Atdıqları hər addım, geyindikləri hər paltar, söylədikləri hər söz diqqət mərkəzində olur. Maraqlıdır, bəs görəsən dünyaca məşhur bu ulduzlar evdə nə yeyib-içirlər? Sözsüz ki, çoxlarının idealı olan bu qadınların qüsursuz fiziki görünüşlərində genetik faktorların təsiri vardır. Amma bunu yedikləri qidalara da borclu olduqları qətidir. Onların mətbəxlərində nə bişir, imtina edə bilmədikləri yeməklər hansılardır? Bəzi ulduzların yanlarından ayırmadıqları şəxsi aşbazları onların mətbəx sirlərini bölüşüb. “Gencaile.az” xarici KİV-ə istinadən məşhurların mətbəxləri ilə sizi tanış edir.
Rihanna keksdən imtina etmir
Debbie Solomon 4 ildir pop ulduzu Rihannanın mətbəxinə aşbaz kimi nəzarət edir. Uzaq Şərq əsilli bu aşbaz Los-Ancelesdə işləyərkən bir gün telefonu zəng çalır. Onun sosial şəbəkələrdə olan profilində və bloqunda paylaşdığı yeməkləri bəyəndiyini söyləyən adam onu işə götürmək istədiyini deyir. Solomon işə qəbul edilənə qədər kim üçün yemək bişirəcəyini bilmir. İşə qəbul edildiyi ilk gündə Rihannanın evinə dəvət etdiyi dostları üçün yeməklər bişirib. Vaxt keçdikcə o, dünya şöhrətli ulduzla dost olur.
Aşbaz Rihannanın Karib mətbəxinə aşiq olduğunu deyir. O, dünya turneləri zamanı da müğənninin yanında olur və yeməklərini hazırlayır. Rihannanın dəlisov ev qonaqlıqlarında da menyu ondan soruşulur. Solomon sənətçinin toyuqlu plov və keksdən heç vaxt imtina etmədiyini açıqlayıb. O, 29 yaşlı pop ulduzun yeməkdən əvvəl mütləq meyvə atışdırdığını da əlavə edib. Solomon bazar və ya bazar ertəsi həftəlik menyu göndərsə də, Rihannanın istəyi günə uyğun dəyişir. Aşbaz bir gün əvvəldən belə, sabah nə bişirəcəyini bilmir. Çünki Rihanna həmişə son dəqiqəyə qədər nə yemək istədiyini bilmir. Müğənni hər səhər 4 qaynadılmış yumurta ilə nahar edir. Yanında böyürtkən, ananas, manqo dilimləri istəyir. Gün ərzində isti limonlu su içir. Axşam təzə tərəvəz, göyərti, balıq və xərçəng yeməyi sevir.
Ledi Qaqanın sevimli yeməkləri…
Bəlkə də sizə təəccüblü gələcək. Amma Ledi Qaqa qidalanma mövzusunda çox qərarlıdır. Bir ilə yaxın davam edən dünya turunda Qaqaya yoldaşlıq etməyə başlayan, eyni zamanda ulduzun katolik məktəbindən uşaqlıq dostu olan aşbaz Bo O’Connor onun qayğısına qalır. Aşbaz dünya ulduzunun tərəvəz, bol ədviyyatlı hinduşka hamburgeri, sobada bişmiş kartof, lobya, kinoa və qril sevdiyini açıqlayıb. Müğənni günorta və ya axşam yeməyində mütləq salat istəyir: “Gərgin iş qrafiki olanda onun üçün xüsusi qidalanma proqramı hazırlayıram. Menyuda mütləq bol lifli qidalar olur. Əlbəttə, qidalandırıcı olduqları qədər də onun üçün ləzzətli yeməklər bişirirəm”.
Pop ulduzun yorğun bədənini yenidən canlandırmaq üçün də paylar hazırlanır. Çox acdıqda fındıq əzməsi və banan kimi kiçik qəlyanaltılar mütləq yanında olmalıdır. Həm dərisinin gözəlliyi, həm də özünü enerjili hiss etməsi üçün bol maye içməyə diqqət edir.
Madonna nə istədiyini söyləmir
Aşbaz Mayumi Nishimura bir dostu vasitəsilə Madonna ilə tanış olub. O, əvvəlcə Madonnanın uşaqlarına yemək bişirmək üçün işə başlayıb. Sonra isə dünya şöhrətli ulduzun dünya turu və film çəkilişi dövrlərində sanki ailənin bir üzvü olub. Hətta Nishimura ailə ilə bərabər Londona köçdüyünü deyib: “Əslində Qərb mətbəxinə bələd deyildim. Lakin Madonnanın ailəsi sayəsində zamanla onlara adaptasiya oldum. Madonnanın uşaqları balaca olanda gec saatda yemək yeyirdilər. Lakin anası heç vaxt onlarla birlikdə yemək yemir. Madonna uşaqları üçün örnəkdir. Bəzən ürəyi istəsə belə, onlara pis nümunə olmamaq üçün fast-fooddan imtina edir. Uşaqlar hamburger yemək üçün xahiş etdikdə isə onlar üçün ən yaxşı və ən sağlam hamburgeri hazırlatdırır. 8 ildir Madonna və ailəsinə yemək bişirirəm. Qərar vermə azadlığım var. Madonna nə yemək istədiyini heç vaxt söyləmir, seçimi mənim öhdəmə buraxır. Bəzən köməkçisi mənə ipucu verir. Madonnanın sevdiyi yeməklərə gəlincə, başlanğıc üçün şorba istəyir, ana yeməkdə seçimi tərəvəz olur. Avokado, həmçinin yerli və təzə meyvələri yeyir, tropik meyvələr və hazır qidalardan uzaq dayanır”.