Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva qanunsuz tikilmiş evlərin dövlət qeydiyyatına alınmasını təklif edir. Bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapmışdı. Məruzədə ötən əsrin ortalarından etibarən Bakı şəhərində, onun ətrafındakı qəsəbə və kəndlərdə, o cümlədən birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş evlərin, habelə bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində tikilmiş evlərin inventarlaşdırılması və dövlət qeydiyyatına alınması, eyni zamanda həmin ərazilərdə və yeni yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanların verilməsi təklif edilib.
İllərdir həllini tapmayan problemə Ombudsman müdaxiləsi sənədsiz evlərə nəhayət ki, yaşıl işıq yandıracaqmı?
“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ombudsmanın təklifini alqışladığını dedi:
– Ombudsmanın sənədsiz evlər məsələsini qaldırması, ümid edirəm ki, bu prosesdəki düyünün açılmasına imkan yaradacaq. Sənədsiz evlər məsələsi aktual problemdir və bu problem həll olunmalıdır. Təəssüf ki, bu istiqamətdə müvafiq icra orqanları öhdələrinə düşən işi yerinə yetirmir. Konkret iş ortaya qoymurlar.
Sənədsiz evlərin sənədləşdirilməsi təkcə vətəndaşlara yox, dövlətə də lazımdır. Daşınmaz əmlakın qeydiyyata alınması ilk növbədə vətəndaşın hüquqlarının bərpasıdır. Vətəndaşın əmlakı üzərində hüququ olmalıdır və bunun üçün də daşınmaz əmlak dövlət qeydiyyatına alınmalı, inventarlaşdırılmalıdır. Qeydiyyat prosesinin o qədər üstünlükləri var ki! Vətəndaş əmlak üzərində hüququnu təsbit edir, nəhayət ki, yaşadığı ünvan üzrə qeydiyyata düşür.
Bu, vətəndaşa təhsil, səhiyyə xidmətlərindən qanuni şəkildə yararlanmaq imkanı verəcək. Hazırkı şəraitdə minlərlə vətəndaş bilavasitə yaşadığı ərazi üzrə qeydiyyatda deyil, bölgələrdə qeydiyyatda qalanlar var, hansısa qohumunun mənzilində, ya da polis şöbələrində qeydiyyata alınanlar var.
Minlərlə vətəndaşın faktiki ünvanı bəlli deyil. Bu da hüquqi-inzibati imkanları məhdudlaşdırır. Amma daşınmaz əmlakın sənədləşdirilməsi baş verdikdə, bütün bu problemlər həllini tapmış olacaq.
Hazırda sənədsiz evlərin alqı-satqısı qeyri-qanuni aparılır. Sənədsiz evlər qanuni alqı-satqı predmeti ola bilməz deyə, proses dövlət nəzarətindən kənar baş verir.
Ona görə dövlət alqı-satqı prosesində əldə edilməli olan vergi rüsumlarından da, vergilərin toplanmasından da kənarda qalır. Daşınmaz əmlakın sənədləşdirilməməsi bələdiyyələrə də zərbə vurur. Bələdiyyələr əmlak vergisini toplaya bilmir. Heç bir sənədi olmayan evə görə vətəndaşdan əmlak vergisi toplana bilməz.
Yəni bu problemin hüquqi, iqtisadi ziyanları böyükdür. Bir halda ki, ombudsman sənədsiz evlər məsələsini qaldırır, ümid edək ki, problem nəhayət həllini tapar.