– Elşad bəy, bu gün hər kəs sənətdə yenilik edərək yadda qalır. Əks halda çətin olur. Sizi sənətdə digər aktyorlardan fərqləndirən nədir?
– Bu suala tam səmimi cavab verəcəyəm. Axır vaxtlar yumor dəyişib. Mən Mədəniyyət və İncəsənət Univeritetinin Aktyorluq fakültəsini bitirmişəm. Xalq artisti Valeh Kərimovun tələbəsi olmuşam. 14 ildir efirdəyəm. Demək olar ki, bütün kanallarda verilişlərin aparıcısı olmuşam. Bir çox seriallarda çəkilmişəm. Böyük teatr səhnələrində konsertlərim olub. Amma axır vaxtlar insanların yumor hissi dəyişib. Artıq insanlar efirə yox, sosial səbəkələrə üstünlük verirlər. Sosial səbəkələrdə də hamı güldürür, hamı aktyor olub. Ona görə mən verilişləri və serialları dayandırıb film sahəsinə üz tutdum. Məni digərlərindən fərqləndirən cəhət peşəkar olmağımdır, vəssalam.
– Bu gün sənətdə rəqabət necədir və sizin rəqibiniz kimdir?
– Bu gün aktyorluq sənətində rəqabət yoxdur. Bu gün kiminsə “torbasını tikmək”, ona “quyu qazmaq” var. Mənim rəqibim bütün peşəkarlardır. Əlinə telefon alıb, video çəkib “Instagram” və “Tiktok”da paylaşım edən insan heç vaxt mənim rəqibim ola bilməz. Çünki bu, onun hobbisi, mənim isə sənətimdir. O ki qaldi peşəkar olan sənətçi və aktyorlara, onlara hörmətim sonsuzdur.
– Artıq peşəkar aktyorları tiktokerlər əvəzləyir?
– Tiktokerlər, blogerlər və digər sosial media fenomenləri peşəkar aktyorları əvəz edə bilməzlər. Bu, iş onların hobbisidir. Bizim isə sənətimizdir.
– Onlar çox qazanırlar, yoxsa siz aktyorlar?
– Tiktoker, vayner və blogerlər daha çox qazanırlər. Çünki sosial şəbəkələrdən daha çox pul qazanmaq olur, nəinki teatr və seriallardan. Ümumiyyətlə, bu gün reklam yerləşdirən şirkətlər sosial şəbəkələrdə aktiv olan şəxslər ilə işləməyə üstünlük verir.
– Sonra da o tiktokerləri, blogerləri filmlərə, seriallara aktyor kimi dəvət edirlər. Siz aktyorlar da etiraz etmədən onlarla bir səhnəni bölüşürsünüz. Əgər onların peşəkarlığından narazısınızsa, onda niyə özünüz etiraz edərək onlarla çəkilməkdən imtina etmirsiniz?
– Mən bu günə kimi tiktokerlər ilə bir filmdə çəkilməmişəm.
– Siz səhnəyə İslam Mehrəliyev ilə birlikdə çıxdınız. Uzun illər duet olaraq tamaşalarda iştirak etdiniz. Amma sonra duet dağıldı. Niyə?
– Duetin dağılma səbəbi hərəmizə ayrı-ayrılıqda televiziya kanallarından dəvət gəlməsi oldu. Yaxşı təkliflər idi. Daha çox pul təklif olunurdu. Ona görə razılaşdıq. Mən “Lider” TV-yə, İslam Mehrəliyev isə ATV kanalına getdi. Bəlkə də nə vaxtsa yenidən bir yerdə səhnəyə çıxa bilərik. Bu gün də dostluq münasibətlərimiz qalmaqdadır. Bunu zaman göstərər.
– Ayrı kanallarda işləməyiniz sizə uğur gətirdimi?
– Mənə daha çox maddi cəhətdən sərf elədi. “Lider” TV-də iki il “Zarafatsız şou” verilişinin aparıcısı oldum. Həm veriliş maraqlı idi, tamaşaçı baxırdı, həm də gəlirim yaxşı idi.
– Uzun müddət səhnədə görünmədiniz. Haralardaydınız?
– Film çəkilişlərinə başım qarışmışdı. Bu müddət ərzində 3 filmə çəkildim. Hər üç film komediya janrındadır. Məşhur “Mişar” filminin oxşarı “Sabirabad mişarı” adlı filmimiz də bu yaxınlarda kinoteatrlarda nümayiş olunacaq. Quruluşçu rejissor və ssenarist Ramil Adiloğludur. Mən filmdə baş roldayam. Eyni zamanda filmə Telli Hüseynova, İlham Özbay və digər aktyorlar çəkilib. Mart ayının əvvəllərində isə müəllimim, mərhum rejissor Ramiz Əzizbəyli ilə mənim baş rol ifa etdiyimiz “Anormal” filminin nümayişi olacaq. Bu filmin də möhtəşəm qala gecəsi təşkil olunacaq. Üçünci film isə “Drakula” filmidir. O film isə artıq nümayiş olunub.
– Niyə dram və digər janrlarda olan filmlər çəkilmir?
– Yaxşı mövzuya toxundunuz. Mart ayında çəkilişləri başlayacaq iki dram filminə dəvət almışam. Komediya filmində yaxşı oynayan aktyor dram filmində daha yaxşı oynaya bilir. Özümü bu janrda görürəm. Razılaşsaq, yəqin ki, dram janrında olan filmlərdə də rol alacam.
– Taleh Yüzbəyovun “Zəhər tuluğu” filmindən sonra, deyəsən rejissorlar dram janırına üz tutublar…
– Əslində dram janrında filmlər çəkilirdi. Sadəcə Taleh Yüzbəyovun filmi dram janrına maraq yaratdı.
– Son illərdə bir neçə aktyorumuz dünyasını dəyişdi. Həmin aktyorların yerini tutanlar varmı?
– Təəssüf ki, yoxdur. Onlar Sovet məktəbi keçmişdilər. Biz isə “Facebook”, “Instagram”, “Tiktok” görən adamlarıq. Onların yerini necə tuta bilərik? Mümkün deyil. Kinoteatrlar açılan gündən bu günə kimi bir film deyin ki, tamaşaçı ona azı 2-3 dəfə baxsın. Mən şəxsən elə film görməmişəm. Amma “Qaynana”, “Bəyin oğurlanması” və digər filmlərimizə hər birimiz azı 4-5 dəfə baxmışıq və baxmaqda davam edirik. İndiki filmlər isə bir dəfə istifadəyə yararlıdır. Baxıldı və bitdi. Axı indiki filmlər çəkiləndə içi mən qarışıq ancaq pul fikirləşirik. Ona görə də belə alınır. Ümid edək ki, yaxın illərdə bunlar da düzələcək.
Təranə Xudabaxşiyeva