Pandemiyanın ilk günlərində insanların COVID testi verməsi, ümumiyyətlə, test verməkdən qorxmamaları üçün maarifləndirmə işi aparırdıq. Bəzi insanlar test nəticələrini gizlədir, ümumiyyətlə, COVID testi verməkdən çəkinirdilər. “Əsasları” da var idi: bizə yalandan xəstəlik yazacaqlar. Hətta qız COVID olduğu üçün nişanı qaytaranlara belə rast gəlmişdik. O günlər çox da uzaqda deyil. İndi isə insanlar maariflənib, hamı test verir, lakin testin nəticələri bəzən 4-5 günə gəlir. Nəzərə alaq ki, hazırda karantin müddəti 7 gündür. Əgər cavab 5 günə gəlirsə, bu halda test vermək vaxt itkisi deyilmi? Vətəndaş o 5 gün ərzində ətrafdakıları yoluxdurmurmu? Üstəlik, xəstə həkimə müraciət etdikdə həkim testin cavabı olmadığından müalicə tətbiq edə bilmir. Bu zaman xəstənin vəziyyəti vaxtında müalicəyə başlanılmadığı üçün ağırlaşır. Elə xəstələr var ki, müalicənin gec başlanması ölümə səbəb olur.
“Yaz gələr yonca bitər”
Məsələn, Günel özündə halsızlıq hiss edib, test vermək istəyib. 4 gün ərzində nə təcili yardım çağıra bilib, nə də test verə bilib: “Təsəvvür edirsiniz, 4 günə evə gəldilər, analiz götürdülər, cavablar da 5 günə çıxır. 2 gün sonra da sahə həkimi gəlib dərman verəcək. Atalar demiş, ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər məsəli…”
Fərhad da 4 gündür ki, testin cavabını gözləyir: “4 gün keçib, hələ də testimin cavabı gəlmir. 3 günə də artıq sağalacağam. Verdiyim testin nə mənası var?”
Sosial platformalar bu kimi statuslarla çalxalanır. “Omikron”un digərlərinə nisbətən qısa müddət sağalma ehtimalını nəzərə alsaq, xəstə sağalana yaxın testinin cavabı gəlir. Bu problem nədən qaynaqlanır? Axı biz bu virusu yeni tanımırıq. Buna hazır deyildikmi? Dövlət xəstəxanalarında bu problemin həlli gözlənilirmi?
“Prosesin sürətləndirilməsi üçün addımlar atılır”
TƏBİB nümayəndəsi Elnarə Baxış bildirdi ki, “omikron” variantının aşkarlanması ilə əlaqədar dövlət tibb müəssisələrinə test üçün müraciətlərin sayı kütləvi şəkildə artıb. Bu da mövcud laboratoriyaların iş yükünün artmasına səbəb olub. Ümumilikdə, götürülən testlərin nəticəsinin daha da tez açıqlanması və prosesin sürətləndirilməsi məqsədilə mütəmadi addımlar atılır və bundan sonra da bu istiqamətdə proses davam etdiriləcək”.
“İş yaxşı təşkil edilməyib”
Həkim-ekspert Aydın Əliyev deyir ki, bu prosesdə nə həkimləri, nə də vətəndaşları qınamaq olar: “Test nəticələrinin gecikməsi ilə bağlı şikayətlər çoxdur. Bunun əsas səbəbi işin yaxşı təşkil edilməməsidir. Bu prosesdə nə təcili yardım işçilərini, nə sıravi həkimləri, nə də sahə həkimlərini qınamaq düzgündür. İşin təşkil olunması aidiyyəti rəhbər strukturları tərəfindən həyata keçirilməlidir. Yoxlama məntəqələri, laboratoriyalar istənilən səviyyədə olmalı, daha çox işçi cəlb edilməli, onlar normal məvaciblə təmin edilməlidir ki, analizlərin vaxtı ilə də bağlı problem yaranmasın”.
Problem vətəndaşdadır?
Həkim vurğulayır ki, biz məsuliyyəti vətəndaşlardan gözləyirik. Amma istənilən halda problemi vətəndaşın üzərinə yıxmaq düzgün deyil: “Son zamanlarda çox eşidirəm ki, insanlar yoluxur, sağalır, ondan sonra ona cavab gəlir ki, yoluxmusunuz və karantinə alınır. Testin cavabı 5 günə gəlir və həmin 5 gün ərzində yoluxmuş şəxs insanları yoluxdurur. Məsuliyyətli şəxs olsa və virusla bağlı hansısa əlaməti hiss etsə, özünü təcrid edəcək. Amma bilirsiniz ki, məsuliyyətli insanların da sayı çox azdır. İstənilən halda, sözügedən problemi vətəndaşların üstünə yıxmaq düzgün deyil. Həmişəki kimi, işin təşkilində problem var”.
Əgər yoluxma sayı çoxdursa…
İnfeksionist Mərdan Əliyev deyir ki, yoluxma sayı rekord həddə olduğu üçün test nəticələri gec verilir: “Ötəni il yüksək yoluxma dalğasında da belə oldu. Yoluxma sayı 5 minə qalxanda xaos vəziyyəti yaranırdı. İndi isə 6-7 minin üzərindədir. Məsələyə bu tərəfdən yanaşdıqda, əslində, nəticələrin gecikməsinin obyektiv səbəbləri var. Çünki laboratoriyalarda reaktiv aparatların limitləri var, reaktivləri limitdən artıq qoymaq olmur. Belə olan halda da əgər yoluxma sayı çoxdursa, çatdıra bilmirlər və analizlərin cavabı gecikir”.
“Məsələni həll etmək çətindir”
İnfeksionist vurğulayır ki, həkim sayında da problemlər mövcuddur: “Analizlər daha tez götürülsün deyə, həkim sayı çoxaldıla bilər. Amma aparat məsələsini həll etmək çətindir. Ona görə də belə hallar baş verir. Bu, obyektiv məsələdir”.
“Yüksək qızdırması olan xəstələrin nəticəsi önə salınmalıdır”
Həmsöhbətimizin sözlərinə görə, xəstə çoxluğu dünyanın hər yerində bu cür problemlər yaradır, lakin müəyyən qaydalarda dəyişiklik etmək olar: “Bunun qarşısını almaq üçün, ağır xəstələri ilkin mərhələdə test etmək və nəticələrini vermək lazımdır. Bəzi xəstələr var ki, simptomları yoxdur, analiz verirlər. Onlar öz məsuliyyətlərini başa düşüb evdə qala bilərlər. Amma xəstəliyi ağır keçirənlərin test cavabı tez verilməlidir ki, müalicəsinə başlanılsın. Bu məsələni növbələşdirmək lazımdır. Yüksək qızdırması olan, pnevmoniya keçirən xəstələrin nəticəsi önə salınmalıdır”.
İnsan anlayışlıdır, bəs virus?
Ötən dalğada da TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva testin cavablarının gecikməsini yoluxma sayının çoxluğu ilə əlaqələndirmişdi. O, vətəndaşlara müraciət edib bu məsələdə anlayışlı olmağa çağırmışdı.
Biz də Yaqut xanımı dəstəkləyib, bu virusla mübarizə aparmaqda vətəndaşları səbirli, təmkinli, anlayışlı olmağa səsləyək. İnsan anlayışlıdır, bəs virus? Virusa etibar edə bilərikmi?
Aygün Əziz