qış maşın

Şaxtada avtomobilə qulluq qaydaları – ARABANIZI UNUTMAYIN!

Baxış sayı: 2. 144

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 8-dən havanın temperaturu əvvəlki günlərlə müqayisədə yüksələcək. ETSN-dən bildirilib ki, son günlər Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur rejimi çoxillik normadan 7-8 dərəcə aşağıdır.

Havaların həddən artıq soyuq keçməsi sağlamlığımızla yanaşı avtomobillərə də zərər vurur. Mütəxəssislər bildirirlər ki, soyuq havalarda avtomobilə dəyən zərəri mühərriki işə salarkən hiss etmək mümkündür. Çünki şaxtalı hava avtomobili ağırlaşdırır. Buna görə də avtomobili işə salarkən təkərlərin daş kimi yerə yapışdığını, mühərrikdən səslərin gəldiyinin şahidi oluruq. Şaxtanın avtomobillərə verdiyi zərər bildiyimizdən də artıqdır.

Avtomobil təmiri ilə məşğul olan Anar Mustafayevin sözlərinə görə, şaxtalı havalarda buz bağlamış yollara səpilən duzun da avtomobilə zərəri var. Belə ki, uzun müddət belə yollarda sürülən maşınların bəzi hissələrində duzun təsiri ilə paslanma müşahidə edilir. “Əgər yoldan avtomobilin hissələrinə duz sızıbsa, qış bitsə belə, o zaman müəyyən hissələrdə paslanmaya səbəb olacaq. Qış aylarında istehsalçının mühərrik yağı istifadə tövsiyələrinə uyğun gəlmək lazımdır. Axıcılığı yetərsiz olan mühərrik yağları mühərrikin işini çətinləşdirir. Əgər fərqli variantlar varsa, daha incə olanlar seçilməlidir. Məsələn, 20W40 yerinə 5W40 daha yaxşıdır. Yağ dəyişmə periodları bir-birinə uyğun olmalıdır. Yağın içində yığılan su və ya yanacaq hissəcikləri mühərrik yağını öldürə bilər”.

Müsahibimiz soyuq havalarda avtomobili daha tez-tez yumağı məsləhət görür. Palçıq və yola səpilən duz, mühərrikə zərər verdiyi üçün avtomobil tez-tez yuyulub təmizlənməlidir. Nizamlı yuma duz və palçığı təmizlədiyi kimi həm avtomobilin rəngini, həm də texniki vəziyyətini qorumuş olur. “Avtomobili yumazdan öncə kobud buz və palçığın təzyiqli suyla təmizlənməsi lazımdır. Soyuq havalarda yanacaq daha tez bitir. Yəni, avtomobillər soyuq havada daha çox yanacaq sərf edir. Bunun səbəbi isə soyuq mühərrik yağının axıcılığını itirməsi və mühərrik içi müqavimətləri artırmasıdır. Buna görə də qış aylarında mühərrik və elektrik kabellərinə nizamlı olaraq baxmaq lazımdır.

Dünyanın bir çox ölkələrində dizel yanacağı yay və qış aylarına uyğun olaraq satılır. Qış aylarında satılan yanacaqlar -22 dərəcə şaxtaya dözümlü olur. Benzində isə belə problemlər yoxdur. Yay və qış benzini fərqli olsa da, hər iki növ benzin qış aylarında donmur”.

Usta məsləhət görür ki, qış aylarında qısa məsafələrdə avtomobillərdən istifadə edilməsin. Çünki soyuq havalarda mühərrikin hərəkətli parçalarında olan aşınmalar yüksək səviyyədə olur ki, bu da akkumlyatora zərər verir. Dediyinə görə, əgər qısa məsafələri avtomobillə getmək istəyirsinizsə, bu məsafədə avtmobilin istilik sistemindən, kreslo qızdırıcılardan istifadə olunmalıdır. Onun sözlərinə görə, bəzi sürücülər elə başa düşür ki, radiator heç bir zaman donmur, amma bu, səhv fikirdir. Radiatorda antifriz miqdarı kafi deyilsə, radiatorla yanaşı mühərrik də dona bilər. “Donmuş bir mühərrikin içindəki bütün mayelər təkrar əriyənə qədər işlədilməməlidir. Əks təqdirdə avtmobili işə saldığınız zaman mühərrik zərər görəcək. Radiator sistemindəki soyutma mayesinin donma nöqtəsini -25 dərəcədə tutulması vacibdir”.

Usta Anar sürücülər arasında yayılmış “soyuq havalarda mühərrik işə salındıqdan bir qədər sonra sürmək olar” fikrinin də yanlış olduğunu deyir. Aşağı sürət və ya sürətsizlik aşağı yağ təzyiqi deməkdir. Bu zaman mühərrikə yağ təbəqəsinin təmizləyə biləcəyindən artıq yanacaq püskürdülür. Porşen və silindr səthləri arasında doğru bir yağ təbəqəsi meydana gəlməzsə, optimum yağlama reallaşmaz. Buna görə də mühərriki işlətdikdən dərhal sonra istifadə etməyə başlamaq lazımdır.

Şaxtalı havalarda soyuğun və nəmin təsirindən maşının qapıları və kilit sistemi də dona bilər. “Buna görə də buzəridici vasitələri heç bir zaman avtomobilə qoymayın, şaxtalı havalarda belə vasitələr yanınızda olmalıdır”.

Buzun, şaxtanın avtomobilin təkərlərinə də zərər verdiyini deyən A.Mustafayevin sözlərinə görə, qara qarışmış palçıq təkərlərin boşluqlarına dolur və şaxtanın təsirindən donur. Bu, uzun müddət davam edərsə, təkərlərdə əməlli buzlaşma meydana gələr. Qış aylarında təkərlər tez-tez təmizlənməlidir.

Buz, şaxta və duzlu su avtomobilin rənginə də öz təsirini göstərir. Avtomobilin rəngi aşınıma və yenidən cilalanmaya ehtiyac duyulur. “Qarlı, buzlu yollarda avtomobillər yavaş sürətlə idarə edilməli, əyləc sistemindən az istifadə olunmalı, manevrlər edilməməli, sürət həddi aşılmamalıdır. Əks halda qəzalar və ya avtomobilin sıradan çıxması qaçılmaz olacaq”. /Ekspress.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir