efsane rustemova

“Şəhid qızının gündəliyi” – “NATAMAM”

Baxış sayı: 1. 728

O gün bir dəftər gətirdilər mənə. Pasientimlə görüşmədən öncə bunu oxusam, problemi daha tez anlamağımda kömək edəcəyini dedi anası. Mən də heç vaxt itirmədən dəftəri vərəqləməyə başladım. 11 yaşlı pasientim 10 yaşından gündəlik tutmağa başlayıb. İlk səhifələrində yazılarında çeşidli rəngli qələmlərdən istifadə edən balaca qızcığaz hər yazısının sonunda ruh halını ifadə edəcək müxtəlif şəkillər də çəkib. Rəngli kəpənək, müxtəlif çiçəklər.. Yaşının verdiyi bütün gözəllikləri dəftərə baxanda görmək olur. Onu da görmək olur ki, sevgi dolu bir ailənin qızıdır. Gözüm cümlələrinə sataşır, valideyn sevgisini belə gözəl ifadə edən uşaq hansı ədəbiyyatları oxuyub deyə düşünürəm…

“ Ata, sən məni qucaqlayanda barmaqlarımın ucuna qədər sevinirəm.”

Nərgiz, 10 sentyabr 2020

Sonra dəftərdə bir qaranlıq başlayır. MÜHARİBƏ yazılıb bir səhifəyə ayrıca… Düşünməyə başlayıram, 10 yaşlı körpə üçün niyə belə təhlükəli görünsün ki müharibə?!

“Ata, televizorda müharibə haqqında danışan bacılar ağlayır. Sən necəsən?!”

Nərgiz, 23 oktyabr 2020

Növbəti səhifələrdə daha çiçəklər, əlvan başlıqlar yoxdur. Əlimdəki dəftərin soyuduğunu hiss edirəm get-gedə. Qəfil gözüm başın yerə əymiş bir çiçəyə sataşır, qara qəlmlə çəkilmiş.

“Mənimlə maraqlanmırsan daha! Dərslərimlə maraqlanmırsan! Ata, xətrinə dəyəcək nə isə etmişəm??? Nolar, bağışla məni və mənə zəng elə.”

30 oktyabr 2020

Nərgizin hərbiçi bir atanın qızı olduğunu öyrənəndə dəftəri oxumaqdan vaz keçdim öncə. Körpə qəlbin daşıdığı yükü görmək 40 yaşlı mənə ağır gəldi. Amma onunla söhbət edə bilmək üçün yazını tamamlamalıydım.

“Anam bu aralar yaman əsəbidir, amma mən onu hirsləndirəcək heç nə etməmişəm. Dərslərim yaxşıdı, nənəm isə ağlıyır. Heç nə anlamıram. Ata, sən yaxşısan? Konturun yoxdur bəlkə? Mənə verdiyin xərcliklərlə sənə kontur alım? Ya da bəlkə oralarda işıq yoxdur, anam deyir ki, sənə zəng çatmır.”

4 noyabr 2020

Çəkdiyi ağ-qara portretdən Nərgizin Şəhid polkovnik-leytenant Orxan Qayıbovun qızı olduğunu anlayıram (adlar şərtidir) Nərgiz rəsm dərnəyinin ən istedadlı tələbəsidir. Beynəlxalq yarışlarda sertifikatları var. Amma artıq çəkməkdən imtina edib…

Və nəhayət o yazıya gəlirəm.

Səhifədə qana boyanış bir qəlb var.

“Barmaq uclarımın da sevindiyini hiss edəndə məni rəsmə yönləndirən, qırmızının xoşbəxtlik rəngi olmadığını mənə öyrədən, mənim QƏHRƏMAN ATAM… Dünyada uşaqlar sülh içində yaşasın deyə öz qızının çiçəyini solduran, atam… Sənə olan duyğumu adlandıra bilmirəm. gülə bilmirəm, ağalaya bilmirəm, hirslənə bimirəm sənə. Evimizdə hərə bir söz danışır: Sən uşaqsan, qarışma! Sənə ŞƏHİD QIZISAN, sənə belə davranmaq yaraşmaz! – qərar verə bilmirəm, hansıyam mən?! İtirmişəm özümü, ata… Mən rəsmi də, məktəbi də dayandırıb otağımdan çıxmıram, yemək yemirəm. Onsuz evimizdə yemək də bişmir. Anamın yanaqları cırılıb, nənəm çox bədbəxt görünüb özünə ölüm arzulayır, mən də nənəmi təkrar edirəm. Bundan sonra yaxşı oxumayacam! Tərifnamə almayacam, ona görə mənə verdiyin xərcliklərlə boya da almaq istəmirəm artıq! Mən sənə küsmüşəm, ata. İndi digər uşaqların həm Azad Vətəni, həm də Atası var. Mən isə bütün azadlığımı səninlə itirdim! Üstümə qoyub getdiyin adın ağırlığı ilə daha mən nə azad ola bilərəm, nə atalı… Sən həmişə başqalarına görə yaşamısan. Keşkə biz də sənin üçün başqaları olardıq! Keşkə sən məni özünə öyrətməsəydin. Mən kürəyimdə sənin əlini hiss etməsəm, nə yaza, nə oxuya, nə çəkə bilərəm. Sən məndən küsmə buna görə, yaxşı?! Çünki onsuz da mən səndən küsmüşəm!”

Solan çiçəyin Nərgiz

8 noyabr 2020

Sonra uzun müddət yazı yazmayıb balaca qızcığaz. Boz bir səhifə açılıb ardından və qəribə bir təlaşla tələsik bir yazı yazılıb sonuncu dəfə.

“Ata, 11 yaşlı bir qız ana olub, ona təcavüz olunub. Onun da atası yox imiş. Mən qorxuram, ata! Gəl, barışaq!!! Qurban olum, məni bağışla və qoru…”

Qeyri-ixtiyari emosional reaksiya vermişəm, gözümün yaşının nə vaxt axdığından xəbərim belə olmayıb. Nərgizə dair edəcəklərimi düşünüb güclü olmağa çalışsam da, bu dəfə ixtisasım analığımı üstələyə bilmir. Özümü gücsüz hiss edirəm.

Belə…

Bəzən belə də olur. Kiçik bir qəlbin daşıdığı yük bizim düşündüyümüzdən daha çox olur. Azyaşlıdır deyə bəzən “adam yerinə qoymadığımız” bizə necə adam olmaq lazım olduğunu öyrədir. Nərgizin həyatında qırmızının mənasını dəyişməyin yükünü hamılıqla anlmadığımız müddətcə, o körpə qəlbin çiçəklərin rəngi geri qayıtmayacaq. Cəmiyyət həssaslığını artırmalıdır! Və təkcə öz övladına qarşı deyil…

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir