toy

Şəriət toyları – İslam dinində belə tələb varmı?

Baxış sayı: 2. 235

Son günlər sosial şəbəkələrdə şəirət toyları mövzusu xüsusi müzakirə edilir. Həmin toylardan videolar paylaşılır, müəyyən nüanslar tənqid edilir. Ümumiyyətlə, şəriət toylarında oğlan toyu ilə qız toyu ayrı-ayrılıqda keçirilir. Oğlan toyunda əsasən kişilər iştirak edir. Qadınlar toyda baş örtüyü ilə əyləşir. Oğlan toyunda kişilər, qız toyunda isə qadınlar dərvişlik edir. Bu toylarda ənənəvi musiqi alətlərinin çalınması qadağandır. Toylarda peyğəmbərə həsr olunmuş qəzəllər deyilir, şeirlər səslənir.  Müşahidə edilən odur ki, bu cür toylarda digər dini təriqətlər tənqid edilir.

 

Bəs şəriət toyları necə tənzimlənməlidir?  Həmin toylara kimlər getməlidir?

 

“Toy mərasiminin xalqımızın milli ənənələrinə söykənməsi məqsədəuyğundur”

 

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova deyir ki, toyu şəriət və qeyri-şəriət adı ilə bölmək düzgün deyil:

“Müasir dövrdə xalq arasında səslənən şəriət toyu, dərviş toyu və ya dini toy kimi anlayışlar İslam dinində yoxdur. Məhəmməd peyğəmbərdən gələn hədislərə əsasən, həmin dövrdə müsəlmanlar toy mərasimi zamanı öz adət-ənənələrinə görə şənlik keçirir və əyləncə tərtib edirdilər. Bu məsələyə görə, xüsusi olaraq dini ənənədən çıxış edən hansısa fakt mövcud deyildir. Burada yeganə mühüm cəhət həmin mərasimlər zamanı din tərəfindən qadağan edilmiş əməllərə yol verilməməsidir”.

Image result for dini toylar

E.Kərimova qeyd edib ki, toy hər bir xalqın adət-ənənəsidir:

“Bizim xalqın da bununla bağlı nəsildən-nəslə ötürülən ənənələri var. Azərbaycanda toy şənlikləri qədim və zəngin xalq adət-ənənələrinə söykənir. Azərbaycan xalqının ailə məişətində ən zəngin adət və ənənələr məhz toy mərasimində icra edilir. Bu ənənələr heç də İslama zidd deyildir. Son zamanlar müəyyən qrup dindar şəxslər özlərini fərqləndirmək üçün toylarını dini qaydalarla keçirdiyini irəli sürürlər. Bu iddianın İslam dini və ya şəriətə birbaşa söykəndiyini düşünmək yanlışdır. Qeyd etmək lazımdır ki, bu tipli düşüncə həm də dindar şəxslərlə digərləri arasında müəyyən qədər ayrılıq yaşanmasına səbəb olmaqdadır. Azərbaycan ərazisində keçirilən toy mərasiminin xalqımızın milli ənənələrinə söykənməsi daha məqsədəuyğundur. Əlbəttə ki, toylarda israfdan uzaq olmaq da çox vacibdir”.

 

“Kim necə istəyirsə, öz toyunu keçirə bilər”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru  Rafiq Əliyev deyir ki, Azərbaycanda  toylar tamamilə başqa şəkildə aparılır və onları tam şəkildə  şəriət formasına salmaq həddən artıq çətindir:

“Şəriət  toyları keçirmək istəyənlər də var. Digər tərəfdən 100 ilə yaxındır, bizim toy adət-ənənəmiz mövcuddur. Hətta İslam dininin olduğu dövrdə də – 19-cu əsrdə toylarımız  indi keçirilən formada keçirilib, amma bir az başqa daxili aləmi olub. Bu gün şəriət  toyları keçirilirsə, deməli orda içki, oyun havaları, şənlik olmur. İnsanları yenidən həmin vəziyyətə qaytarmaq çox çətindir. Həqiqətən də bizimkilər Avropasayağı toy edirlər. Bu, bir az açıq-saçıq, geniş formatda baş tutur. Toyun keçirilmə formasına görə heç kim heç kimi tənqid etməli deyil. Kim necə istəyirsə, öz toyunu keçirə bilər.  Yəni bununla bağlı yuxarıdan və ya aşağından insanların tənqidi məncə, normal deyil”.

 

 “Bu cür tənqidlər toyun məğzini dəyişir”

R.Əliyev düşünür ki, toyda çıxış edib başqa bir dini təriqəti tənqid etmək, onun nöqsanlarını göstərmək tərbiyəsizlikdi:

“Toy tənqid üçün deyil, şənlik üçündür. Başqa təriqəti tənqid etmək üçün digər formalar,  vasitələr var. Amma toyda  bir təriqəti saxlayıb, digərini tənqid etmək anormallıqdır. Bunları yığışdırmaq lazımdır. Bu cür tənqidlər toyun məğzini dəyişir. Çünki ola bilsin, o toyda başqa təriqətin də nümayəndələri iştirak edir. Ola bilməz ki, hamı şiə təriqətindən olsun. Sünni, vəhabi və başqalarının olması da mümkündür”.

 

 “Dövlətlə dini icmalar birlikdə qərar verməlidir”

Müsahibimizin sözlərinə görə, dövlət bu cür məsələlərə nəzarət etməli və o cümlədən öz mövqeyi olmalıdır:

“Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi məsləhət şəklində öz fikirlərini deyə, televiziya və digər KİV vasitəsilə çıxışlar edə bilər. İmanlı və dindar insanlar da bu dövlətin vətəndaşlarıdır. Bu baxımdan mümkün vasitələrdən istifadə edib, bu məsələni tənzimləməliyik. Amma necə tənzimləməli olduğumuza gərək dövlətlə dini icmalar birlikdə qərar versinlər”.

 

“Ən gözəl toy bizim milli adət-ənələrimizə uyğun olan toydur”

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyir ki, şəriət toyu, dini toy deyə bir ifadənin işlədilməsi doğru deyil:

“Bizim məmələkətimizin əhalisinin çoxusu tək Allaha imanın əsasları ilə inanır, gücü çatanlar ibadətlərini yerinə yetirirlər. Ölkəmizdə qədimdən üzü bəri adət-ənənə halında, islam dinini də qəbul edəndən sonra  müəyyən dini və dünyəvi mərasim formaları vardır ki, xalqımız bu mərasimləri getdikcə yaşadıqları dövrün tələblərinə uyğun icra ediblər. Müxtəlif insanlar da öz imkanları nisbətində bu mərasimlərin həm adət-ənənədən çıxmamasına, həm də israfçılıqdan uzaq olmasına çalışıblar.

Buna baxmayaraq, imkanlı şəxslər bu gün də bu mərasimləri artıq çox nemətlərlə bəzəmiş, imkansız şəxslərin bir çoxu da bu cür zəngin mərasimlərə baxaraq öz mərasimlərində israfçılığa yol açmışlar. Bunun nəticəsində də bu gün toy və yas kimi milli, dini, vacib mərasimlərimizi icra etmək üçün çox hallarda insanlar aciz qalırlar. Çünki, onlar yas və toy məclislərində aldıqları məvaciblərlə, qazandıqları pullarla bunu həyata keçirə bilmirlər. Məcbur qalırlar ki, ya borca girsinlər, ya da digər adamlar tərəfindən qınansınlar. Qınanmamaq üçün də bu cür mərasimləri yüksək səviyyədə etmək üçün kifayət qədər borc yükü altına girirlər. Halbuki, Allah-təala insana gücündən artıq yükləmir və insanın özünün özünü yükləməsini də qadağan etmişdir. Bəli, bizim toylarda və yaslarda həddən çox israfçılıq baş alıb gedir.

İslam dinində isə israf böyük günah kimi dəyərləndirilir. Hətta Qurani-Kərimdə israf edənlər şeytanların qardaşı adlandırılır. Buna baxmayaraq, bizim cəmiyyətdə həddən çox israfçılıq baş alıb gedir. Biz bununla bağlı illərdir mətbuatda açıqlama veririk və israfçılığın qarşısının alınması üçün çevrəmizdə cəmiyyətimizi gücümüz çatan qədər maarifləndiririk. O ki, qaldı şəriət toyu, dini toy, molla toyu anlayışına ümumiyyətlə, bu cür anlayışlar kökündən yanlışdır. Ən gözəl toy bizim özümüzün milli adət-ənələrimizə uyğun olan toydur ki, cəmiyyət də bu gün bunu tələb edir”.

Image result for dini toylar

“İmamlara rep, meyxana ilə müxtəlif mahnılar, şişiridilmiş təriflər deyirlər”

İlahiyyatçı qeyd edir ki,  bu gün şəriəti yaşayan müsəlmanlar digər məsələlərdə olduğu kimi, toy-düyün məsələlərində də çox böyük yanlışlara yol verirlər:

“Xüsusi ilə bu gün bəzi özlərinə “həci”, “məşədi” deyən və digər adlarla fərqlənməyə çalışanlar vardır ki, onlar bizim milli adət-ənənlərimizdən və dinimizdən olan toyu öz baxışlarına uyğun keçmirərərk, insanların ikrahına səbəb olurlar. Kənardan baxanlar da elə bilirlər ki, din bu “həci”nin, “məşədi”nin, “kərbalayi”nin  başa düşdüyü kimidir və onun toy etdiyi kimi müsəlmanlar toy etməlidirlər. Bu “həci”lər, “məşədi”lər öz övladlarına toy edəndə məsələn, Allahın haram etdiyi, kefi açan “şərabı” məclisə qoymurlar ki, bunu içmək haramdır. Amma digər başqa böyük haramları öz toylarında adiləşdirirlər. İmamlara rep, meyxana, mərsiyə, musiqi alətləri ilə müxtəlif mahnılar və özlərindən uydurduqları şişiridilmiş təriflər deyirlər. Bütün bunlar dinimizdə icazəli hesab edilmir. İslam dininə görə əlbəttə, evlənən cütlüklərin bəyan olunması mənbələrdə bildirilib və Allahın Rəsulu (s.ə.s) buyurub ki, evliliyi elan etmək üçün düyün ziyafəti verin. Hətta bəzi hədislərdə düyün ziyafəti zamanı qadınların da öz aralarında oynamasına icazə verilib. Hətta toy-düyün sevincli bir iş olduğu üçün sevinci ifadə edən halal və gözəl nemətlərdən istifadə edilməyə də icazə verilib. Bu dini baxımdan icazəlidir. Burada əsas odur ki, dinin qadağan etdiyi haramlara yol verilməsin. Bu haramlardan biri də yuxarıda da qeyd etdiyimiz kimi, toylarda həddən artıq israfçılığın olmasıdır.

Həddən artıq israfçılığın qarşısının alınması şərtilə bizim öz milli adət-ənələrimizdə edilən toy-düyünlərimiz daha məqbuldur və şəriətə uyğundur. Şəriətə uyğun olmayan məsələlər təkcə toyda yox, hər zaman icazəli deyildir. Misal üçün musiqi, zina, içki, qadınlarla kişilərin bir arada olması kimi islama aid qadağalar təkcə toyda yox, hər zaman keçərlidir. Ancaq müasir dövrümüzün şərtləri bütün bunların yerinə yetirilməsini zəruri edirsə, cəmiyyətdə öz həyat tərzinə uyğun, yaşayışına uyğun toy-düyün edir”. (Modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir