“Şəkər xəstəliyindən əziyyət çəkirəm. Qeydiyyatda olduğum poliklinikadan sonuncu dəfə yanvar ayında dərman verilib. Hər dəfə müraciət edəndə “yoxdur”, “hələ gəlməyib” kimi cavablar alıram. Bu günlərdə isə sorğuma poliklinikadan “daha dərman olmayacaq” cavabını verdilər”.
Redaksiyamıza müraciət edən Bakı şəhəri, Nizami rayon sakininin şikayəti son aylar bu mövzuda səslənən çoxsaylı narazılıqlardan biridir. Xəstələrin məlumatına görə, onlar şəhər və rayon poliklinikalarında insulin və digər pulsuz dərmanların verilməsində uzun fasilələrlə üzləşirlər. Növbələrdə “Dərmanlar yoxa sıxıb”, “qanda şəkəri ölçən cihazlar (qlükometrlər), test striplər və dərman preparatları apteklərə satılır və ya öz tanışlarına verirlər” kimi fikirlər də səslənir. Sosial platformalarda da problemlə bağlı bu tipli status və rəylər artmaqdadır.
Hövsan qəsəbəsində yaşayan xəstə bizimlə söhbətində “əvvəl 2 qutu insulin alırdım, indi 1 qutu verilir. Bir qutunu da öz təqaüdümlə alıram. Elə xəstələr var ki, onlara dərman ümumiyyətlə çatmır”, – deyə bildirdi.
Qeyd edək ki, ölkəmizdə şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təchizatı “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Qanun bu tip insanlara dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən etməklə yanaşı, xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan diabetli şəkər xəstələrinin sayı 385 179 nəfərdir ki, onlardan 1 044 nəfər insulindən asılı, 29 456 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.
Gərək bizə dərman verilsin ki…
Əlaqə saxladığımız şəhər və rayon poliklinikaları da problemin mövcud olduğunu etiraf etdilər.
Nizami rayon 18 saylı birləşmiş şəhər xəstəxanasında son bir ay ərzində dərman verilmədiyini bildirdilər: “Dərmanları TƏBİB verir. Amma son bir ayda dərman təminatı olmadığı üçün biz də xəstələrə verə bilmirik”, – deyə telefonu qaldıran xanım sualımıza konkret cavab verdi.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında əlaqə saxladığımız xanım da onlara dərmanların verilmədiyini söylədi: “Gərək TƏBİB bizə dərman versin ki, biz də xəstələrə verək. Son aylar dərmanlar nədənsə verilmir. Xəstələr də narazılıq edir”.
“Heç bir müraciət daxil olmayıb”
Maraqlıdır, diabet xəstələrinə dərmanların verilməsində uzun fasilələr nədən yaranıb? Dərmanların ölkəyə gətirilməsində hansı çətinliklər var? Xəstələrə verilən “Daha dərman olmayacaq” cavabı reallığı nə qədər əks etdirir?
Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrinə Nəzarət İdarəsinə (TƏBİB) ünvanladığımız suallara “Dərman preparatlarının satınalması proseduru keçirilib. Tibb müəssisələrinin təqdim etdiyi tələbnaməyə uyğun olaraq cari ay üzrə dərmanların paylanılmasına qısa müddətdə başlanılacaq. Hazırda istehlakçı şirkətlə müqavilə imzalanma mərhələsindədir”, – cavabını aldıq.
Maraqlıdır ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri hələ məsələdən xəbərsizdirlər. Millət vəkili Kamilə Əliyeva bildirib ki, problem barədə məlumatsızdır. “Şəxsən mənə bununla əlaqədar heç bir müraciət daxil olmayıb”, – deyə millət vəkili bildirib.
Millət vəkili Müşfiq Məmmədlinin köməkçisi “Mövzu ilə bağlı TƏBİB-lə əlaqə saxlamağınız daha məqsədə uyğundur”, – deyə bildirib.
“Bu o demək deyil ki, dərman yoxdur”
Azərbaycan Diabet Liqasının (ADL) sədri, Respublika Endokrinoloji Mərkəzinin həkimi Yeganə Sultanova dərmanların verilməsində fasilə olduğunu təsdiqləyir: “Ancaq bu o demək deyil ki, dərman yoxdur. Burada keçid məsələsi var. Əvvəllər tibb müəssisələrini dərmanla İcbari Tibbi Sığorta təmin edirdi. İndi bu təminat TƏBİB-ə keçib. Ola bilsin ki, sənədləşmə və s. məsələlərə görə fasilə yaranıb”.
Dərman preparatları normadan artıq gətirilməlidir
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli isə problemi dövlət satınalmaları üzrə özəl şirkətlərlə dövlət müəssisələri arasında yaşanan problemlərlə izah edir: “İstər şəkər dərmanları olsun, istərsə də müxtəlif tibbi avadanlıqların alınması ilə bağlı bütün tenderlərin qalibi özəl şirkətlər olur. Onların həmin tenderdə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmələri üçün müəyyən maliyyə yubantıları baş verir. Yəni dövlətin həmin vəsaiti qarşılamasında yubanmalar olur. Təchizat və təminat statistik məlumatlar əsasında, ölkədə nə qədər şəkər xəstəsi varsa, ona uyğun qurulmalıdır. Onların təminatını qurmaq üçün dərman preparatlarının ölkəyə gətirilməsi bir qədər də normadan artıq olmalıdır ki, həmin dövrdə xəstələri təmin etmək mümkün olsun”. Ekspertin sözlərinə görə, şəkər xəstələrinin sayı hər il artır: “Tutaq ki, statistik məlumata görə, bu gün şərti olaraq 10 min şəkər xəstəsi vardısa, ilin sonuna qədər bu rəqəm artır. Yeni qeydiyyatdan keçənlərin hesabına, məsələn, 11 min olur. 10 min xəstə üçün gətirilən dərmanı məcburdurlar ki, 11 min xəstəyə paylasınlar. Şəkər xəstəliyinin yaşı cavanlaşdığına görə, yeni növbəyə duran diabet xəstələrinin sayı ilə dünyasını dəyişmiş xəstələr arasında xeyli fərq var. Bu, planlaşdırma zamanı nəzərə alınmır”. İ.Hüseynli hesab edir ki, problemin yaranmasında alışı həyata keçirən şirkətə maliyyə ödənişlərinin gecikməsi, zavodların təchizatında problem, qiymətlərin şişirdilməsi, korrupsiya halları, manipulyasiyalarla bağlı faktorlar rol oynayır: “Regionlardan tutmuş mərkəzə qədər elə dəqiq koordinasiya qurulmalıdır ki, bütün qeydiyyata duran xəstələrin məlumatları açıq bazada olsun. Proqnoz və kommunikasiyalar düzgün aparılmalıdır”.
Təranə Məhərrəmova