Müəyyən yaşdan sonra kişilərin əksəriyyəti saçlarının əvvəlki kimi gur olmadığından, get-gedə seyrəlməyindən şikayətlənirlər. Lakin artıq bunun da çarəsi tapılıb. Hər cür xəstəliyə qarşı dərman tapmağa çalışan tibb mütəxəssisləri bu problemin də həll yolunu tapıblar. Bu barədə bir az sonra danışacağıq.
Bəs saç tökülməsinin səbəbi nədir?
Bu sual yəqin ki, sizin üçün də maraqlıdır. Mütəxəssislərin sözlərinə görə, saç tökülməsi 90 faiz genetik yolla keçən xəstəlikdir. Bəziləri saç kremlərinin, çox papaq taxmağın saç tökülməsinə səbəb olduğunu söyləyirlər. Amma bunlar reallıqdan uzaq fikirlərdir. Saç tökülməsinin əsas səbəblərindən biri də saç köklərinin kimyəvi reaksiyalar zamanı bədənimizdə meydana gələn DHT hormonuna qarşı həssaslığıdır. Yəni sizdə bu hormonun faiz dərəcəsi nə qədər yüksək olarsa, saçınızın tökülmə riski də bir o qədər çox olar.
Saç tökülməsinə qarşı vasitələr bu məsələdə bizə necə kömək edə bilər?
Mütəxəssislərin fikrincə, bu zaman istifadə edilən saç tökülməsinə qarşı vasitələr DHT hormonun çoxalmasının qarşısını alır. Bu isə öz növbəsində saçın çoxalmasına, saç köklərinin inkişafına səbəb olur. Ancaq bu zaman diqqət etməli olduğumuz bir məsələ də var. Bilməliyik ki, saç tökülməyə başladıqdan 3-5 il sonra saç kökləri ölməyə başlayır. Aydın məsələdir ki, dərmanların ölmüş saç kökləri üzərində hər hansısa effekti ola bilməz. Buna görə də həkiminizin məsləhət gördüyü saç tökülməsinə qarşı vasitələrdən nə qədər tez istifadə etməyə başlasanız, o qədər uğurlu nəticə əldə edərsiniz.
Saç tökülməsinin digər bir səbəbi – Dieta
Saç köklərinin inkişafı bizim qəbul etdiyimiz qidalardan, vitaminlərdən çox aslıdır. Buna görə də əgər siz ağır dietaya başlamısınızsa, yəni saçın inkişafı üçün lazım olan vitaminlər qəbul etmirsinizsə, bu, get-gedə saçınızın tökülməsinə səbəb ola bilər. Buna görə də çalışın ki, hər hansısa bir dietaya başlamazdan öncə həkiminizlə bunun əks təsirləri barəsində də müzakirələr aparasınız. /ailem.az/