Elə səslər var ki, onların ahəngi fərqlidir, rəngi özünəməxsusdur. Muğam səhnəsində səsi, avazı ilə seçilən xanəndə, Xalq artisti, Şöhrət ordenli Səkinə İsmayılova qonağımız oldu. Xanəndə muğam sənətinin bugünkü inkişafından danışdı.
– Son illər Azərbaycan səhnəsinə baxarkən utanmağa başlamışıq. Səhnəmiz o qədər bayağı olub ki, tamaşaçı estetik zövq ala bilmir…
– Mən o bayağıları nə görürəm, nə eşidirəm. Mənim ruh dünyama da, göz dünyama da onlar yaddı. Azərbaycan səhnəsinin ancaq gözəlliyini görə bilərəm, ondan danışaram. Azərbaycanın muğam səhnəsi bu gün o qədər inkişaf edib ki, ən yüksək səviyyəyə qalxıb. Azərbaycan xalq musiqisinin səviyyəsi yüksəlib. Azərbaycan muğamı inkişaf edib. Çox şükür ki, bu gün Azərbaycan muğamına dövlət səviyyəsində dəstək, qayğı var. Məhz o qayğının nəticəsidir ki, Azərbaycan muğamı tarixinin ən yüksək mərhələ dövrünü yaşayır. Azərbaycan muğamının şöhrəti dünyaya yayılıb. Xalq musiqimiz elə inkişaf edir ki, biz bundan qürurlanırıq. Bu gün muğamımız gəncləşib.
– Gənclərin muğama marağı nə qədər artıb?
– İki ildən bir muğam müsabiqəsi keçirilir. Biz hər dəfə muğam müsabiqəsinin seçim turlarında yüzlərlə uşağın səsini dinləyirik. O qədər istedadlı uşaqlarımız, gənclərimiz var ki, onların səsi, potensialı ümid verir. Deyək ki, Azərbaycan səhnəsinin estetikası itməyib. Bu gün muğam müsabiqəsinin iştirakçıları olan gənclərimiz dünyanı dolaşır, böyük səhnələrdə muğamı təbliğ edirlər. Bir çox şərq ölkələrində də muğam var. Amma onların heç birində muğam sənətinə bu qədər diqqət, maraq, dəyər yoxdu. Biz avropalıları yalnız muğamlarımızla təəccübləndirə bilərik. Səhnəmizdə bayağı dediyimiz o musiqilər, musiqiçilərin yüzlərlə forması digər ölkələrin, millətlərin səhnəsində də var. Avropalını estrada musiqisi ilə heç vaxt təəccübləndirə bilmərik. Elə ifalar, musiqilər onlarda da yetərincə var. Ancaq bizim bir muğamımız belə bəs edər ki, avropalı dinləyicini təsirləndirsin. Biz bunların dəfələrlə qastrol səfərlərində şahidi olmuşuq. Bizim böyük xanəndələrimiz var ki, onların muğamımızın inkişafında xidmətləri çoxdu. Qaldı bayağı ifaçılara, inanın, onlar zamanla ələnəcək. Onlar özlərini ulduz kimi təqdim edə bilərlər, amma tarixdə qala bilməzlər. Tarixdə qalmaq üçün böyük səhnə mədəniyyəti, səhnə estetikası, musiqi savadı, istedad lazımdı. Səhnə yalnız bu istedad varsa, sona qədər sənə qucaq aça bilər. Yoxsa sənin ulduzluğun müvəqqəti olacaq.
– Sizin yaradıcılığınızda necə, yeniliklər varmı? Solo-konsert nəzərdə tutulurmu?
– Mən əslində hər zaman xalqın arasında olan sənətçiyəm. İstər bölgələrdə keçirilən tədbirlərdə, istər qastrol səfərlərində səhnəyə çıxıram, xalq musiqilərimizi, muğamlarımızı təbliğ edirəm. Dünya ölkələrində çıxışlarım olur, festivallara gedirəm. Yəni dayanmıram. Solo-konsertə gəlincə isə o konsertlərin keçirilməsi böyük vəsait tələb edir. Əgər maraqlı təklif olsa, solo-konsert vermək istəyirəm.
– Siz eyni zamanda pedaqoq kimi də çalışırsız. Gənclərin bugünkü səhnəmizə yanaşması maraqlıdır.
– Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi də fəaliyyətim davam edir. Gənclərə muğamın incəliklərini öyrədirəm. Hər bir tələbəmə fərdi yanaşıram, onlara dəstək olmağa çalışıram. Təbii ki, onların uğurları mənim üçün vacibdi. Çünki biz səhnəmizi onlara etibar edib səhnədən getməliyik. Bilirsiz ki, yaxın müddətdə yenidən muğam müsabiqəsinə start veriləcək. İnanın, bəzən elə uşaqlar müsabiqədə iştirak etmək üçün müraciət edir ki, onların ifası bizi təsirləndirir. Yaşı çox az olan uşaqlar muğam oxuyanda adamın gözləri dolur.
– Azərbaycan teleməkanının necə, bu gün musiqi zövqümüzə təsiri varmı?
– Birmənalı şəkildə təsiri var. Təbii ki, televiziyalar bu istiqamətdə məsuliyyətlərini hiss etməlidirlər. Bizim zamanımızda efirə çıxmaq o qədər asan deyildi. Bu gün hər yerindən duran efirdə özünü sənətkar elan edir. Bu şəraiti onlara kanallar yaradıb.
– Dəvət olunan hər verilişə getmirsiz…
– Mən özümü harda görürəmsə, orda iştirak edirəm. Özümü o verilişdə görürəmsə, həmin verilişlərin qonağı oluram. Özümə layiq, muğam sənətinə dəyər verilən verilişlərdə iştirak edirəm. İllərlə, zəhmətimlə bu səviyyəyə gəlib çatmışam. Zərrə-zərrə xalqın sevgisini, hörmətini qazanmışam. Bu dəyəri şou xarakterli verilişlərin, o verilişləri idarə edib reytinq arxasınca qaçan aparıcının qurbanı edə bilmərəm. Təbii ki, ucuz verilişlərə getmirəm. Mən dövlətin hər bir qayğısı ilə əhatə olunan xanəndəyəm. Dövlət başçımız tərəfindən Şöhrət ordeninə layiq görülmüşəm. Mən bu dövlətin qayğısını unuda bilmərəm. Ona görə də xalqın sevgisini ucuz reklamların qurbanına çevirmək sənətimə, adıma yaraşmaz. Toy müğənnisi deyiləm ki, verilişə gedib kiməsə atmaca atıb, ucuz musiqilərlə özümü dəyərdən salım. Sənətkar tarixdə qalmaq üçün səhnəyə çıxmalıdır. Pul qazanmaq xatirinə səhnəyə çıxmaq sənətə hörmətsizlikdir. Bizi niyə dəyərli görürlər, niyə bizə böyük hörmət var, getdiyimiz hər bir məkanda xüsusi sevgi ilə qarşılanırıq, çünki səviyyəmizi qorumuşuq. Sənətkar adına hörmətlə yanaşmışıq. O ada xələl gəlməsin deyə, suyumuzu da üfürərək içmişik. Mən xalqın mənə olan sevgisindən, dəyərindən qürurlanmışam. Bizim yolumuzu davam edən gənc xanəndələrə də tövsiyəm o olar ki, sənətlərinin dəyərli görünməsinə çalışırlarsa, ucuz qalmaqalların, səviyyəsiz verilişlərin oyuncağına çevrilməsinlər.
Tahirə Məmmədqızı