Yuri Milner

Rusiyanın ən çoxbilmiş iş adamı özünü qənddən qoruyur

Baxış sayı: 1. 713

Onun adı  Rusiyanın iş adamlarının siyahısında 32-ci sıradadır. Dörd il ərzində varlanıb. Keçmişin fizika alimi  internet biznesi sahəsində ən şanslı investorlardan biri sayılır. Söhbət “Mail.ru Group”  və “DST Global”ın səhmdarlarından biri olan Yuri Milnerdən gedir.

Həyatı

Yuri Milner 1961-ci ilin 11 noyabrında Moskvada anadan olub. Atası Boris Zaxaroviç iqtisadçı-ekspert, anası Betti Milner isə sanitar epidemioloji laboratoriyada həkim işləyirmiş. Ailədə özündən başqa bir böyük bacısı olub. Milnerin xatirələrinə görə, bacısı onunla az maraqlanar, hətta dostlarının sırasına yaxın buraxmazmış.

1980-ci ildə Milner atasının seçimi ilə Moskva Dövlət Universitetinin fizika fakültəsinə qəbul olub. Orada nəzəri fizika ixtisasına yiyələnib. 1985-ci ildə universiteti bitirdikdən sonra bir müddət Fizika Elmləri Akademiyasında  işləyib. 1990-cı idə Amerikada “Wharton” biznes məktəbinə daxil olub. Özünün dediyinə əsasən, belə bir addım atmasına səbəb özünü fizika sahəsində görməməsi olub.

İş həyatı

Yuri Milner bir çox rus milyarderlər kimi, biznesinə kompüter satışı ilə start verib. 1992-1995-ci illərdə Dünya Bankında işləyib. Yeri gəlmişkən, bankda onun vəzifəsi Özəl Sektorun İnkişafı Departamentində Rusiyanın bank sektoru üzrə eksperti olub. 1995-ci ilin yazında iş adamı Mixail Xodorkovskinin biznes qrupuna  daxil olan “Alyans Menatep” şirkətinin baş direktoru təyin edilib. 1996-cı ildə “Menatep” bankının vitse-prezidenti olub. 1997-2000-ci ildə “New Trinity Investments” investisiya fondunun baş direktoru vəzifəsinə gətirilib. Bazarlarda fəaliyyət göstərdiyi müddətdə iş adamı internet şirkəti yaratmağı qərara alıb. 2000-ci ildə o “netBridge” şirkətini yaradıb. Bu arada şirkətə investisiya yatırmaq üçün “New Century Holding investisiya” şirkətinə müraciət edib. Şirkət 4,5 milyon dollar sərmayəyə razı olub. Sadəcə, şərt kimi Milnerin də özünün şəxsi vəsaitlərindən 750 min dollar yatırmasını irəli sürüb. Beləliklə, Yuri Milner Rusiyaya Amerika internet-mağaza modellərini gətirib. Məsələn, o, ebay-ın analoqu olaraq “Molotok.ru”-nu, “GeoCities”in analoqu kimi pulsuz veb hostinq saytı “Boom.ru”-nu, “Amazon.com”un analoqu kimi internet-mağaza “24×7”-ni yaradıb. 2001-ci ildə “netBridge”  “Mail.ru” nun səhmlərinin sahibi Port.ru ilə aktivlərini birləşdirməyə qərar verib. Yuri Milner “Mail.ru”nun baş direktoru kimi fəaliyyət göstərməyə başlayıb. 2011-ci ilin martında Əlişir Usmanovla birgə DST Global investisiya fondunu təsis edib. Zaman keçdikcə Y.Milner Rusiyanın internet biznesi sahəsində ən aktiv investor kimi ad qazanıb.

Kapitalı

Hazırda Y.Milnerin kapitalına “Alibaba”, “Xiaomi”, “JD.com” daxildir. O, eyni zamanda  “Mail.ru Group” və ”DST Global”ın səhmdarlarından biridir. Bundan başqa, iş adamı bəzi biznes sektorlarında Əlişir Usmanovun ortağıdır. Görünür, bu qədər sərvət ona yetmir. Belə ki, Milner Hindistanın internet taksi sifarişi şirkəti “Ola”ya 500 milyon dollar investisiya yatırmağa hazırlaşır.

Sərvəti

“Forbes” 2011-ci ildən Milnerin adını siyahıya daxil edib. Göstərilən tarixdə onun sərvətinin həcmi 1 milyard dollar olub. 2013-cü ildən Milnerin pulu çoxalmağa başlayıb. 2013-cü ildə onun varidatı 1,1 milyard dollar, 2014-cü ildə 1,8 milyard dollar, 2015-ci ildə 3,2 milyard dollara çatıb.

Şəxsi həyatı

Y.Milner Yulya Milnerlə evlidir. Onların  iki övladı var. Bu arada, keçmiş model olan Yulya Moskva modasının ikonası sayılır. Hazırda o, rəssamlıqla məşğul olur. Onun ən məşhur rəsm əsərlərindən biri qadının intim hissələrinin meyvələrlə birgə canlandırmasıdır.

İş adamının bahalı villası

Milyarder dünyada ən bahalı villasının sakini kimi tanınır. “Los Altos” adlandırılan malikanəsinin dəyəri 75 milyon dollardır. Villanın sahəsi 27 min kvadratmetrdir. Villada 5 yataq otağı, 9 vanna otağı var.

Milnerin şəxsi keyfiyyətləri

Milner səssiz işləyir və nadir hallarda bağladığı müqavilələri ictimailəşdirir. Məsələn, uzun müddət bazarda heç kəs onun “Sequoia Capital” fondunun ortaqlarından biri olduğunu bilməyib. Bundan əlavə, o, “WhatsApp”a investisiya yatırmaq məqsədilə səs-küysüz 3 il danışıqlar aparıb.

Gündə 4 saat yatır

İş adamı daha çox gecələr işləyir. Gün ərzində  4-5 saat yatır. Əsasən meyvə-tərəvəzlə qidalanır. Özünü  qənddən qoruyur. Dediyinə görə, əyləncəyə zamanı yoxdur. İzlədiyi ən son film “Sosial şəbəkə” olub. Bunu da işlə bağlı zərurətdən edib. Ay ərzində tez-tez San-Fransisko, Çin və Londona səfərə gedir. Onu da bildirək ki, milyarder xüsusi aviareyslə deyil, hava yolları şirkətlərinin təyyarələri ilə uçur. Daim qızını, həyat yoldaşını özü ilə aparır.

Leyla Əliyeva

publika.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir