efsane rustemova

“Şəhid qonaqlığı” – “NATAMAM”

Baxış sayı: 1. 749

Sübh namazına az qalmış zəng gəldi. Bu ərəfədə belə vaxtsız zənglər onsuz da hamını narahat edirdi. Amma ekranda gördüyüm ad  tüklərimi biz-biz elədi.

“Necə ola bilər, Seymur (ad şərtidir) şəhid olub axı, həm də heç 20 gün deyil. İndi bu saatda kimdi mənə zəng edən?” Bu götür-qoydan sonra telefonu açdım.

-Salam

-salam, qızım. Seymurun atasıdır.

-Salam, salam. Buyur, Bəkir kişi, eşidirəm.

-Bağışla, qızım, bu saatda narahat edirəm. Sabah Seymura görə bir qonaqlıq verirəm. İstəyirəm onun sevdiyi hamı stol arxasında olsun. Bilirəm ki, son zamanlar bizdən daha çox sənlə söhbətləşirdi, ona görə də sən bizim baş qonağımız olmalısan.

-(Seymura görə qonaqlıq nə deməkdi axı?) Əlbəttə, Bəkir dayı, mütləq gələrəm. Yaxşı ki, xəbər verdin.

-Sağolsan, qızım. İndi dincəl bir az. 11də deyəcəm gəlib səni götürsünlər.

-(Mən özüm gələrəm deməmiş kişi “odboy” verdi.)

İndi bu hadisəni necə başa düşüm. Qonaqlıq nə deməkdir? Bu kişi bu saatda niyə belə bir zəng eləsin? Əlbəttə suallar çoxdur. Lakin bu suallar saat 11dən sonra cavab tapacaqdı.

Hardasa 10:55də ofisin qabağında bir maşın dayandı. Sanki mən də bunu gözləyirmiş kimi qapıya çıxıb sürücünün gözünə baxdım.

-Seymurgilə aparmağa gəlmişəm sizi.

-Əlbəttə, gedək.

-Buyurun (deyib qapını açdı.)

-(Seymura həm görüntü olaraq, həm davranış olaraq çox bənzəyir. Yəqin ya qardaşıdı, ya qohumu. Niyə heç danışmır? Ən azından zəngin mahiyyətin izah edə bilərdi, ya da “Qonaqlığı”.)

Qapıya çatdıq. O demədən özüm bildim düşməmiz gərəkdiyini, çünki biz Seymurla bura çox “səyahət etmişik”. Bütün otaqları, bütün evi və evdəkiləri yaxşı tanıyıram.

Qapıda rəngi qara, amma əhvalı pis olmayan bir kişi dayanıb. Bu kişi Seymurun atasına çox bənzəyir, amma ondan daha yaşlıdır. Bir az da yaxınlaşanda Seymurun qəhrəmanı olan Bəkiri tanıdım. İnsan 20 günə bu qədər qocala bilərmi?! İlahi…

Çoxdankı tanışlar kimi salamlaşdıq. Mən Bəkir kişini və hekayəsini də bilirdim. Ona görə ona qarşı ayrı bir doğmalıq hiss edirdim. Kişi də məni tanıyıb qabağa addımlayıb içəri dəvət etdi. Otaqlar balaca, amma otaq sayı çox. Tipik Sovetski evləri. Seymurun otağı yuxarı mərtəbədə sağdan ikinci. Dənizi görür bir ucu, balkondan da şəhər ayağının altında qalır. Özü belə deyirdi. Bu evdə Seymuru xoşbəxt edən çox şey var idi və indi onu daha çox anlayıram nə demək istəyirmiş. Bura əsil Yuva kimi qoxur. Hətta Seymursuzluq belə bu evin qoxusunu azaltmayıb. Düzü, əvvəlki qoxusun da bilmirəm axı.

Digərlərindən bir az böyük bir otağa keçdik, mən daxil 10 nəfər insan var idi. Hamı bir-birinə qəribə baxır. Hamı bu DƏVƏTİ anlamağa çalışırdı. Ortalıqda qəribə bir ab-hava var idi. Bəkir kişi gəlib otaqdakı boş stolda oturdu.

“Oğlum son bir ildə sizlərlə daha çox zaman keçirib. Sizə yalvarıram, hərəniz mənə onunla bağlı xatirələrinizi danışın. Mən Seymurun aramızdan ayrılmasını istəmirəm. Mən 20 gündü özümə yer tapmıram, bala. 20 gündü evimiz ev olmaqdan çıxıb. Düzdü, biz Seymurla hər gün görüşə bilmirdik onsuz da. Amma bilirdim ki, balam yaxşıdı. İndi isə bilmirəm. Bilmirəm ki, orda necədi vəziyyət. Mənim növbəmə girdi Seymur. Mənim sıramı əlimdən aldı. O çox böyük-kiçik yeri bilən idi. İndi isə niyə belə elədi, anlamıram.. Balalarım, mənə kömək edin, mənə Kömək edin Seymuru “görə bilim”.

Kişi danışdıqca hamını hönkürtü tutur, amma hamı da məcburi olaraq özünə ağlamağa icazə vermirdi. İlahi, bu necə dərddir, balasından bir xatirə eşitsin deyə QONAQLIQ təşkil edib.. Bir ata üçün bundan daha ağır təşkilatçılıq ola bilərmi?!

Kişi özün əla alsın deyə hamı sıra ilə Seymur haqda danışmağa başladı, hətta bərbərini belə çağırmışdı.

Seymuru tanıdığım kimimi danışırdılar, yoxsa daxili dünyasın heç kəsə açacaq qədər yaxına buraxmayıbmı-mənim də müşahidəm bu yöndə idi.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir