Müğənni Elçin Cəfərov musavat.com saytının suallarına cavab verib. “Gencaile.az” həmin müsahibəni təqdim edir:
Müğənni ilə söhbətə yeni yazdırdığı “İstədim” adı mahnısı ilə başladıq: “İstədim” adlı mahnı yazdırmışam, tezliklə işıq üzü görəcək. Mahnıda sevən şəxsin vəfasız yarına gileyi var, eyni zamanda ona qarğış da edir. Mahnı üçün rolik hazırlanır. Klip haqda düşünmürəm. Mahnı işıq üzü görəndən sonra dinləyicilərin reaksiyasına baxacağam. Sevilsə, klip çəkdirəcəyəm”.
– Uzun illərdir ki, səhnədəsiniz. Niyə konsert vermirsiniz?
– Konsert haqda düşünürəm. Pərəstişkarlarım da tez-tez soruşur. Müəyyən problemlər var ki, onları həll etmək lazımdır. Biz də onların həll olunmasını gözləyirik. Düşünürəm ki, çoxdan konsert verməliydim, gecikmişəm. Bu qədər gözləmişəmsə, gözəl iş ərsəyə gətirməliyəm.
– Elçin Cəfərov şou-biznesin ən sakit müğənnilərindən olsa da, adınız son günlər müğənni Ceyhun Əliyevlə qalmaqala qarışdı. Lakin barışıq da tez zamanda baş tutdu…
– Bu, belə də olmalı idi. Mənim adım heç bir qalmaqalda hallanmamalıdır. Bu günə kimi buna imkan verməmişəm. Ceyhunla aramızda olan da qalmaqal deyildi. Ortaya atılan bir söz var idi. O, sözünü zəng edib də deyə bilərdi, amma təəssüf ki, efirdə səsləndirildi. Buna cavab verməliydim, cavab veriləndən sonra da qarşılıqlı razılaşma oldu. Kazım Sübhanın doğum günündə rastlaşdıq. Bir-birimizi qucaqlayıb barışdıq. Çünki biz uzun illərin dostuyuq.
– Sizi tez-tez film təqdimatlarında görürük. Sizə özünüzü aktyor kimi sınamağı təklif edənlər olur?
– Əlbəttə, olur. Əsasən seriallara təklif alıram. Amma bu haqda düşünmürəm, özümü tam hazır görmürəm. İstəmirəm tamaşaçı məni süni görsün. Daim təbiiliyə üstünlük vermişəm. Nə zaman özümü aktyor olaraq hazır görəcəyəm, onda ekran işlərində rol alacağam.
– Elçin necə bir obrazda özünü görür?
– Xasiyyətimə uyğun obrazı canlandırmaq istəyərəm. Komediyada özümü görmürəm. Amma ola bilər ki, elə komediya janrında uğur qazandım. Əsas odur ki, rejissor məni necə görmək istəyir? Elə rejissorun filmində rol almalıyam ki, özümü tam təslim edə bilim.
– Çox zaman tədbirlərə həyat yoldaşınızla qatılırsınız. Ailə həyatınız necə gedir?
– Ailə həyatımızda hər şey yolundadır. Son vaxtlar tədbirlərə gec-gec qatılırıq. Çox görünəndə də yaxşı olmur. Aydan xanımla arada görünəndə maraqlı olur. Dedi-qodulardan uzaq durmağı xoşlayıram. Ona görə bəzən birlikdə görüntülənirik.
– Bəzi tanınmışlar mərasimlərə xanımı ilə qatılsa da, medianın onları görüntüləməsindən narahat olurlar. Bəzən onların tərəfindən kobudluq da görmüşük. Sizin belə narahatlığınız yoxdur?
– Xanımımla görüntülənməkdən qətiyyən narahat olmuram, əksinə xoşuma gəlir. Hamı bizi bir-birimizə yaraşdırır. İnsanlar deyir ki, sizə baxanda bizdə yüksək əhval-ruhiyyə yaranır. Bunun nəyi pisdir ki? Səmimi ailənin nümayiş olunmasının tərəfdarıyam.
– Elçin ata olmağa hazırlaşmır?
– Ata olmaq qismətdir. Hər şey Allahın əlindədir.
P.S. Qeyd edək ki, E.Cəfərov xalq şairi Sabir Rüstəmxanlının qızı Aydan ilə evlidir.