Dünyada saxta geyimlər, saxta aksessuarlar və ya elektronika məhsulları, hətta qidalar belə geniş yayılıb. Avropa ölkələrinin özündə insanlara leş ət satılması ilə bağlı ajiotaj dolu xəbərlərə rast gəlirik. Azərbaycanda da bu baxımdan vəziyyət ürəkaçan deyil. Leş ətlə yanaşı, “Lady Sharm” mağazası ilə bağlı yaşanan son hadisədən sonra belə aydın oldu ki, brend geyim mağazalarının Azərbaycandakı bölmələrinə də güvənmək olmaz.
Əgər ölkədə və dünyada əvvəllər daha çox tikinti sektorunda dələduzlara rast gəlinirdisə, indi digər sektorlara da bu, sirayət edib. Bəs dələduzlardan necə qorunaq?
Leş ətlə bağlı “Yeni Müsavat”a danışan ekspert Eyyub Hüseynovun fikrincə, dünyanın hər yerində bu kimi məhsullar insanlara satılır. Onun qənaətincə, məqsəd dünyada insanların sayını azaltmaqdır. Məlum olduğu kimi, insanın tutulduğu xəstəliklərin böyük əksəriyyəti heyvanlardan keçir. Bu baxımdan ekspertin təklifi odur ki, Azərbaycanda insanlar yalnız gözlərinin önündə kəsilən heyvanın ətini alsınlar.
Qidalarla yanaşı geyimlərin də insan orqanizminə zərərləri çoxdur. Xüsusilə də müxtəlif dəri xəstəliklərinin, o cümlədən dəri xərçənginin yaranması baxımından keyfiyyətsiz geyimlər çox təhlükəlidir. Açıq şəkildə müxtəlif bazarlarda satılan geyimlərin əksəriyyəti Azərbaycanda hazırlanır üzərinə xarici etiket vurulur.
Araşdırmamız zamanı öyrəndik ki, həmin geyimlərin əksəriyyəti Çindən sifariş verilir. Sifarişçi eyni zamanda, geyimə hansı etiketin vurulmasını istəyirsə, müraciətində bunu da qeyd edir.
Bir çox müştəri paltarın üzərindəki etiketin orijinal olub-olmadığını müəyyənləşdirməkdə çətinlik çəkir. Xüsusilə də brend firmalara məxsus etiketlərin peşəkarlıqla sex mallarının üzərinə tikilərək satışa çıxarılması müştəriləri çaş-baş salır. Nəticədə aldadılan müştəri xeyli miqdarda ziyana düşür.
Qanunvericilik isə malın başqa brend adında bazara çıxarılması və satılmasına icazə vermir. Bu, istehlakçıların hüquqlarının pozulması deməkdir. Bu məqamda həm istehlakçı, həm də adından istifadə olunan şirkət dələduzluq edən şəxsi məhkəməyə verə bilər.
Bəs saxta etiketi orijinalından necə fərqləndirmək olar?
İlk növbədə kodlara diqqət etmək lazımdır. Belə ki, hər bir brendin xüsusi kodları var. Geyim şirkətinin saytına daxil olub, oradan bu kodla bağlı geyim çeşidinə baxmaq olar. Əgər mal həqiqətən də həmin brendə məxsusdursa, bu barədə qeydin olduğunu görmək mümkündür. Eyni zamanda orijinal geyimlərin üzərində təkcə brendin adı deyil, bir neçə etiket olur. Məsələn, markanın, malı istehsal edən ölkənin, malın necə yuyulmasını göstərən etiketlər olmalıdır.
Araşdırmalara görə, dünyada insanlar texnologiya məhsulları alan zaman daha çox aldanırlar. Xüsusilə də telefon və telefona aid aksessuarların saxtası bazarda daha çoxdur. Saxta malın satışını həyata keçirən dələduzlar o qədər inkişaf ediblər ki, alıcılar bəzən gözlə malın orijinal olmadığını anlaya bilmirlər.
Bunun üçün şirkətlər məhsullarında bəzi çıxıntılar və yaxud da elə detallar qoyurlar ki, sexdə bunu düzəltmək xeyli məsrəf tələb edir. Yalnız bu detallarla baxaraq, malın saxta olduğunu aşkar etmək mümkündür.
Türkiyəli mütəxəssislər saxta malı orjinalından fərqləndirməyin bir neçə detallarını qeyd ediblər: ilk olaraq qeyd edilir ki, saxta mal satanlar qablaşdırma dizaynına elə də diqqət etmirlər. Rəsmi şirkətlər isə bunun əksinə olaraq, qablaşdırmaya xüsusi önəm verir, malın üzərinə çəkilmiş sellofanda hər hansı bir çıxıntı və ya buna bənzər iz qoymur. Çünki onlar bu işi çox yüksək texnologiya ilə həyata keçirirlər. Eyni zamanda saxta mallarda çap keyfiyyəti də aşağı olur.
Orjinal məhsulda yazı tipi ardıcıl və aydın olmalıdır. İstifadəçi təlimatı hər bir məhsulun pasportuna bənzəyir. Cihaz haqqında bütün vacib məlumatlar satınalma ölkəsinin dilində olmalıdır. Başqa bir dildə yazılmış və oxunması mümkün deyilsə, deməli, məhsul saxtadır.
Plastik, rezin və ya alüminium daxil olmaqla, hər hansı bir material yüksək və ya aşağı keyfiyyətli ola bilər. Məşhur markalar bu xüsusda məsrəfə qənaət etmir. Əgər məhsulun üzərində plastik örtük varsa bu, hamar olmalıdır. Saxta məhsulun plastik örtüyündə nahamarlıq və ya müxtəlif rəngli xırda nöqtələr görmək mümkündür.
Qidalara gəlincə isə dünyada ən çox saxtası hazırlanan konkret bir neçə qida məhsulu var. Məsələn, düyünün saxtası ən çox rast gəlinəndir. Bu məhsulun saxta olduğunu öyrənmək üçün ilk növbədə onu yandırmaq və ya sürtmək lazımdır. Əgər yanırsa, sürtüləndə rəngi gedirsə, saxtadır.
Qəhvənin də saxtası olmasa da, tərkibinə buğda, arpa dənələri qatılır. Dələduz şirkətlər bu üsulla istehlakçıları aldadırlar. Eləcə də şirələrin içərisinə çox zaman su və digər bu kimi mayelər vurulur. Bu məhsulları alan zaman tanınmış firma olmasına və qiymətinə diqqət etmək lazımdır.
Zeytun yağı istehsal edən şirkətlər də insanları aldadırlar. Bu sahə üzrə dələduzlardan qorunmaq üçün ilk növbədə yenə də tanınan brendi alın. Məsələdə qiymət faktoru da önəm daşıyır. Zeytun yağını qoxlayan zaman az da olsa zeytun qoxusu gəlməlidir. Qatqısız zeytun yağı, digərlərindən fərqli olaraq soyuqda tez donur və istidə tez əriyir. Bu yağı su ilə qarışdıran zaman gerçək zeytun yağı suyun üstünə çıxmalıdır.
Əli RAİS