Bir neçə gündən sonra 2017-ci il öz yerini 2018-ci ilə verəcək. Bayramı günlərini hər kəs, xüsusilə də uşaqlar böyük bir həvəslə gözləyir. Hər bir valideyn də istəyir ki, həmin günləri uşaqları üçün daha maraqlı etsin. Bəziləri uşaqları əyləncə mərkəzlərinə, yeni il şənliklərinə aparır. Bəzi ailələr isə Şaxta baba və Qar Qızı xüsusi olaraq evə dəvət edirlər.
Biz də qərara gəldik ki, uşaqların sevimlisi Şaxta Babanın və Qar Qızın sifariş qiymətlərini araşdıraq, xidmətin keyfiyyəti, tələb-təkliflə bağlı bir sıra nüansları müəyyənləşdirək.
Araşdırmaya sosial şəbəkələrdən başladım. Şaxta Baba və Qar Qız sifarişi ilə bağlı axtarış verdim və təəccübləndim. Açığı, belə durumla qarşılaşacağımı gözləmirdim. Xüsusilə də “İnstaqram”da saysız-hesabsız sifariş nömrələri ilə qarşılaşdım. Bu nömrələrin bir neçəsi ilə əlaqə saxlamaq qərarına gəldim.
İlk cəhddə naşılığa yol verdim, jurnalist olduğumu bildirdim. Bununla da informasiya əldə etmək imkanımı tamamilə itirdim. Səhvdən nəticə çıxartdım və digər nömrələrlə sifarişçi kimi əlaqə saxladım.
Əlaqə saxladığımız nömrələrin əksəriyyətində qiymətlər demək olar ki, eyni idi: Təkcə Şaxta Babanın sifarişi 40-50 manata başa gəlirdi. Yox, Qar Qızı da evinizə dəvət etmək istəyəcəksinizsə, onda 80-100 manat arası xərcə düşəcəyinizi planlaşdırın. Xidməti müddəti isə maksimum 1 saatdır. Hətta bəziləri 30 dəqiqədən artıq xidmət göstərmədiklərini bildirdilər. Xidmətin nədən ibarət olacağı ilə də maraqlandım. Təşkilatçı bildirdi ki, xidmət sadəcə, Şaxta Baba və Qar Qızın müxtəlif əyləncəli oyunlarla uşaqları əyləndirib, hədiyyələrini verməkdən ibarətdir. Təbii, hədiyyələri də valideyn özü alıb, Şaxta Babaya verməlidir. Onu da qeyd edim ki, hətta 3 – Azərbaycan, rus, ingilis dillərində Şaxta Baba və Qar Qız xidməti təklif edənlər də oldu. Amma onu da vurğulayım ki, dil amilinin qiymətə heç bir təsiri yoxdur.
Araşdırma zamanı təzadlı məqamlar da ortaya çıxdı. Məlum oldu ki, bəzi təşkilatçılar sosial şəbəkədə bir qiymət təklif edirlər, əlaqə saxladıqda isə başqa qiymət tələb olunur. Məsələn, “Orange Baku” adlı “Facebook” səhifəsinin sosial şəbəkədə təklif etdiyi qiymətlər belə idi:
Şaxta Baba xidməti (hədiyyə ilə birlikdə)
Bir uşaq üçün 15 manat
İki uşaq üçün 20 manat
Üç uşaq üçün 25 manat
Amma təşkilatçılarla əlaqə saxladıqda, məlum oldu ki, 2 uşaq üçün təkcə Şaxta Babaya görə 50 manat tələb olunur. Qar Qız da sifariş etmək istəsəniz 150 manat ödəməli olacaqsınız. Üstəlik, heç bir xidmət də göstərmir. Şaxta Babanın işi sadəcə, hədiyyəni verib getməkdən ibarətdir. Yəni uşaqlarla birlikdə vaxt keçirmir.
Təbii, Şaxa Babanın kimliyi, intellektual səviyyəsi ilə də maraqlanmalı idim. Axı o, uşaqlarla ünsiyyətdə olacaq. Uşaqlarla ünsiyyət isə olduqca həssas məsələdir və bu işi hər adama etibar etmək olmaz. Məlum oldu ki, bu işi əsasən Kukla Teatrının əməkdaşları həyata keçirirlər. Ancaq incəsənətlə əlaqəsi olmayanlara da “Şaxta Baba vəzifəsi”nin etibar edildiyini öyrəndik. Məsələni daha dərindən araşdırmaq üçün Bakı Uşaq Teatrı ilə əlaqə saxladıq. Teatrın ədəbi hissi müdiri Leyla Həşimovadan Şaxta Baba və Qar Qıza olan tələbatı, nə qədər sifariş gəldiyini və qiymətləri xəbər aldıq. Leyla xanım bildirdi ki, ev üçün sifarişlər az olur, daha çox məktəb və bağçalardan çağırırlar: “Qiymətlər isə müxtəlifdir. Bu, əməkdaşların özlərindən asılıdır. Xidmət haqqı 30, 40, 50 manat arasında dəyişir. Bu qiymətlər Şaxta Baba və Qar Qız üçün ayrı-ayrılıqda nəzərdə tutulub. Demək olar ki, əməkdaşlarımızın hamısının sifarişi var. Yetərincə tələbat olur. Amma onu da qeyd edim ki, Şaxta Baba sifarişi Qar Qızdan daha çoxdur. Səbəbini bilmirik, amma bu il Qar qızı çox nadir hallarda çağırırlar. Xidmət isə Şaxta Babanın uşaqları əyləndirməsindən, onlara maraqlı əhvalatlar danışmasından və sonda hədiyyələri təqdim etməsindən ibarət olur. Bu hədiyyələri isə valideynlər alır”.
Abdulla Şaiq adına Kukla Teatrının nəzdində “Oyuq” teatr studiyasının rəhbəri Səidə Haqverdiyeva deyir ki, tamaşaçılar özləri aktyorların nömrəsini götürərək, zəng vurub dəvət edirlər: “Teatra zəng vurub sifariş verən olmur. Bizim aktyorlar özləri hansısa bir tədbirdə nömrələrini verib, bildirilər ki, bu kimi sifarişləri qəbul edirlər. Deyərdim ki, yetərincə sifariş alan əməkdaşlarımız var. Həmçinin teatra gələn tamaşaçılarımızın da əksəriyyəti elə özləri aktyorların nömrələrini götürür və lazım olan zaman istər Şaxta Baba, istərsə də hansısa cizgi filminin qəhrəmanı kimi dəvət edirlər. Deyərdim ki, hətta bunu şəxsi biznesə çevirən əməkdaşlarımız da var”.
Abdulla Şaiq adına Kukla Teatrının aktrisası Səriyyə Mansurova xüsusilə də teatrın əməkdaşlarına tələbatın çox olduğunu bildirir: “İşini bilən, peşəkar aktyorlar işsiz qalmır. Onlara tələb daha çox olur. Xüsusilə də, bizim teatrın aktyorlarına kifayət qədər tələbat var. Təbii, burada rus dili də böyük önəm daşıyır. Sifarişlərimiz hazırda o qədər çoxdur ki, hətta bayrama bir neçə gün qalmasına baxmayaraq, səsim artıq batıb. Bütün şənliklərdə uşaqlarla birlikdə biz də əylənirik. Deyərdim ki, boş vaxtım yoxdur. Hətta elə gün olur ki, sifariş üçün zəng vururlar, amma qəbul edə bilmirəm. Geyim və qrim də özümə aiddir”.
Müsahibimiz qiyməti konkret olaraq açıqlamasa da, bildirdi ki, qrup olaraq aldıqları vəsaiti öz aralarında bölürlər: “Əslində qiymət bir az da peşəkarlığa görə dəyişir. Mən indi sizə konkret qiymət deyə bilməyəcəyəm. Çünki sifarişlərə tək getmirəm. Qrup şəklində gedirik. Xidmətə görə aldığımız pulu isə sonda bölürük”.
Bütün hallarda, valideynlər uşaqların sevimli personajlarını dəvət edərkən, peşəkarlara güvənsələr yaxşıdır. Birincisi, evinizə dəvət etdiyiniz şəxsin kimliyinə, intellektual səviyyəsinə bələd olacaqsınız. İkincisi, övladlarınız peşəkarlarla qısa ünsiyyət zamanı zövq alacaq, biliklərini artıracaq, unudulmaz anlar yaşayacaqlar. Unutmayın, peşəkarlıq həm də etibarlılıq deməkdir!
Günel Azadə