tZNKatVt3lfXx06WDH6QuWJIKyYnIta1s3pCXjdr

Sağlam yaşlanmağa xidmət edən mərkəz - REPORTAJ

Baxış sayı: 515

Yaşlı insanlar üçün qayğı, onların sağlamlığını qorumaq, müstəqil həyatlarını davam etdirmələrinə kömək etmək sosial siyasətin əsas vəzifələrindəndir. Dünya təcrübəsində onlara yönəlik mərkəzlər müxtəlif şəkildə xidmət verir. Bu dəfə əhalinin yaşlı təbəqəsi üçün xidmət göstərən Səhiyyə Nazirliyi Bakı Şəhər Herontoloji Mərkəzinin fəaliyyəti haqqında söhbət açacağıq.

Dünya əhalisi sürətlə yaşlanır…

Dünya əhalisinin təxminən 10-11 faizi 65 və daha yuxarı yaş qrupundadır. BMT-nin proqnozuna görə, 2050-ci ilə qədər dünya üzrə bu yaş qrupunda olan insanların sayı 1,6 milyarda çatacaq. Ölkəmiz də dünyada gedən bu prosesdən kənarda deyil. Azərbaycanda 2015-ci ildə 60-dan yuxarı yaşda olan insanların payı təxminən 9,5 faiz idisə, 2025-ci ildə bu rəqəm 15,5 faizə yüksəlib. Yuxarı yaş qrupunda olan əhalinin sayının artması onlara göstərilən qayğı və xidmət imkanlarının genişləndirilməsi tələbini aktuallaşdırır.

Bakı Şəhər Herontoloji Mərkəzi necə yaranıb?

Mərkəzin sahəsi böyük deyil. İçəridə kifayət qədər yaşlı insan var ki, bu da tələbin çox olduğunu deməyə əsas verir. “Bakı Şəhər Herontoloji Mərkəzi” Publik Hüquqi Şəxsin direktor vəzifəsinin icraçısı Nailə Əhmədova fəaliyyətləri ilə bağlı ətraflı məlumat verir: “Bakı Şəhər Herontoloji Mərkəzi demoqrafik dəyişiklikləri, herontologiya və heriatriya  sahəsində uzun illərin təcrübəsini nəzərə alaraq Səhiyyə Nazirliyi kollegiyasının qərarı ilə 2020-ci ildə “Sağlamlıq sahəsi” poliklinikasının əsasında yaradılıb. Məqsəd yaşlı insanlara daha ixtisaslaşmış və keyfiyyətli tibbi yardım göstərməkdir”. Nailə xanımın sözlərinə görə, dünya təcrübəsini öyrənib, Azərbaycanda da tətbiq etmək məqsədilə, mərkəzin həkimləri mütəmadi olaraq yerli və xarici konfranslarda, seminar və kurslarda iştirak edirlər.

Mərkəz müxtəlif qurumlarla birgə elmi araşdırmalar aparır, yaşlı insanları asudə vaxtlarını daha səmərəli keçirmələri üçün art-terapiya ilə məşğul olan qurumlara yönləndirir, maarifləndirmə işləri apararaq əhalinin sağlamlığının profilaktikasının və qorunmasının təşkilində iştirak edir.

Mərkəzin əsas fəaliyyəti vaxtından əvvəl qocalmanın profilaktikası, sağlam yaşlanma və herontoloji yaş dövrünün aktiv keçirilməsidir.

 

Yaşlı insanları daha çox narahat edən xəstəliklər

Nailə xanım deyir ki, yaşlı insanlar daha çox ürək-qan-damar, həzm, sinir, endokrik, sidik-cinsiyyət, sümük-əzələ sistemi xəstəlikləri, görmə, eşitmə zəifliyi kimi patologiyalarla müraciət edirlər. Onun sözlərinə görə, müraciət üçün şəxslərdə xəstəliklərin olması mütləq deyil, profilaktik olaraq da müayinədən keçib, məsləhət ala bilərlər.

Müraciət edən pasiyentlərə terapevt, ehtiyac olduqda dar ixtisas həkimləri – kardioloq, nevropatoloq, endokrinoloq, uroloq, okulist, burun-boğaz-qulaq və s. həkim xidmətləri göstərilir. O cümlədən yaşlı insanlara heriatrın konsultasiyası keçirilir, laborator analizlər, EKQ və ultrasəs müayinəsi aparılır.

Mərkəzdə müayinədən keçib müvafiq müalicə almaq üçün vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət edə bilərlər. Bu, həm yaşlılara, həm də cavanlara aiddir.

Müraciət edənlər ildən-ilə artsa da…

Həmsöhbətimiz mərkəzə müraciət edənlərin sayının ildən-ilə artdığını deyir: “2020-ci il üçün müraciət sayı ümumi olaraq 1294 nəfər olub ki, onlardan 789 nəfəri təqaüdçü idi. 2025-ci ilin dekabr ayının əvvəlinə olan ümumi müraciət 2546 nəfər olub və onlardan 1644 nəfəri təqaüdçüdür”.

Mərkəz rəhbəri vurğulayır ki, yaşlı insanların sağlamlığı ilə məşğul olan həkim heriatrın işi təkcə xəstəliklərin müalicəsi deyil. O, pasiyentin ümumi halını qiymətləndirib, yaşla əlaqədar yaranan dəyişiklikləri, xroniki xəstəlikləri və onların bir-birinə təsirini nəzərə alır: “Məqsəd yaşlı insanların həyat keyfiyyətinin yaxşılaşdırılması və ömürlərinin uzadılmasıdır. Pasiyentin hansı şəraitdə yaşadığını, çalışdığını araşdırmaq, onu narahat edən amilləri aşkarlamaq, mümkün olduğu qədər mənfi amillərin aradan götürülməsini təmin etməkdir”.

 

Özünəqulluq həvəsləri artıb

Nailə xanımın sözlərinə görə, son zamanlar yaşlı insanlarda özünəqulluq həvəsi artıb: “Əvvəllər 60 yaş və üzəri pasiyentə onda bəzi dəyişikliklər olduğunu deyəndə, bunu yaşla əlaqələndirib heç bir şey etmək istəmirdisə, hazırda aktiv, sağlam və dolğun həyat yaşamaq istəyən yaşlı insanlarımız çoxalıb. Tənha yaşlı insanlarımız son zamanlar sosiallaşmağı, fiziki aktivliyi, səhhətinin mütəmadi yoxlanılmasını daha üstün tuturlar”.

Kişilər müayinə olunmaq istəmirlər

Nailə xanımın dediyinə görə, xanımlarla müqayisədə kişilər mərkəzə müraciət etməkdə o qədər də həvəsli deyillər: “Elə kişilər var ki, həyat yoldaşlarını gətirir müayinə etdirir, amma özləri müayinə olunmaq istəmirlər”.

Qeyd edək ki, Herontoloji Mərkəz ambulator tipli müəssisədir. Burada stasionar müalicə mövcud deyil. Pasiyentlər yalnız mərkəzə gəlib, müayinələrdən keçib, müvafiq müalicələri qəbul edirlər. Kurs müalicələr də mərkəzdə keçirilir. Evdə tibbi xidmət təşkil edilmir.

Onların xoş əhval-ruhiyyəsi

Fürsətdən istifadə edib mərkəzə gələn yaşlı insanlardan bəziləri ilə söhbət edirik. Məlum olur ki, müayinə, idman üçün gələnlərlə yanaşı, ümumi xoş-əhval ruhiyyə sorağında olanlar da az deyil. Həmsöhbət olduğumuz Nigar İbrahimova bir müddət əvvəl insult keçirdiyini və əlini hərəkət etdirə bilmədiyini deyir: “Rəfiqələrim bu mərkəz barəsində məlumat verdilər. Gəldim və həkim nəzarəti altında idman hərəkətləri etməyə başladım. Qısa zamanda çox faydasını gördüm. Artıq əl-qolumu rahat işlədə bilirəm”.

Burada idmanla məşğul olan Leyla Əliyeva da mərkəzə gəlməyin ona çox fayda verdiyini deyir: “Artıq neçə ildir ki, gəlirəm. Əlim-ayağım tutulurdu. Amma indi hamısı keçib. Hava yağışlı olsa da, gəlirəm. Evdə bu cür idman edə bilmirdim”.

 

Aygün İbrahimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir