saqqiz

Saqqız iddia edildiyi qədər faydalıdır, yoxsa…

Baxış sayı: 655

“Eh, qarı nənə, sən bunun qədrini haradan biləsən? Əla fransız saqqızıdır. Dişləri təmizləyir, dibini bərkidir. İndi bütün dünya saqqız çeynəyir”. Afətin bu sözləri, yəqin ki, “Qayınana” filmindən hər kəsə tanışdır. Futbol qarşılaşmalarını izləyərkən  məşqçilərin, futbolçuların da saqqız çeynədiyini görürük. Xüsusən də “Real”ın baş məşqçisi Karrlo Ançelotti saqqızı elə həvəslə çeynəyir ki…  Saqqız reklamlarında da bu məhsulun faydaları sadalanır. Elə bu faydaları əsas gətirib bütün gün saqqız çeynəyənlər də olur. Ancaq saqqızı pis vərdiş hesab edənlər də az deyil. Belə sual yaranır: saqqız iddia edildiyi qədər faydalıdır, yoxsa…

 

Asılılıq yaratması üçün…

Terapevt Sübhan Hacıyev deyir ki, saqqız çeynəmək insanlarda vərdiş halına çevrilib: “Saqqız çeynəmək pis vərdişlərdən biridir. İnsan beyni elə proqramlaşıb ki, vərdiş etdiyi adətləri asanlıqla rədd edə bilmir. Lakin bütün saqqızların əsasını sintetik kimyəvi maddələr təşkil etdiyini bilməliyik.  Saqqız çeynəməni vərdiş və asılılıq halına gətirmək üçün müxtəlif şirkətlər onun tərkibinə kimyəvi dadlandırıcı konservant (aspartam, limon turşusu, sorbitol) və aromatizator maddələr də əlavə edirlər”.

 

Xeyri var, amma…

S.Hacıyevin sözlərinə görə, saqqızın müəyyən qədər xeyirləri mövcuddur: “Gün ərzində 2 dəfədən daha az və 10 dəqiqədən artıq çeynəməmək şərti ilə müəyyən xeyri var. Dişlərin qidadan sonra təmizlənməsi üçün köməkçi vasitə qismində istifadə olunur. Çətin həzm olunan qidaların qəbulu zamanı mədə şirəsinin ifrazatını artıraraq həzmə kömək edə bilir. Damaqları və çeynəmə əzələlərini bərkidir”.

 

Ziyanı qat-qat çoxdur

S.Hacıyev bildirir ki, saqqızın vurduğu ziyan verdiyi faydadan qat-qat çoxdur: “10 dəqiqədən artıq çeynədikdə damaqlarda qızartı və qanamalara gətirib çıxarır. Ac qarına, gün ərzində 3 dəfədən çox çeynədikdə mədə turşuluğunu artırır və nəticədə qastrit, mədə xorası kimi ağır xəstəliklərə yol açır. Tez-tez saqqız çeynəmək tüpürcək vəzinin fəaliyyətini öncə artırsa da, bir müddət sonra vəzin funksiyasını pozaraq ağızda quruluğa və nəticədə bakterial infeksiyaya yol açır. Çox çeynədikdə diş emalını zədələyərək kariyesin yaranmasına səbəb olur”.

 

Bilmədiyimiz faydaları

Stomatoloq Rəsul Tağıyev saqqızın ağız boşluğumuz üçün faydalarının çox olduğunu deyir: “Saqqız ağızdan pis qoxunu götürür, nəfəsi təravətləndirir, tüpürcək ifrazını artırır. Tüpürcəyin tərkibi qələvi mühitdir və qida qəbulu zamanı ağızda əmələ gələn turşuları neytrallaşdırır. Yəni saqqızın çeynənilməsi turşu-qələvi balansını tənzimləyir. Saqqız çeynəyən zaman tüpürcək, dişlərin səthindəki qida qalıqlarını yuyub aparır. Nəticədə kariyesin əmələ gəlməsi riski azalır. Saqqız çeynəyərkən çeynəmə hərəkəti nəticəsində mədə şirəsinin ifrazı artır. Nəticədə mədədə həzm asanlaşır. Qida qəbulundan sonra insan saqqız çeynəyirsə, mədə şirəsinin ifrazı artır və qidanın həzmi asanlaşır. Əksər saqqızların tərkibində ksilitol var. Ksilitol antibakterial xassəyə malikdir və kariyes əmələ gətirən bakteriyaları öldürür”.

 

Orqanizmə zərərləri

Rəsul Tağıyev bildirir ki, saqqızı acqarına çeynəyəndə orqanizmə zərərləri çox olur: “İnsan ac qarnına saqqız çeynəyirsə, bu, mədə şirəsinin ifrazının artması deməkdir. Yəni boş mədədə turşu mühiti olduğu üçün mədənin divarlarında qıcıqlanma nəticəsində iltihab əmələ gətirə bilər. Ona görə də, ac qarnına saqqız çeynəmək olmaz”.

 

Uzun müddət çeynədikdə…

R.Tağıyevin sözlərinə görə, uzun müddət saqqız çeynəmək də məsləhət görülmür: “Uzun müddət saqqız çeynədikdə həm gicgah-çənə oynağında ağrı, həm də çeynəmə əzələlərində gərginlik əmələ gələ bilər. Tez-tez saqqız çeynəyəndə tüpürcək vəziləri də həddən çox yüklənir, onların funksiyasında gərginlik əmələ gəlir. Ona görə də, tüpürcək vəzilərinin çox yüklənməsi nəticəsində müəyyən patoloji dəyişikliklər baş verə bilər. Bu da tüpürcək ifrazının azalmasına gətirib çıxarar. Saqqızın tərkibində, həmçinin boyaq maddələri, dad stabilizatorları, emulqatorlar var. Saqqızdan uzun müddət istifadə etdikdə bu maddələr orqanizmə ziyan vurur. Məsləhət görülür ki, diş ətləri problemli, xəstə olan və dişləri laxlayan insanlar saqqız çeynəməsin. Çünki saqqız çeynədikdə belə insanlarda dişlərin yüklənməsi artır”.

 

Hər reklama inanmayın

R.Tağıyevin sözlərinə görə, sırf “bütün dünya istifadə edir, reklam olunur deyə o məhsul ziyansızdır” demək düzgün deyil: “Hər bir məhsulun özünün marketinqi, satış maraqları var. Buna görə də, bu məhsullar həmişə reklam olunurlar. Reklam biznes xarakteri daşıyır. Ona görə hər reklam olunan məhsul ideal deyil. Hər bir məhsulun müsbət tərəfləri olduğu kimi mənfi tərəflərini də araşdırıb tapmaq lazımdır. Müsbət və mənfi tərəflərini nəzərə alıb ondan lazımi qaydada istifadə etməliyik”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir