sebnem tovuzlu

Şəbnəm Tovuzlu: Hacı mənim ərimdir, camaat bizdən nə istəyir, bilmirəm – MÜSAHİBƏ

Baxış sayı: 2. 006

“Gencaile.az” müğənni Şəbnəm Tovuzlunun müsahibəsini təqdim edir.

 

– Həmkarlarınızla tez-tez söz savaşına çıxırsınız. Öncə Nigar Camal, daha sonra Günay İbrahimli ilə aranız birdən-birə dəydi. İndi münasibətləriniz nə yerdədir?

– Mənim onlarla aram dəymədi. Saytları açıb gördüm ki, hər iki xanım mənim haqqımda xoşagəlməz şeylər danışıblar. Onlara cavab belə vermədim. Yersiz söhbətlər idi. Nigarla salam-kalamım yoxdur, amma Günayla məclislərdə üz-üzə gələndə görüşüb, salamlaşırıq.

Onların ifasına irad bildirməmişəm, tənqid etməmişəm. Bu da mənim mədəniyyətimdir.

– Günay İbrahimli söylədi ki, mən Şəbnəmin mahnılarını dinləmirəm.

– Yalan deyirlər. İfamı hər yerdə eşidirlər. Şəxsi avtomobillərində mahnılarımı dinləməsələr də, bütün musiqilərin içində mənim ifalarım da yer alır. İstər-istəməz oxuduğum mahnıları dinləyirlər. Deyirlər ki, izləmirik, dinləmirik, qulaq asmırıq. Bəs haradan bilirsiniz ki, “Xəstəyəm” mahnımın 34 milyon izləyicisi var?

– Şəbnəm kimə xəstədir?

– Şəbnəm ailəsinə, övladına, həyat yoldaşına və sənətinə xəstədir.

– Həyat yoldaşınız Hacıdan sizə böyük gül çələngi hədiyyə olundu. Çələngin üstündəki “Həyatım” yazısı var idi. Həyat yoldaşınız sizə “həyatım” deyə müraciət edir?

– Mənimlə həyat yoldaşımın arasında “həyatım” sözü çox da məşhur deyil. Birlikdə yaşadığımız 6 il müddətində bir-birimizə “Aşkım” deyə müraciət etmişik (gülür).

Aramızda dava olmuşdu. Səbəb geyimim idi. İğdırda verdiyim konsertdə şort bir balaca qısa idi, bu da Hacının heç xoşuna gəlmədi. Sevmədi, bəyənmədi libasımı. Mənə iradını bildirdi, ondan küsdüm. O da mənə bu gülləri göndərib.

Yəqin “həyatım” sözü içdən, daxildən gəlib ki, güllərin üstünü bu sözlə bəzəyib.

– Həyat yoldaşınız qısqancdır?

– Çox qısqancdır. Mənim kimi gözəl bir xanımı qısqanmasın?! (gülür) Səbəb var axı qısqanmağa…

– Bəs siz necə?

– Çox. Hətta geyindiyi köynəklərə belə qarışıram. Niyə bu köynəyi geyindin, axı sənə çox yaraşır … (gülür)

– Sosial şəbəkədə həyat yoldaşınızın qolunun, əlinin, biləyinin fotosunu paylaşırsınız. Amma üzünü göstərmirsiniz. Səbəb nədir?

– Bu onun özünə və gördüyü işinə hörmətdir. Özü istəmir gündəmə gəlsin. Mənim ətrafım, şou əhli onu yetərincə tanıyır. Hamının da onunla dostluğu var. Amma kütlənin onu tanımasına ehtiyac yoxdur. Məncə, heç tanımasalar yaxşıdır.

– Deyirlər ki, Hacı evlidir. Siz isə onun ikinci həyat yoldaşısınız. Elə buna görə onu hər kəsdən gizlədirsiniz.

– Xeyr, bu yalnış informasiyadır. O danışanlar mənim evimin içindədir? Yox. Bu barədə ancaq bir şeyi deyə bilərəm ki, ailəli olsaydı, bizim münasibətimiz 6 il sürməzdi. O, mənim ailəm, övladım Əlinin atasıdır. Kim nə söyləyirsə, söyləsin, bütün bu sözlər mənim üçün boş və mənasızdır. Danışdıqları onların şəxsi fikirləridir. Camaat bizdən nə istəyir, anlamıram.

– Niyə hamı sizin şəxsi həyatınızla maraqlanır ki?

– Ona görə ki, mən sevilən ifaçıyam. Eybi yox, qoy, maraqlansınlar.

– Hacıdan aldığınız ən bahalı və dəyərli hədiyyə nə olub?

– Oğlum Əli. O mənim üçün həyatda ən bahalı hədiyyədir.

– Sosial şəbəkədə niyə bəzi izləyicilər sizi “çuşka” və “qıjı” adlandırır?

– O sözü çıxarıb, ağzına alanlar elə özləri “çuşka” və “qıjı”dırlar. Mən heç “qıjı” sözünün mənasını belə bilmirəm. “Qıjı” nəyə və kimə deyilir? Götürək elə mənə “qıjı” deyən bəzi müğənniləri. Təvəzökarlıq kimi çıxmasın, onların məndən nəyi artıqdır? Bir xanım kimi, xanımlığı, gözəlliyi, geyim-kecimi, sənəti, sürdüyü avtomobili, yaşadığı evi, ailəsi artıqdır? Nəyi məndən üstündür?

İfamıza da bu sözləri deyirlər. O sözü deyənlər anlamalıdırlar ki, bununla onlar millətini, xalqını təhqir edirlər, məni yox. Hər birimizin əsli rayondandır. Bakıdakı əhalinin 80 faizi rayonludur. Niyə bəzi ağzıgöyçəklər, işə yaramayanlar rayonluları təhqir edirlər?

Bəli, mən elə rayon insanları üçün oxuyuram. Saflıq, təmizlik, insanlıq elə onlarda qalıb. Şəhərdə mən bunlara rast gəlmirəm.

Bizə “qıjı” və “bozbaş” deyənlər özləri elə o gündədirlər və o qəlbə sahibdirlər ki, bizi o cür görürlər. Mənim kimi sənətçinin uğurunu görəndə dəliyə dönürlər.

– Bəlkə, bu, oxuduğunuz mahnılardan irəli gəlir? Deyirlər ki, Şəbnəm bayağı müğənnidir. Bəlkə, mahnıların bayağıdır?

–  Mən bayağı ifaçı deyiləm. Muğam və xanəndəliyi bitirmişəm. Qəzənfər Abbasovun tələbəsi olmuşam. Esmiralda xanımdan vokal dərsləri almışam. Musiqinin və ifaçılığın dərsini keçib, sonra sənətə gəlmişəm. Sadəcə, oxuduğum musiqilərin “lad”ları eynidir.

– Sizə elə gəlmir ki, ətrafınızda olan bir çox insanlar sizinlə pulunuza və əlaqələrinizə görə yaxınlıq edir?

– Mənim heç pulum yoxdur. Pulum mənim boğazım, səsimdir, arxamdakı şəxsdir, yaxşı adımdır, sənətimdir. Bəli, sizinlə raziyam. Elə adamlar var ki, puluna görə səninlə yaxınlıq, dostluq edirlər. Pula görə salam-sağ ol edənlər çoxdur.

– Şou-biznesdə də bu cür insanlar var?

– Etiraf edirəm ki, mənim şou-biznesdə dostum yoxdur. 5-6 sənətçi var ki, onlarla aramızda xətir-hörmət var. Amma dərdimi bölüşdüyüm yaxın dostum yoxdur.

– Şou əhli arasında borc üçün sizə ağız açan olur?

– Yox, belə biri olmayıb.

– Taxdığınız “Gucci” kəməri orijinal idi?

– Saxta kəmər niyə taxım? O kəmər orijinal idi. Yəni o qədər zəif deyilik. Qarderobumda 100 manatlıq köynək də var, 50 manatlıq cins şalvar da. Kürklərimin hamısı marka və orijinaldır.

Amma özümə bahalı geyim alıb, çoxlu pul xərcləməyi qıymıram. Bir geyimi onsuz da bir dəfə, maksimum iki dəfə geyinərəm. Buna necə 2000-3000 manat pul verim?! Heyifdir. Bu özü elə israfçılıqdır da… Hazırda əynimə geyindiyim qara libasın qiyməti 400-500 manatdır.

– Amerika ilə Avropanı səhv salmağınız sizə baha başa gəldi. Qalmaqalların içinə düşdünüz. Hətta sizi savadsız adlandırdılar. 

– Mən alim deyiləm ki, hər şeyi yerli-yerində bilim. İfaçıyam, mənə sənətimdən sual versinlər. Verilişdə məni çək-çevirə salmışdılar. Onlara sərf edən sözü yazıb, sosial şəbəkədə paylaşmışdılar. Axı mən reytinqli sənətçiyəm…

– Niyə sizi sosial şəbəkələrdə bu qədər tənqid edirlər?

– Sosial şəbəkə çıxandan insanlar çox dəyişib. Əvvəllər sənətə, sənətkara hörmət var idi. Anlayışı olan sənətçilərə hörmət edənlər çoxdur. Biz sənətçiyik, bizim həyat hekayəmiz, ifalarımız, şəxsi həyatımız hamıya maraqlıdır. Bizi tənid və təhqir edirlər, amma həm də izləyib, baxırlar. Onlara bizim həyatımız, yaşam tərzimiz çox maraqlıdır. İfamızdan çox, şəxsi həyatımız onların maraq dairəsindədir.

– “Mən hələ ölməmişəm” mahnınızı Hacı dinləyib necə reaksiya verdi?

– İlk dəfə elə bu mahnını ona dinlətdirdim. Onun musiqi duyumu çox güclüdür və romantik insandır. İrad bildirdi. Dedi ki, mahnıda boşluq var. Bu iradı qəbul edib, yenidən mahnını lentə aldım. Buraxdığımız səhvlərin üstündə yenidən işləyib, daha keyfiyyətli məhsul eldə etdik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir