Yayda Şüvəlana, qohumları Tubu xalanın bağına gedəndə də oradakı tut ağacına çıxıb mahnı oxuyardı. Elə ki, şux mahnılar səslənərdi, hamı sakitcə qulaq asardı. Amma elə ki, həvəslənib o illərin çox sevilən bir nəğməsini Ramiz Mirişlinin bəsdələdiyi “Mən dönmərəm”i oxumağa başlardı, Tubu xala dözməzddi:
– Qızım, elə oxuma… Ağlamağım gəlir…
O vaxt uşaq səsiylə “küsüb məndən, özgələrdən məni soruşanım mənim” oxuyanda Tubu xanımın halının dəyişməsini fərq edəcək yaşda deyildi, amma yenə də kefi pozulurdu ki, xala niyə ağlasın axı? Qadının halının nədən dəyişdiyini ona başa salan da yox idi… İllər sonra anlayacaqdı ki, Tubu xalanı ağladan mahnının sözləri yox, o balaca qızın böyük istedaddan xəbər verən səsindəki yanğı imiş.
Tanıdığımız, tanımadığımız xanəndə
Səkinə xanımla illərin tanışıyıq. İndi mənə irad tuta bilərlər ki, görkəmli xanəndə, pedaqoq, Xalq artisti, Prezident təqaüdçüsü, nəhayət, gözəl xanım Səkinə İsmayılovanı kim tanımır ki? Fərq ondadır ki, Səkinə xanım da məni şəxsən tanıyır və böyük sənətkar, gözəl xanımla rəfiqəliyə bərabər tanışlığı özüm üçün şərəf bilirəm. Qismət elə gətirib ki, Səkinə xanımın səhnəyə ədəm basdığı illər bizlərin sənət zövünün formalaşdığı zamana təsadüf edib. Nə qədər yaxşı tanısam, yaradıcılığına yaxından bələd olsam da, müsahibə janrının öz qayda-qanunları var: oxucuları nəzərə almaq lazımdır. Odur ki, xanım xanəndə ilə söhbətə bir az uzaqdan başlayırıq.
– Bilirəm ki, lap uşaqlıqdan, səhnəyə, oxumağa həvəsiniz olub…
– Bütün uşaqlar kimi… Əslində heç müğənnilik barədə düşünmürdüm. də. Kim məndən soruşsaydı, hansı sənəti seçəcəksən, deyərdim ki, hüquqşünaslığı. O zaman bütün təhsil ocaqlarında olduğu kimi, bizim məktəbdə də özfəaliyyət dərnəyi var idi. Bu gün görkəmli pedaqoq kimi tanınan Vidadi Xəlilov müsiqi müəllimi kimi dərnəyə rəhbərlik edirdi. Məni hazırlaşdırıb müxtəlif müsabiqələrə yollayırdı, mükafatla qayıdırdım. İzah edirdi ki, məktəbdə yaxşı-əla qiymətlərlə oxuyanların hamısı hüquqşünas ola bilər, amma müğənnilik üçün Allahın neməti sayılan səsin varlığı vacibdir. Deyirid ki, sən orta təhsilini başa vurandan sonra mütləq Asəf Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirməlisən. Onun dediklərindən sonra fikirləşdim, yəqin səsim var ki, Vidadi müəllim mənə bu sənəti seçməyi məsləhət görür.
– Beləcə tale yolunu seçdiniz, yaradıcılığa başladınız…
– Yaradıcılıq deyəndə ki, mən 1980-ci ildə Opera və Balet Teatrına işə qəbul olunduğum vaxtı yaradıcılığımın başlanğıcı hesab edirəm. Altı aylıq gərgin məşqlərdən sonra 1981-ci il mayın 24-də ilk dəfə “Leyli və Məcnun” operasında Leyli rolunda səhnəyə çıxdım. Opera səhnəsi mənim üçün müqəddəs bir yerdir. Mən milli operamızdakı bütün qadın partiyalarını oxumuşam. “Leyli və Məcnun”da Leyli, “Əsli və Kərəm”də Əsli, “Aşıq Qərib”də Şahsənəm, “Gəlin qayası”mda Gülbahar, “Vaqif”də xanəndə qız kimi səhnəyə çıxmışam. Ən axırıncı cərgədə eşidiləcək səslə canlı oxumaq, xoş görünüş, tamaşaçını 3 saat öz cazibəsində saxlamaq, aktyorluq qabiliyyəti, səhnənin müxtəlif yerlərində orkestri eşitmək xüsusiyyəti olmalıdır ki, dinləyici, muğamsevər səni qəbul etsin. Yəqin, bu cəhətlər məndə vamış ki, tamaşaçı məhəbbəti qazana bildim.
“Muğam” tacının dəyərli Səkinəsi…
– Opera solisti kimi tanındınız, amma yenə də tələbə idiniz…
– Bəli, teatrda işləyə-işləyə Mədəniyyət və İncəsənət Universitetində mədəni-maarif fakültəsində təhsil aldım. Mən həmişə öyrənməyə hazır adamam. Bu yaşımda da mütaliə edirəm, cavan çağlarımda dərindən anlamadığım qəzəlləri yenidən oxuyuram, mənasını öyrənirəm. Füzulini, Seyid Əzimi özüm üçün kəşf etmək mənə zövq verir. Ümumiyyətlə, elmdə, sənətdə “hər şeyi biliəm” dediyin gün tükənirsən.
– Səkinə xanım, iş elə gətirib ki, Azərbaycan qadın xanəndəlik məktəbində bir çox ilklərə siz imza atmısınız…
– Bilirsiniz, mən həmişə yenilyə can atan, nələrisə öyrənməyə çalışan adamam. Muğam klassik sənətdir, amma gəərək onu da zəmanənin nəbzini tutaraq oxuyasan ki, dinləyiciyə xoş gəlsin. Daha deməsin ki, otuz ildir muğamı bir qəzəl üstdə oxuyur. Mən sənətə gəlmişəmsə, deməli, Allahın neməti olan səsimdən düzgün bəhrələnməliyəm, bir iz qoymalıyam. Əlibaba müəllimin sözü olmasın, izlə gedənin izi qalmaz, gərək özün iz qoyasan.
– Sizin qadınlardan ibarət muğam üçlüyünüzdə bir zamanlar necə təlabat yarandığı yadımdadır…
Azərbaycan qadın xanəndələri arasında əlinə aldığı qavalı çalan ilk qadın xanəndə mən olmuşam. Sonra fikirləşdim ki, qızlarla bir üçlük yaradım. Çıxışlarımız böyük rəğbətlə qarşılılandı.
– Hətta həmin üçlüklə İranda belə səhnəyə çıxıb konsert verdiniz…
– 1999-cu ildə, İranda hökumət qadınların yalnız qadın auditoriyasında oxumasına icazə verəndə məlum oldu ki, səhnəyə çıxıacaq kimsə yoxdur. Çünki əvvəllər müğənnilik etmiş xanımlar buna hazır deyildilər, repertuarları yox idi, gənc qızlar da sənətə gəlmirdilər. Amma bizim üçlük barədə məlumatları var idi və İranın şəhərlərindəki qastrol səfərlərimiz böyük uğurla keçdi.
– Siz həm də əksər qadınların ifa etmədiyi, bir sıra mürəkkəb, qadın səsi üçün uyğun sayılmayan muğamları da ifa etmisiniz…
– Zeynəb Xanlarova “Çahargah” muğamını 19-20 yaşında oxumuşdu. Mən isə onu oxumağa həvəslənəndə yetkin yaşda idim. Fikirləşdim ki, mən niyə “Çahargah”ı oxumayım. Hazırlaşdım, oxudum, lentə yazdırdım.
– Bir xalq mahnısında deyildiyi kimi, qədir bilən yanında dünyadan qiymətlisən…
– Sənətdə olduğum illər ərzində xalqımdan məhəbbət, dövlətimdən hörmət görmüşəm həmişə. Bunu dana bilmərəm. Xanəndələr arasında ən gənc yaşda – 36 yaşımda xalq artisti adını mən almışam. Azərbaycan muğam sənətinə, muğamatı yaşadanlara nə qədər qayğı və diqqətin olduğu göz qabağındadır. Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti Mehriban Əliyevanın Azərbaycan muğamının təbliği üçün gördüyü işlər sadalamaqla bitməz.
Sənət və həyat missiyası
– Bir az da ailənizdən danışaq. Gəlin etiraf edək ki, istedadlı qadının həyat yoldaşı olmaq hər kişinin işi deyil. Hər adam bunun öhdəsindən gələ bilmir. Elə bu səbəbdən istedadlı qadınlarımız arasında, nənələrimizin dili ilə desək, ərdən yarıyanlar azdır…
– Dediklərinizdə həqiqət var. Bəli, sənətdə elmdə yüksəlməyi arzulayan qadının həyat yoldaşı onu başa düşməli, dəstək verməli, ya da heç olmasa, maneçilik törətməməlidir. Bunu hər kişi bacarmır. Amma gərək qadın da məhşurluğunu evdə unutmağı bacarsın. Mən hələ doğmalarımın yanında özümü xalq artisti, dünyanı gəzib-dolaşmış, minlərlə insanın alqışladığı məşhur xanəndə kimi aparmamışam. Evimdə ərli qadınam, anayam, ailənin böyüyü də qızımın atasıdır, mənim həyat yoldaşımdır. Təzə ailə quran vaxtlarda bütün ailələrdə çətinliklər, anlaşılmazlıqlar çox olur, gərək bunlara dözəsən ki, bəhrəsini də görəsən.
– Yaxşı, bəs siz evdə necəsiniz?
– Evimin qadını, anasıyam. Mətbəximi heç kimə etibar etmirəm. Amma kommunal xərclər nə qədərdir, hara ödənilir, bazarda nəyi neçəyə satırlar, hansı dükanda nə var, evə gündəlik nə lazımdır, – həyat yoldaşımın sayəsində belə qayğılardan azadam. İllərdir ki, bu yükü o daşıyır. Arada qarşılıqlı etibar-inam yaranandan sonra normal düşüncəli kişi heç vaxt öz həyat yoldaşının qarşısında ciddi qadağalar qoymur. Mən adi televiziya proqramında çııxış etmək üçün evdən çıxanda yoldaşım, qızım məni gülə-gülə yola salırlar, gülə-gülə qarşılayırlar. Amma indi təsəvvür edin, sən çox böyük şöhət sahibisən, konsertdən qucaq dolusu gül çiçəklə evə gəlirsən, amma səni kimsə qarşılamır, sevincinə şərik olmur. Arxanda ailən durmursa, evində səni gözləyənlər, sevənlər yoxdusa, bunun nəyi xoşbəxlik oldu?
– Səkinə xanım, mənə elə gəlir ki, sizin ən böyük, ən mükəmməl əsəriniz elə qızınızdır. Bibixanım gözümüzün qabağında böyüyüb. Heç vaxt adınızdan istifadə etməyib, şöhrətinizin kölgəsində gizlənməyib.
– Çox sağ olun. Bibixanım mənim yeganə balamdır. Amma onu heç vaxt ərköyün etməmişəm. Hələ aşağı siniflərdə oxuyanda ona başa saldım ki, heç vaxt kiminsə qapısını döyüb deməyəcəm qızım ali təhsil almalıdır, ya da aşağı qiymətini düzəltmək lazımdır. Axı adama deməzlər ki, biircə uşağa da təhsil verməyə, onu tərbiyəli böyütməyə gücün çatmadı? Bəli, təhsili, dünyagöüşünün genişlənməsi üçün əlimdən gələni etdim. Tələbə adını 580 balla qazandı, köməksiz, tapşırıqsız təhsil aldı. İndi işlədiyi yerdə də hamı onun tərbiyəsindən, davranışından, savadından razılıq edir. Gəlin köçdüyü evdə də hamı ilə hörmətlə davranır. Mən qızımı özüm kimi tərbiyə etmişəm. Nəyə görəsə mənimlə məsləhətləşəndə heç vaxt qəti sözümü deməmişəm. Təklif etmişəm ki, atanla məsləhətləş, gör o nə deyir. Əslində, atasının nə deyəcəyini, fikirlərimizin uzlaşacağını bilmişəm, amma yenə də istəmişəm ki, son sözü qərarı atasından eşitsin.
– Mütaliəni sevən, yenilklərə açıq adamsınız. Sosial şəbəkələrdə də fealsınız.
– Gərək zəmanə ilə ayaqlaşasan. Mən də komputerdə işləməyi, internetdən istifadə etməyi öyrəndim. Əgər dinləyicilərim sosial şəbəkələrdədisə, mən niyə orda olmayım.
– Bəs internetdə ən çox nə axtarırsınız?
– Musiqiyə qulaq asıram. Digər xalqların milli musiqisini, xususilə də muğamları dinləyirəm. Ölkə xəbərlərini, mədəniyyət yeniliklərini izləyirəm. Hə, bir də yeni yemək reseptləri ilə maraqlanıram.
– Səkinə xanım, musiqi bütün həyatınızı zəbt edib. Bəs bundan yorulanda, bəzəndə necə dincəlirsiniz?
– Əgər hər hansı bir çəkilişə, səsyazma studiyasına getmirəmsə, vaxtımı doğmalarımla keçirirəm. Mən doğmalarımla nəfəs alıram, onların problemləri problemim, sevincləri sevincimdir.
Gülcahan Mirməmməd