Nəsimi və Yasamal rayonlarında kirayə mənzil bazarında aktivlik müşahidə edilir.