mekteb

Şagird yerdəyişməsi: səmərəlilik, keyfiyyətlilik və hesabatlılıq

Baxış sayı: 451

Avqustun 4-dən etibarən 2022-2023-cü tədris ili üzrə II-IX və XI siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib. İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələri Heydər Əliyev adına lisey, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli Təhsil Kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb,  İlyas Əfəndiyev adına Elitar gimnaziya, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi,  “Zəngi” liseyi, Bakı Avropa Liseyi, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi,  Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbidir.

Sözügedən ümumi təhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək.

Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.  Elektron xidmətin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq, icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarəti gücləndirmək, həmçinin, vətəndaş məmnuniyyətini təmin etməkdir.

Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə), ilk növbədə, elektron sistemdə şəxsi kabinet yaradaraq övladını qeydiyyatdan keçirir. Valideyn (digər qanuni nümayəndə) övladını dəyişmək istədiyi məktəbdə tədris dili, xarici dil, təmayül istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir. Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi barədə əvvəl oxuduğu məktəbə avtomatik bildiriş göndərilir. Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir.

Azərbaycan vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkənin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS (Ümumi Təhsil İnformasiya Sistemində şagirdə məxsus unikal kod)  kodu tələb olunur. Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir. Yerdəyişmə dərs ilinin hər hansı yarımili ərzində baş verərsə, valideynə şagirdin fənlər üzrə summativ qiymətləndirmə nəticələrinin əks olunduğu arayış da təqdim edilir. Müəyyən edilən müddət keçdiyi halda müraciət ləğv olunur və bu barədə valideynin (digər qanuni nümayəndənin) şəxsi kabinetinə məlumat göndərilir.

Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə), ilk növbədə, www.sy.edu.az portalına daxil olaraq elektron sistemdə şəxsi kabinet yaratmalı və övladını qeydiyyatdan keçirməlidir. Vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil etdikdən sonra əldə olunmuş məlumatları təsdiq edir, daha sonra istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə daxil olan SMS-də göstərilmiş təsdiq kodunu müvafiq açılan pəncərəyə daxil edir və qeydiyyat tamamlanır. Valideyn FİN və ya UTİS kodu ilə övladının qeydiyyatını tamamlayır.

Nazirlikdən bildirilib ki, yerdəyişmə sorğusuna imtina verilə bilər. Sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün olmur. Xarici dil, təmayül istiqaməti uyğun gəlmədikdə imtina verilə bilər. İstisna hallar olduqda  sorğu şəhər (rayon) təhsil şöbələri tərəfindən təsdiq edilə bilər.

X-XI sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsinə I-IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi zamanı olan prosedur əsasında ailəsi ilə birlikdə yaşayış yerini (rayonu, şəhəri) dəyişdiyi halda (yerdəyişmənin məqsədəuyğunluğu müvafiq sənədlər əsasında elektron sistemdə və ya R(Ş)TŞ(İ) tərəfindən təsdiq edildikdə) yol verilir.

Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycanın məktəblərinə yerdəyişməsi valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin qeydiyyatı aparılmaqla sistem vasitəsilə həyata keçirilir. Valideyn ilk əvvəl yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşaraq övladının “Ümumi təhsil informasiya” alt sisteminə  daxil edilməsi üçün müraciət etməlidir. Məktəb həmin uşağı bazaya daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir.

Valideyn (digər qanuni nümayəndə) övladının işğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəbə (bundan sonra – məcburi köçkün məktəbi) yerdəyişməsi üçün sorğu yerləşdirərkən onun məcburi köçkün olması elektron sistem vasitəsilə yoxlanır.  Valideynin məcburi köçkün olmasını təsdiq edən sənəd elektron sistemdə müəyyən edilməzsə, bu barədə müvafiq sənəd skan olunmuş şəkildə sistemə yerləşdirilir.

Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilmir. Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün ailəsindən olmayan şagirdlər bu və ya digər səbəblərdən məktəbi dəyişmək istədikdə onlar təhsillərini yalnız yerli məktəbdə davam etdirə bilərlər. Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yalnız həmin köçkün məktəbindən ən azı 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, şagird yerdəyişmələrinin elektronlaşdırılması müsbət haldır: “II və XI sinif şagirdlərinin bir məktəbdən digər məktəbə keçirilməsinin elektronlaşdırılması bu sahədə olan qeyri-şəffaflığın qarşısını alıb. 2019-2020-ci tədris ilindən həyata keçirilən bu prosesin yalnız müsbət tərəfləri var. Bir sıra hallarda şagird köçürmələri ciddi problemlərlə, bəzi məktəb direktorlarının yaratdığı süni əngəllərlə müşayiət olunurdu. Yəni valideyn müraciətlərinə onlar “yer yoxdur” cavabını verir, valideyn və şagirdlərə qarşı haqsızlıq edirdi, onları get-gələ salırdı. Bu problemlər vardı. Əlbəttə, bu da müəyyən hallarda şagirdin təhsildən yayınmasına səbəb olurdu. Yəni şagird sənədlərini məktəbdən alıb gedirdi və yenidən məktəbə qayıtmırdı. Ancaq indi bu proses elektronlaşdırma vasitəsilə mərkəzləşdirilmiş qaydada həyata keçirilməyə başlayıb. Bu problem də aradan qalxıb”.

Nadir İsrafilov qeyd edir ki, şagirdlərin ümumi təhsil müəssisələrinə elektron qaydada yerdəyişməsinin tətbiq edilməsində əsas prinsiplər – şəffaflıq, səmərəlilik, keyfiyyətlilik və hesabatlılıqdır.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir. Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradır.

Professor bildirir ki, şagirdlərin ümumi təhsil müəssisələrinə elektron qaydada yerdəyişməsi təhsilin inkişafı üzrə dövlət strategiyası çərçivəsində həyata keçirilən işlərin tərkib hissəsidir: “Elektron xidmət ölkənin bütün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsini və ya eyni məktəb daxilində sinfinin dəyişdirilməsi məqsədilə müraciətlərini qeydə alan, bu müraciətlərin elektron qaydada baxılmasını və icra edilməsini təmin edən elektron xidmətdir. Bu elektron xidmətin yaradılmasında başlıca məqsəd şagirdlərin hərəkəti prosesinin elektron qaydada avtomatlaşdırılması və nəticədə mümkün qədər insan faktorunun azaldılması, prosesin sadələşdirilməsi və vətəndaş məmnuniyyətinin təmin edilməsidir. Sistem məktəb məlumatlarının əldə olunması, yerli idarəetmə orqanları üçün nəzərdə tutulan interfeys, valideyn interfeysi, qeydiyyat, uşağın qeydiyyatı, yeni sorğunun yerləşdirilməsi, özəl məktəblərə keçid halı, gözləmə menyusu, sorğunun cari statusunu görmək imkanı, onlayn dəstək kimi funksionallıqlardan ibarətdir”.

 

Sevinc QARAYEVA

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir