Saçların tökülməsinin səbəbləri

Baxış sayı: 1. 677

Trixologiya – saç və baş dərisinin problemləri ilə məşğul olan, eyni zamanda tibb elminin ən gənc sahələrindən biridir.

Əvvəllər saç problemləri ilə yalnız dermatoloqlar (dəri həkimləri) məşğul olurdu. Son zamanlar insanlar öz zahiri görkəmlərinə daha dərindən diqqət yetirdiklərindən saç problemləri ilə daha dərindən məşğul olan mütəxəssislərə ehtiyac yarandı. Çünki saç problemlərinin kökü tək dəri ilə kifayətlənməyib, endokrinologiya, nevrologiya, immunologiya, hematologiya və s. tibb sahələri ilə sıx əlaqəlidir.

Trixoloqa müraciət edən pasiyent əvvəl diqqətlə dinlənilir, sonra onun saçlarının vəziyyəti trixoskopiya, trixometriya, fototrixoqramma kimi diaqnostik metodlarla  müayinə edilir, ehtiyac olduqda ona başqa laborator müayinələr də təyin olunur. Fototrixoqramma müasir dövrdə ən unikal diaqnostika metodu sayılır. Fototrixoqrammanın vasitəsilə saçlara dəqiq diaqnoz qoymaqla yanaşı, həm də saçların müalicədən əvvəlki ve sonraki vəziyyətini müqayisə etmək mümkündür.

Ən çox rast gəlinən problem saç tökülməsi olduğundan bu barədə geniş danışmağı lazım bilirəm.

Saç tökülmələri, əsasən, androgenetik, diffuz və ocaqlı olmaqla 3 yerə bölünür.

1. Ən çox rast gəlinən problem androgenetik saç tökülməsidir ki, bu zaman kişi hormonu olan dehidrotestosteronun təsiri altında saçların tökülməsi baş verir və tökülmüş saçlar diffuz saç tökülmələrindən fərqli olaraq bərpa olunmur. Belə saç tökülməsinə həm kişilərdə, həm də qadınlarda rast gəlinir.

Belə hallarda trixoloqların məsləhətlərinə riayət edərək saçları nisbətən qoruyub saxlamaq mümkündür.

b_420_0_16777215_0___images_stories_DERISUMUKSAC_trixoqramma.jpeg

2. Diffuz saç tökülmələri müxtəlif səbəblərdən əmələ gələ bilər. Ən çox hallarda qadınlarda təsadüf edilir. Səbəblər müxtəlif ola bilər:

– Stress mənşəli saç tökülmələri

Ümumiyyətlə stress bütün orqanizmə və, o cümlədən, saçlara mənfi təsir edir. İstər kəskin və ya xroniki depressiya, istər ciddi psixonevroloji xəstəlik, istərsə də daimi gərginlik vəziyyəti saçlara stress kimi təsir gostərir. Məsələ burasındadır ki, stress zamanı sinir liflərinin uclarından bioloji aktiv maddələr olan noradrenalin, asetilxolin dofamin və s. ifraz olunur. Saç follikulları ise çox güclü innervasiyaya malik olduqlarından mərkəzi sinir sisteminə təsir edən faktorlara qarşı çox həssasdırlar. Saç follikulları ətrafında bu maddələr toplanaraq perifollikulyar iltihaba, follikul hüceyrələri ətrafina immun hüceyrələrin toplanmasına səbəb olur ki, onların da saç follikullarının hüceyrələrinə təsiri saç tökülməsinə, saç inkişafının ləngiməsinə və ya ümumiyyətlə dayanmasına səbəb olur. Bəzən belə hallara rast gəlirik – xanımın stress səbəbi ilə saçları tökülür, saç tökülməsi isə daha agır stresə səbəb olur.

– Diyeta və balanslaşdırılmamış qidalanma

Diyeta və balanslaşdırılmamış qidalanma da saç tökülməsinə səbəb olur. Siz diyetaya oturduqda və ya bir neçə kg-dan yaxa qurtarmaq üçün ac qaldıqda orqanizm mineral, vitamin və basqa həyati vacib maddələrin defisitini hiss edir. Bu defisit vəziyyəti çox vaxt güclü saç tökülmələrinə gətirib çıxarır. Çünki ekstremal vəziyyət yarandıqda orqanizm lazımi maddələrlə ən həyati vacib orqanları təmin etməyə çalışır. Belə vəziyyətdə saç orqanizm üçün arxa plana keçir. Ona görə də saç tökülməsi ilə mübarizənin əsas şərti  düzgün qidalanmanın tətbiq edilməsidir.

– Doğuşdan sonrakı dövr

Doguşdan 3-4 ay sonra qadınlarda güclü saç tökülməsi başlayır. Xalq arasında deyirlər:  “uşaq ananın üzünə güləndə, ananın saçı tökülür”. Əslində bunun “uşağın gülməsi” ilə heç bir əlaqəsi yoxdur. Hamiləlik zamanı yüksək miqdarda olan hormonlar saçlara gözəl təsir edir. Doğuşdan sonra hormonlar azalmaga başlayır, saçlara olan təsir isə 3 ay çəkir. Bu isə uşağın gülməsi ilə eyni vaxta düşür. Əgər bu dövrdə qadında hər hansı qidalı maddələrinin defisiti, stress vəziyyəti və s. yaranarsa, sağlamlıq problemləri əmələ gələrsə, bu proses daha uzun çəkər və saçların bərpası üçün mütəxəssisə müraciət etmək lazım gələr.

– Hormonal pozulmalar

Muxtəlif hormonal pozulmalar da saç tökülməsinə səbəb olur. Cinsi yetişkənlik  dövründə, menopauza dövründə saçlar tökülməyə meyilli olur.

– Bəzi dərman preparatlarının qəbulu

Bəzi dərmanların (qıcolma əleyhinə, antidepressantlar, neyroleptiklər və s.) uzun müddət ərzində qəbulu reaktiv saç tökülmələrinə səbəb ola bilər.

Həmçinin saçlara düzgün qulluğun edilməməsi, kimyəvi boyaların tez-tez istifadəsi, kimyəvi burulmalar və s. saçların keyfiyyətini pisləşdirərək tökülməyə səbəb ola bilər.

3. Ocaqlı allopesiya isə əsasən autoimmun bir prosesdir. İnsanın öz immun sistemi saç follikullarını “yad cism” kimi qəbul edərək onları məhv etməyə başlayır. Saçların ocaqlı tökülməsi bir dəfədən artıq təkrarlanarsa, pasiyentə xüsusi müayinələr təyin olunur ki, bunun dəqiq səbəbi araşdırılsın. (saglamolun.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir