Səməd Vurğunun nəticəsi, Fransanın “Ecole Normale de Musique de Paris-Alfred Cortot” akademiyasının tələbəsi, gənc pianoçu Vurğun Vəkilov “Publika.az”-ın suallarını cavablandırıb. “Gencaile.az” həmin müsahibəni təqdim edir:
– Vurğun, böyük şairimiz Səməd Vurğunun soyundansınız. Öncə bu haqda danışaqmı?
– Səməd Vurğunun 3 övladı olub – Aybəniz, Vaqif və Yusif Səmədoğlular. Aybəniz xanımın qızı Aygünün oğluyam. Mən doğulanda atamın soyadı ilə getməli idim. Amma atam icazə verdi ki, Vəkilov soyadını götürüb bu soyadı daşıyım.
– Səməd Vurğun haqda sonsuz sayda yazılar, xatirələr var. Amma yəqin ki, nənəniz sizinlə yalnız ailənizə məlum olan məqamları da bölüşüb.
– Nənəmin atası haqda kifayət qədər maraqlı xatirələri var. Təəssüf ki, çoxu yadımda qalmayıb, amma Bakıdakı kitabçamda qeydlərim var. Xatırladıqlarımdan bir neçəsini bölüşəcəm. Səməd Vurğun Kislavodskda dincəlməyə gedir. Bu müddətdə teatra bilet alır. Deputat dostu ilə birgə tamaşaya gedirlər. Teatrın binasının önündə isə böyük növbə olur. Dostu Səməd Vurğuna deyir ki, istəyirsən, gedim kim olduğumu deyim, bizi içəri növbəsiz buraxsınlar. Babam da razılaşır. Dostu geri qayıdır ki, buraxmadılar. Sonra Səməd Vurğun yaxınlaşıb kim olduğunu deyir, növbəsiz tamaşa zalına keçirlər. Səməd bəy ölüm ayağında olanda əlinə aldığı son kitab “Aygün” poeması olub. Nənəm də bu poemanın qəhrəmanının şərəfinə anamı Aygün adlandırıb. Bir də özümü xatırlayandan bəri Səməd Vurğundan ilhamlanıb şeir yazdığımı xatırlayıram. Haradasa beş-altı yaşındaydım, ilk şeirlərimi nənəmə oxudum. Nənəm dinləyib dedi ki, Vurğun, sən poeziyada axsayırsan, yaxşısı budur musiqinin ardınca get.
– Vurğun, cümhuriyyətimizin 100 yaşında Vəkilovlar soyunu yada salmaya bilməzdik…
– İbrahim ağa Vəkilov Səməd Vurğunun əmilərindən olub. İbrahim ağa Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. Onun doğma qardaşı Mehdixan Vəkilov isə tarixçi alim və siyasi xadim olub.
– Şeirin, sözün hökm etdiyi böyük ailəyə musiqi ruhunu siz gətirmisiniz?
– Sırf şairlər ailəsi deməzdim. Çünki bizim ailədə hər kəs yola musiqi ilə çıxıb, sonradan öz məcralarına düşüblər. Vaqif bəy də, Yusif bəy də, Aybəniz xanım da, anam da Bülbül adına orta ixtisas məktəbini bitiriblər. Vaqif Səmədoğlu isə musiqi karyerasını daha çox davam etdirib. Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunub. Sonra elə Konservatoriyada professor olub, dərs verib. Ardınca cazla maraqlanmağa başlayıb. Hətta uzun müddət Azərbaycan Dövlət Televiziyasında caz haqda verilişlər hazırlayıb. Ən sonda isə poeziya fəaliyyətinə başlayıb. Ömrünün axırınadək evində fortepiano olub. Əsasən də Bill Evansın üslubunda əsərlər ifa etməyi sevib. Mən də üç-dörd yaşımdan evdə filmlərdə musiqi səslənəndə qaçıb bir barmağımla ifa edirdim. Musiqi yaddaşım çox güclü idi. Tam musiqi duyumum vardı. Ona görə də anam məni musiqiyə yönləndirdi.
– Demək seçiminizdə əsas ananızın əməyi olub
– Bəli, anam özü də musiqini çox sevir. Bizim evdə 24 saat müxtəlif musiqilər səslənirdi. Anam musiqi məktəbinin son sinfində oxuyanda nənəmlə birgə dərsdən qayıdırmış. Anasının əlini buraxıb yolu keçmək üçün qaçanda onu maşın vurur. Əli bərk zədə alır. Həkimlər deyir ki, artıq uzun müddət ifa edə bilməz. Ona görə anam sanki öz yarım qalan arzularını da mənim üzərimdə gerçəkləşdirdi. Hətta o, mənə hamilə olanda da, fortepianoda ifa edirdi. Sanki məni o vaxtdan musiqi ilə qucaqlamışdı. Beş yaşımdan musiqi ilə ciddi məşğul olmağa başladım. Bülbül adına orta ixtisas məktəbində oxuyarkən Musiqi Akademiyasının prorektoru Oqtay Abbasquliyevdən özəl dərslər alırdım. Sonra elə akademiyada onun sinfinə qəbul olundum. Mən birinci kursda oxuyanda Oqtay müəllim dünyasını dəyişdi. Bu vaxta qədər o heç vaxt məni çağırıb beynəlxalq müsabiqələrdə iştirak etməyi tapşırmamışdı. Onu da vurğulayım ki, istənilən musiqiçi üçün beynəlxalq müsabiqələrin böyük rolu var. Ölümündən bir ay öncə kabinetinə çağırdı və məni Fransada təşkil olunacaq beynəlxalq müsabiqəyə yollayacağını dedi. Cəmi bir ay vaxt qalmışdı. Proqramı çatdıra bilməyəcəyimdən çox qorxurdum. Dedi ki, sənə inanıram, çatdıracaqsan. Hələ yola çıxmamışdan öncə öyrəndim ki, Oqtay müəllim dünyadan köçüb. Fransadakı müsabiqədə ikinci yerə layiq görüldüm. Üstəlik Parisdə bir il pulsuz təhsil almaq hüququ qazandım. Sanki müəllimim özü getdi, amma mənim yolumu açdı ki, təhsilimi mükəmməlləşdirim.
– Çox vaxt ölkə xaricində oxuyub qayıdan gənclərimiz deyir ki, Azərbaycan təhsili qat-qat zəifdir. Bəs siz necə düşünürsünüz?
– Digər ölkələr haqda heç nə deyə bilmərəm. Amma Azərbaycanın orta musiqi məktəblərinin verdiyi baza Fransa məktəblərinə nisbətən çox güclüdür. Bu isə ondan irəli gəlir ki, Azərbaycan sovet ittifaqının tərkibində olanda, ən qabaqcıl musiqi tədrisi Moskva Konservatoriyasında olub. Bizim musiqiçilərimizin çoxu da həmin ali məktəbin tədrisi üzrə çalışırlar. Hətta Bülbül adına orta ixtisas məktəbinin diplomunu hazırkı oxuduğum ali məktəbə təqdim edəndə, bildirdilər ki, sən artıq bu dərsləri bildiyinə görə onların tədrisindən azad olunacaqsan. Ancaq onu da vurğulamalıyam ki, üçüncü tədris ilidir Fransadayam. Burada incəsənət xadimi olaraq fəaliyyət göstərmək daha önəmlidir. Sanki musiqiçini şəxsiyyət kimi formalaşdırırlar. Mənim oxuduğum konservatoriya sırf konsert verəcək ifaçılar yetişdirirlər. Lakin mən burada fransız təhsili almıram. Müəllimim Rəna Şerişevskaya da əslən Bakılıdır və Moskva Konservatoriyasının məzunudur. Sanki iki arzum birdən yerinə yetdi. Avropanın Fransa kimi musiqiçiyə önəm verilən ölkəsində arzusunda olduğum rus musiqi tədrisini mənimsəyirəm. Buna görə də çox xoşbəxtəm.
– Çox maraqlı məqama toxunduq. Sizcə, Avropada musiqiçiyə, ifaçıya qoyulan dəyər Azərbaycanda axsayır?
– Xeyr. Deməzdim ki, axsayır. Cənab Prezidentimizə və xanımına minnətdaram ki, düz beşinci sinifdən prezident təqaüdü alıram. Amma sırf musiqiçinin formalaşması baxımından nəinki Azərbaycanda, eləcə də Rusiyada axsamalar var. Fransızlar özləri də klassik musiqini dərindən sevmirlər. Daha çox müasir janrlara üstünlük verirlər. Böyük rus pianoçusu Mixail Pletnyovun fikrini təkrarlamaq istəyirəm, indi elə bir dövrdür ki, insanlar sanki harasa tələsir. Onların həyat tərzini isə ritmik, modern musiqilər ehtiva edir. Cəmiyyət musiqinin dərinliyinə gedib onun haqda düşünmək istəmir. Məsələn, filarmoniyaya gəlib klassik musiqi dinləyən insan üçün hər şey elə o konsert salonunda da bitir. Amma o musiqi niyə yazılıb, bəstəkar nə demək istəyib, bu faktorlar heç kimi maraqlandırmır. Buna görə də hər bir ölkənin musiqi baxımından öz çatımazlıqları var. Ancaq inanıram və ümid edirəm ki, bundan daha yaxşı ola bilər. Çünki Bethovenin də dediyi kimi, musiqi Allahın dilidir. Mən də bu ifadə ilə razıyam. Ona görə musiqini yüksək mədəniyyət cərəyanı kimi daha çox inkişaf etdirmək olar.
– Bəs Allah həqiqətən hansı dildə danışır? Və siz onun dilini anlaya bilirsinizmi?
– Musiqi Allahın dilidirsə, mənim üçün beş dahi, musiqinin baniləri var – İohan Sebastian Bax, Bethoven, Motsart, Raxmaninov, Şopen. Onlar mənim üçün Allaha ən yaxın insanlar, bir növ peyğəmbərdirlər. Onların içərisində ən böyük zirvə mənim üçün Baxdır. O, katolik idi. Ömrü boyu da kilsədə çalışmışdı. Yaradıcılığı sırf kilsə musiqisinə həsr olunub. Lakin bundan əlavə elə musiqilər bəstələyib ki, mən onları ifa edəndə sanki Allahla dialoq qururam. Deyə bilmərəm ki, tanrı ilə danışa bilirəm, amma Bax musiqisi ifa edəndə, Allahın dilini anlayıram. Bəzilərinin oxuduğu yüzlərlə kitabın verdiyini Baxın əsərlərinin cəmi bir məqamı mənə verə bilir. İstənilən peşədə belə mənəvi yol olsaydı, insanlar da daha mərhəmətli olardılar, sülh içərsində yaşayardılar.
– Belə bir deyim də var ki, musiqiçi qısqanc qadın kimidir, Ona nə qədər az zaman ayırsan, bir o qədər də uzaqlaşırsan. Siz necə, bu ilahi ünsiyyətdən uzaqlaşmağı düşünmüsünüz?
– Heç vaxt uzaqlaşmaq istəmərəm, İstəsəm belə bu, mümkün deyil. Çünki o artıq mənim içimdədir, qanımdadır, mənimlə yaşayır. Başqa sənət haqda düşünməmişəm. Allahın işidir, gələcəkdə karyeram alınmasa belə, hər zaman vaxt tapıb gözəl musiqi dinləyə biləcəyəm.
– Klassik musiqi ruhun ən böyük qidası olsa da, maddi baxımdan vəziyyət ürəkaçan deyil. Yoxsa yanılıram?
Bilirsiniz, indi bir sıra nüfuzlu beynəlxalq müsabiqələr var ki, onlarda iştirak edib, maddi rifahı yüksəltmək də mümkündür. Sadəcə bu yola çıxmaq üçün böyük əzm və istedad tələb olunur.
– Şəxsi müşahidələrimdən bu qənaətə gəlmişəm ki, Avropa dinləyicisi öz musiqisinə daha çox önəm versə də, digər xalqların etno yaradıcılığına təəccüblənə bilir. Necə düşünürsünüz, fransızlar Azərbaycan musiqisini nə dərəcədə sevirlər?
– Fransada təşkil olunan konsertlərdə daha çox Qara Qarayevin əsərlərini, yaxud xalq mahnılarımızı ifa edəndə publika daha böyük maraqla qarşılayır. Çünki onlara xas olmayan səsdir, melodiyadır. Bu məni çox sevindirir. Sırf bu cəhətə görə Azərbaycan musiqisini dünyada tanıtmaq mümkündür.