INTERNET

Şantajdan necə qorunmalı? – QADINLARIN MENYUSUNA

Baxış sayı: 1. 938

Vaxtaşırı ölkə mediasında ən çox yayılan məlumatlardan biri də şantajdır. Ən çox şantaj qurbanı olanlar isə adətən gənc qızlar olur. Şantaj illərin problemidir. Bu isə ya pul qazanmaq, ya qisas almaq, ya da sadəcə xuliqanlıq etmək, öz aləmində bundan kef almaq məqsədilə edilir.

Elm və texnikanın inkişafı o mərhələyə çatıb ki, artıq bütün həyat elektronlaşır, məxfilik imkanları azalır, təhlükələr və risklər artır. Xüsusilə də internet, mobil telefonlar və onların çoxsaylı funksiyaları icad olunandan bəri ağla gələn və gəlməyən hər bir hoqqalar çıxarılır.

Maraqlıdır, insanların həyatı, taleyi ilə oynayan, şəxsiyyətini sarsıdan, fiziki, maddi, mənəvi zərbələr vuran bu qara bəladan – şantajdan necə qorunmalı, arzuolunmaz vəziyyətlərə düşməmək üçün nə etmək, nələri bilmək lazımdır?

 

Gənc qızların şantaj edilməsi hallarının çoxaldığını vurğulayan “Təmiz Dünya”  Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, uşaqlar valideyn tərbiyəsindən çox da yararlana bilmirlər: “Valideyn tərbiyəsi burada mühüm rol oynayır. Əksər valideynlər məşğul olduqları üçün övladlarına kifayət qədər vaxt ayıra bilmirlər. Əvvəllər qadınlar evdə uşaqların tərbiyəsi ilə məşğul olurdu, kişilər qazanc gətirirdi. Bu gün isə qadınlar da hər hansı işlə məşğul olurlar və övlada nəzarət kifayət qədər mümkün olmur. Problemlərdən biri də ana-övlad arasında pərdə, abır və yaxud “Anaya hər şey demək olmaz” tərbiyə sisteminin hələ də qalmasıdır”.

M.Zeynalovanın sözlərinə görə, sosial şəbəkələrin verdiyi imkanlar da gənclərin aldadılmasına gətirib çıxarır: “Kifayət qədər sosial şəbəkə var. Hansısa məqsədləri həyata keçirmək üçün sosial şəbəkələr əlverişli situasiya yaradır. Yəni bunun üçün əlavə xərclər lazım deyil. Gənclər arasında biri-birinə rahat əlçatanlıq başqa mənfi məqsədlər üçün istifadə olunur. Tək qalmış, hansısa qayğıya, xoş sözə ehtiyacı olan adamları cəlb etmək çox rahat olur. Üzünü görmədən, yaxud çətinlik çəkmədən xoş sözlərlə kimisə ələ almaq asan olur. Bu cür hallar təbii ki, sui-istifadəyə gətirib çıxara bilir. Çünki qarşı tərəfi kifayət qədər inandıra bilirlər, diqqət göstərirlər. Bütün enerjilərini bu diqqətə yönəldirlər. Qarşı tərəf hesab edir ki, edilən təkliflər ciddidir və onun arxasında böyük sevgi dayanır. Ətrafda baş verən sevgisizlik, diqqətsizlik buna daha çox rəvac verir”.

Təşkilat sədri bildirib ki, qadınlar qorxularından şantajla bağlı problemləri gizlədirlər: “Əslində, çoxları bu barədə danışmırlar. Bu problemi, qorxunu tək keçirirlər. Amma müraciət edənlər də olur. Təşkilat haqqında məlumatlı olanlar müraciət edirlər. Amma hər kəsin bizim təşkilat barədə məlumatı da yoxdur. Yaxud, ətrafdan, qohumların təhdidlərindən qorxurlar. Şantajın əsas təhdidləri “qardaşına, qohumlarına deyəcəm”, “səni biabır edəcəm”dir. Qadın ittiham olunacağından, günahkar çıxarılacağından qorxaraq bunları açıqlamır və susur. Bizə müraciət edənlərin əksəriyyətində bu ifadələr var”.

M.Zeynalovanın sözlərinə görə, bu cür siqnallar onu göstərir ki, hansısa dəyişikliyə ehtiyac var: “Gənc qızların kifayət qədər şantaj olunması halları var. Bununla bağlı qanunvericilikdə ciddi radikal addımların atılmasına ehtiyac var”.

 

Psixoloq Elman Cahangirlinin sözlərinə görə, insanların iradəsinin əleyhinə gedərək, şəxsi həyata müdaxilə edərək məlumatların, şəkillərin, video-görüntülərin yayılması, buna məruz qalan şəxsin bütün həyatını məhv edə bilər: “Belə iş tutan şəxslər düşünməlidir ki, çirkin əməli ilə kiminsə həyatını əbədi olaraq ləkələyirlər. Belə hallar dünyanın hər bir ölkəsində olur. Bu kimi əməlləri törədənlərə ciddi cəzalar verirlər”.

Psixoloq hesab edir ki, bu problemin həlli üçün maarifləndirmə işi aparmaq və ciddi cəzalar tətbiq etmək lazımdır. Əks halda, şantaj, çirkin təxribatlar intiharlara və qətllərə səbəb ola bilər:

“Əslində, insanların şəxsi həyatına dair şəkilləri, videoları yayanlar anlaqlı adamlardır və bunu daha çox gənclər edirlər. Onlar xəstə deyillər, sadəcə əylənmək, qisas almaq, əziyyət vermək üçün bu cür çirkin işi tuturlar. Həmin insanlar psixopatdırlar”.

Mütəxəssis məsləhət görür ki, hər hansı insanın, xüsusilə də xanımların başına belə iş gələrsə, bunu faciələşdirməsinlər: “Qızlar hesab edir ki, insanlar əbədi olaraq onlar haqda pis düşünəcək. Ancaq belə deyil, bir dəfə həmin kadra baxıb həmin qızı qınayırsan və sonra yaddan çıxıb gedir. Yox, əgər əziyyət çəkirsə, mütəxəssisə müraciət etsin. İntihardan, evdən qaçmaqdansa aidiyyəti orqanlara müraciət etmələri, psixoloqla danışmaları daha məqsədəuyğundur. Atası, qardaşı tərəfindən həyatına təhlükə olan təqdirdə isə əvvəlcədən şantaj olunduğuna dair polisi məlumatlandırmalıdır. Bu zaman polis hadisəni nəzarətdə saxlayacaq, şantajçını məsuliyyətə cəlb edəcək. Hadisədən polis xəbərdar olduğu üçün də atası, qardaşı ona nəsə edə bilməyəcək”.

SANTAJ

 

Hüquqşünaslar isə hesab edir ki, kiminsə şəkillərini, videolarını telefonla çəkib yaymaq, ailəsinə göndərməklə şantaj etmək qanunvericilklə qadağandır. Kriminalist-ekspert Müzəffər Baxışın sözlərinə görə, ilk əvvəl şantaj edən şəxsin niyyətinin nədən ibarət olduğunu aydınlaşdırmaq lazımdır. M.Baxışın fikrincə, kimlərinsə barəsində rüsvayedici məlumatların yayılması, həmin şəxsdən maddi sərvətlər əldə etmək məqsədilə törədilirsə, bu, cinayət əməlidir. Belə şəxslər cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır. Əgər əmlak əldə etmək məqsədilə hədə-qorxu gəlinirsə, bu, Cinayət Məcəlləsində hədə-qorxu ilə tələb etmə (182-ci maddə) əməli kimi tövsif olunur. Amma elə şantajlar olur ki, onlar maddi sərvətlər əldə edilməsi məqsədilə törədilmir. Qisas almaq, rüsvay etmək niyyəti güdür. Məqsədindən asılı olmayaraq şantaj edən şəxs hüquqi məsuliyyət daşıyır. Odur ki, şantajla təhdid olunan, şantaja məruz qalanlar, hətta özü barədə şantajedici məlumatların yayılacağını ehtimal edənlər, dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir