mektebli

Şagirdlər məktəbə hansı “forma”da gedəcəklər?

Baxış sayı: 723

Bugünlərdə ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiq edilib. Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, məktəblərdə dərslər sentyabrın 15-də başlayacaq və iyunun 14-dək davam edəcək. İndi valideynləri düşündürən əsas sual yeni tədris ilindən şagirdlərin məktəbə hansı geyimdə gedəcəyidir. Çünki, bu ilin iyul ayında Təhsil Nazirliyi məktəblilər üçün yeni geyim nümunələrini təsdiq üçün təqdim edib.

Ölkə məktəblilərinin mütləq əksəriyyətinin geyindiyi məktəbli forması istehsalçısı olan Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov bildirir ki, onlara hələ ki, yeni məktəbli formalarının istehsalı ilə bağlı hər hansı göstəriş verilməyib:

“Yeni tədris ili ilə əlaqədar biz artıq əvvəlki illərdə satdığımız məktəbli formalarının satışına başlamışıq. Əvvəl satdığımız məktəbli formalarının istehsalı bu gün də davam edir. Yeni geyim nümunəsi bizə təqdim olunmayıb”, – deyə E.Əzimov bildirir.

mektebli

Onun sözlərinə görə, BTE-nin istehsalı olan məktəbli formaları indi “Bravo” marketlərdə də satışa çıxardılıb: “BTE metroların çıxışındakı – “20 Yanvar, Həzi Aslanov, Koroğluda yerləşən Bravo hipermarketlərində və BTE-nin baş ofisində, eləcə də Razindəki mağazasında məktəbli formalarını satışa çıxardıb. Artıq valideynlər indidən məktəbli forması almağa başlayıblar. Mağazalarımızda satış var”.

E.Əzimov deyir ki, məktəbli formalarının qiymətində hər hansı dəyişiklik edilməyib:

“Məktəbli formalarının qiymətində heç bir dəyişiklik olmayıb. I-VI siniflər üçün kostyumun qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün kostyumun qiyməti isə 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Köynəklərin qiyməti 26-dan 54 ölçüyədək 8 manatdır”.

“Bravo” supermarketləri şəbəkəsindən isə redaksiyaya bildirdilər ki, I-VI sinif oğlanlar üçün kostyumun qiyməti 39 manat 98 qəpikdir. 26-54 ölçülü ağ köynək isə 7 manat 99 qəpiyə təklif olunur. Qızlar üçün 26-44 ölçülü pencək-ətək də eyni qiymətə satılır.

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov  bildirir ki, yeni məktəbli forması layihəsi hələ ki, təsdiqlənməyib. Ona görə də şagirdlər bu tədris ili əvvəl geyindikləri formanı geyinə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyinin təqdim etdiyi layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

– Ətək və şalvar – qara, tünd-qəhvəyi, tünd-boz, tünd-göy və qəhvəyi-yaşıl;

– Köynək – ağ, dəri, mavi, açıq-yaşıl və açıq-sarı;

– Jaket – tünd-boz, qəhvəyi, tünd-göy, tünd-yaşıl və açıq-qəhvəyi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir