vUQAR

Sabiq milli üzvü: “Valideynlərim latviyalı xanımla ailə quracağım üçün narahat deyillər” – MÜSAHİBƏ

Baxış sayı: 2. 092

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı karyerasını hazırda Latviyanın “Liepaya” klubunda davam etdirən Azərbaycan milli komandasının sabiq hücumçusu Vüqar Əsgərovdur.

 

–   Futbolçu olmağınıza ailənizin münasibəti necə olmuşdu?

–  Mənim futbolçu olmağım valideynlərim üçün də xoş idi. Mən uşaq olanda futbol məktəbinə yazılmaq üçün atam özü də təşəbbüs göstərmiş və məni qeydiyyatdan keçirmişdi.

 

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

Yəqin ki, diş həkimi olardım, çünki onlar yaxşı pul qazanır (gülür- T.M.). Təbii, zarafat edirəm. Heç vaxt futboldan başqa hansısa peşə haqda düşünməmişəm. Heç indinin özündə də bu barədə fikirləşmirəm. Hələ ki, futbolçu karyeramı davam etdirirəm. Gələcəkdə hansı işlə məşğul olacağımı bilmirəm.

 

– Futbolçu peşəsi elədir ki, adətən ailənizdən uzaqda olursunuz. Belə məqamlarda ən çox hansı çətinliklərlə üzləşirsiniz?

– Yaxşı sualdır. Düzdür, çətindir. Valideynlərim Sumqayıtda yaşayır. Bacım da həmçinin. Onları ən yaxşı halda futbol mövsümündə fasilə yarananda görürəm. Belə bir imkan da heç də hər zaman olmur. İl ərzində bir dəfə Azərbaycana gəlirəm. Qardaşım isə Latviyada yaşasa da, fərqli şəhərlərdə məskunlaşmışıq ki, bu da görüşmək üçün çətinliklər yaradır. Doğmalarımala hər gün danışmaqla bu çətinliyi minumuma endirməyə çalışıram. Futbolçu peşəsi belədir də.

 

– Tək yaşamağın çətinliyindən bəhs etdiniz. Maraqlıdır, niyə ailə həyatı qurmamısınız? Artıq 34 yaşınız var.

– Düzü, bu haqda düşünürəm. İnşallah, ailə quracağam. Latviyada sevdiyim xanım var. Onunla evlənməyi planlaşdırıram.

VUQAR A

– Valideynləriniz azərbaycanlı yox, latviyalı xanımla ailə qurmağınızın əleyhinə deyil ki?

– Yox, bu barədə heç bir problem yoxdur. Təbii ki, evlənməmişdən qabaq sevdiyim xanımı ailəmlə tanış edəcəm. Onlarin nə düşündüyü mənim üçün vacibdir. Amma onu da deyim ki, valideynlərim mənim seçimimə hörmətlə yanaşır. Valideynlərim latviyalı xanımla ailə quracağım üçün narahat deyillər. Anam deyir ki, əsas odur ki, sən xoşbəxt ol.

 

– Ümumiyyətlə, hər hansı bir qərar verərkən kiminləsə məsləhətləşirsiniz, yoxsa özünüz qərar verirsiniz?

– Atamla, anamla, bacımla, qardaşımla məsləhətləşirəm. Hətta ən yaxın qohumlarımı da dinləyirəm.

 

– Futbolçular adətən gündəmdə olur. Bu səbəbdən sevdiyiniz xanım sizi qısqanmır ki?

– Yox, bilir ki, futbol sadəcə mənim peşəmdir. Məni başa düşür. Heç vaxt belə bir problemlə qarşılaşmamışam.

 

– Əlinizdə imkan olsaydı, hansı xasiyyətinizi dəyişərdiniz?

– Açığı, heç bir xasiyyətimi dəyişməzdim. Mən bir müsəlman olaraq Allahın mənə bəxş etdiklərindən razıyam.

VUQAR 2

– Futbolçu karyeranızla bağlı ən çox hansı qərarınıza görə peşman olmusunuz?

– Azərbaycanda “Araz-Naxçıvan”ın sıralarına qoşulduğum üçün peşmanam. Belə alınacağını təxmin etsəydim, ora getməyə razılıq verməzdim. Həmin vaxt məni ora aparan menecer də düz hərəkət eləmədi. Amma artıq bütün bunlar keçmişdə qalıb.

 

– Maraqlıdır, orda nə baş vermişdi ki, sizi məyus etmişdi?

– Bu haqda danışmaq istəmirəm. Kaş belə olmazdı, amma bəzən belə xoşagəlməz hallarla da rastlaşırıq.

 

 

Söhbətləşdi: Tural Məmmədov

Vuqar 1

MILLI

vuqar Esgerov

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir