Bayramdan ən çox zövq alan uşaqlar olsa da, bayrama hazırlığı onlar üçün əyləncəli edən valideynlər olur. Elə bu səbədən uşaqları üçün bütün oyuncaqların, şam ağacının və digər aksessuarların ən bahalı və yaxşısını seçən valideyn bəzən özü də bilmədən körpəsinin sağlamlığı ilə oynamış olur.
Bayram ərəfəsində satışda ən çox rast gəlinən bayram aksessuarı Şaxta baba papaqlarıdır. Əldə, yaxud mağazalarda satılan bu baş geyimlərinin hardan, necə, hansı şəraitdə gətirilməsi, hazırlanması insanları elə də maraqlandırmır. Papaqlardan əlavə satışda körpələr üçün Şaxta baba geyimləri də satılır ki, bunun da hansı şəraitdə, hansı materialdan hazırlanması bəlli deyil.
Ümumiyyətlə, azyaşlılar üçün istənilən geyim düzgün seçilmədikdə, sintetik materiallardan olduqda, yaxud təmiz olmadıqda onların səhhəti üçün problemlər yaradır. Elə bu səbəbdən də valideynlər aldıqları geyimlərin hardan gətirilməsinə xüsusi diqqət yetirir, həssas valideynlər isə aldıqları geyimləri yuyub, ütüləmədən körpəsinə geyindirmir. Lakin məsələ Şaxta baba formasına gələndə, vəziyyət tamamilə dəyişir. Belə ki, sağlamlıq qeydinə qalan valideyn risk edərək bu geyimləri azyaşlısına geyindirir. Birgünlük Şaxta baba olmaq sevgisinə qarşılıq xəstəlik riski ilə üz-üzə qalan valideynlər bu cür geyimlərin hansı xəstəlik yarada biləcəyindən bəlkə də xəbərsizdirlər.
1 yaş 6 aylıq körpəsi üçün Şaxta baba geyimini sifarişlə toxutdurduğunu deyən Günel Əliyeva satışdan sintetik materiallı geyimlər almağa qarşıdır. Onun sözlərinə görə, lakin alan valideynlər də məcburiyyətdən alır, heç bir ana övladını bilə-bilə təhlükəyə atmaq istəməz: “Şaxta baba geyimləri azyaşlıların əynində daha gözəl görünür. Bunun üçün iki yol var – ya bazarlardan almaq, ya da körpələr üçün xüsusi mağazalardan əldə etmək. Körpə mağazalarında bu cür geyimlər ikiqat bahadır. Onları almaq mümkün deyil. O pula uşağa iki dəst geyim ala bilərəm. Bazardan almağı da risk etmədiyimdən toxutdurdum”.
Ümumiyyətlə, mağazalarda körpələr üçün belə geyimlər tapmaq heç də asan deyil. Metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşən uşaq geyimləri mağazasında Şaxta baba geyimi tapmaq mümkündür. Lakin qiymətləri də olduqca bahadır. Belə ki, pambıq materialdan və tamamilə körpə bədəni üçün uyğun olan bu geyimlərin qiyməti uşaq yaşına uyğun olaraq dəyişir. Qız və oğlan uşaqları üçün ayrı-ayrı olan körpə formalarının bir bağlaması 1 yaşdan kiçiklər üçün 65 manat 90 qəpik, 1-3 yaş arası körpələr üçün 46 manat 90 qəpik, 3-5 yaş arası körpələr üçün 31 manat 90 qəpikdir. 65 manat 90 qəpiklik bağlamaya yeni ilə uyğun formada tikilmiş 2 papaq, 2 yaxalıq, 1 cüt əlcək, 2 bodi (gecə konbinzonu), 1 cüt papış, 1 şalvar və 1 uzunqol jilet, 46 manat 90 qəpiklik bağlamaya 1 papaq, 1 şalvar, 1 uzunqol jilet, 1 cüt corab, 31 manat 90 qəpiklik bağlanmaya isə 1 papaq, 1 uzunqol jilet və 1 şalvar daxildir. Mağazadan ayrı-ayrı geyimləri də əldə etmək mümkündür. Lakin bağlama formasında almadıqda qiymətlər bir az da baha olur.
Bazarlarda vəziyyət uşaq mağazasına nisbətən daha münasibdir. “Nəsimi bazarı”nda 3-5 yaş arası uşaq üçün komplekt Şaxta baba forması 20 manatdır. 8-ci mikrorayon ərazisində açıq havada yolka və Yeni il aksessuarları ilə birlikdə satılan Şaxta baba geyimləri isə 7-18 manat arasında dəyişir. Bu cür geyimlərin üzərində hansı materialdan olması və harada hazırlanması da göstərilmir. Uşaq mağazalarında nə qədər bahaçılıq olsa da, mənzərə onu göstərir ki, məhz belə mağazalardan geyimlər almaq körpə sağlamlığı baxımından daha etibarlıdır.
Saxta və sintetik materialdan tikilən bu geyimlərin bir gün ərzində körpənin bədənində qalması kifayətdir ki, dəri də bu geyimdən payını almış olsun. Dermatoloq Sahib Rzayev deyir ki, uşaq başa düşməyənə qədər ona bu geyimləri almaq düzgün deyil. Başa düşəsi yaşa gəldikdə isə sadəcə, papağını almaq kifayətdir: “Bir yaşı tamam olmamış uşaqlara bu geyimləri nə üçün geyindirdiklərini də başa düşə bilmirəm. Uşaq gözünü açandan bu bayramın rəmzini sevməlidir, daha onun geyimlərini öz üzərində görməli deyil”.
Məsələnin dermatoloji tərəfinə gəlincə, həmsöhbətimizin sözlərinə görə, əlbəttə, materialların sintetik olması ziyanlıdır. “Sintetik materiallara yaşı kifayət qədər böyük olan insanlar reaksiya verirsə, bir yaşlı uşağın dərisinin aqibəti necə olar? Yetkin insanlara nisbətən körpə dərisi daha həssas olur. Böyüklərin gözünə xoş görünsün deyə körpəyə belə əzab vermək lazım deyil. Səpgilər, dəri qıcıqlanmaları, həssaslığın artması, geyim açıq havada satılırsa mikroblar, viruslar, bir sözlə, əl boyda geyimdə dağ boyda problemləri evə gətirmək lazım deyil. Körpə geyimləri alındıqdan sonra mütləq yuyulub, ütülənməlidir. Çöl-bayırdan hansısa geyimi alıb birbaşa uşağa geyindirmək ağılsızlıqdır”.