Bir çox insan təhsilini başa vurduqdan sonra öz ixtisası üzrə çalışmağa başlayır. Təbii ki ilk vaxtlar təcrübəsizlikdən işin çətinlikləri daha çox ola bilir. Bu zaman bir qisim kadr seçdiyi sahə ilə bağlı tərəddüd etməyə başlayır. Hətta ilkin çətinlikləri görüb, “bu mənim sahəm deyil” deyərək uzaqlaşanlar da olur. Maraqlıdır, burda iş dünyasına yeni atılmış kadr özü üçün müəyyənləşdirməni necə aparmalıdır? Necə bilməlidir ki, seçdiyi sahə ona uyğundur, yoxsa yox?
Psixoloq, insan resursları üzrə mütəxəssis Orxan Oruc deyir ki, hər peşənin özünün xüsusiyyətləri var və hələ ixtisas seçimi zamanı bunları diqqətdə saxlamaq lazımdır: “Hələ ixtisas seçimi edərkən bununla bağlı araşdırma aparmaqda fayda var. İnsan hansı yaş ərəfəsində olmağına baxmayaraq, ilk növbədə seçdiyi peşəni təhlil etməlidir. Özü üçün müəyyənləşdirməlidir ki, peşənin tələb etdiyi xüsusiyyətlər onun xarakteri ilə üst-üstə düşürmü? Eyni zamanda seçdiyi peşənin onun fizioloji və psixoloji imkanları ilə üst-üstə düşüb-düşmədiyini müəyyənləşdirməlidir. Çünki bəzi işlər fiziki cəhətdən daha çox aktivlik tələb edə bilər. Bunu öncədən bilmək lazımdır. Yaxud fiziki cəhətdən daha dözümlü olmağı tələb edən sahələr var. Məsələn, biz indi texnologiya dövründə yaşayırıq. Buna görə, bir çox insan kompüterlə bağlı peşələrə üz tutur. Ancaq sonradan bəlli olur ki, bu insanın fiziki imkanları kompüter qarşısında oturmağa yaramır. Ona görə, seçim edərkən təcrübəli şəxslərdən bu istiqamətdə məsləhət ala bilərlər”.
O.Oruc bildirdi ki, beynəlxalq təcrübədə bununla bağlı bir sıra psixoloji testlərdən istifadə olunur: “Bu testlər hər yaş qrupuna görə fərqlidir. Həmin testlər vasitəsilə hansı xarakterlə hansı peşənin uyğunluq təşkil etdiyini müəyyənləşdirmək olur. Bu testlər 70-80 faiz doğru nəticə verir. Düşünürəm ki, zamanla bu testlərə bizim ölkəmizdə də tələbat artacaq və insanlar artıq peşə seçimi ilə bağlı mütəxəssislərə müraciət etməyə başlayacaqdır. Onu da qeyd etmək istərdim ki, bu gün iş sahələrimizdə kadr çatışmazlıqlarının səbəbi məhz insanların peşəkar dəstək almadan ixtisas seçimi etməsidir. Unutmaq olmaz ki, seçilən hər düzgün olmayan ixtisas, o sahədə uğurlu olacaq şəxsin yerini tutmaq və boşa keçirilən zamandır”.
O.Oruc deyir ki, gənclər hansısa bir sahəyə üz tutduqda qarşılarına çıxacaq çətinliklərdən xəbərsiz olurlar. Ona görə, iş həyatına başladıqda qarşılarına çıxan ilkin çətinliklər onları həvəsdən sala bilir: “Bu situasiya həyatında heç bir məqamda məsuliyyəti öz üzərinə götürməmiş və ciddi qərarlar qəbul etməmiş insanlar üçün daha çox çətinlik yaradır. Kadr işə yeni başlayır və çətinliklər, onu qısa zamanda o sahədən uzaqlaşdırmaq qərarı verməyinə gətirib çıxarırsa, bu zaman mütəxəssisə müraciət olunmalıdır. Müəyyənləşdirilməlidir ki, iş onun xarakterinə uyğun deyil, yoxsa üzərinə məsuliyyət götürməyə meyilli olmadığı üçün belə qərara gəlib?”
Gənc kadr bir sahədə nə qədər müddət çalışdıqdan sonra işin ona uyğun olub-olmadığını tam müəyyənləşdirə bilər? O.Oruc bunun hər kəsə görə dəyişdiyini bildirdi: “Elə insan var ki, ona bir ay bəs edir ki, adaptasiya olsun və bu işin onun xarakterik, psixoloji və fizioloji xüsusiyyətlərinə uyğun olub-olmadığını müəyyənləşdirsin. Elə insan da var ki, hətta bir il müddətində belə çalışdığı işin ona uyğun olub-olmamağını müəyyən edə bilmir. Ona görə də, fikrimcə, işə adaptasiya müddəti hər bir insanın öz şəxsi bacarıq və keyfiyyətlərindən asılıdır”.
O.Oruc qeyd etdi ki, bir çox Avropa ölkələrində universiteti yeni bitirmiş gənc kadrlar belə problemlə üzləşməmək üçün öncə könüllü kimi fəaliyyət göstərməyi üstün tuturlar: “Təhsil aldıqları sahə ilə bağlı fərqli istiqamətlərdə könüllü kimi çalışırlar, iş mühitində olurlar. Könüllü fəaliyyət, seçdikləri peşənin onların fizioloji və psixoloji xüsusiyyətlərinə uyğun olub-olmadığını müəyyən etməkdə kömək edir. Eyni zamanda könüllü fəaliyyət insanın çalışdığı sahədə öz şəxsi bilik və bacarıqlarını inkişaf etdirməkdə də çox böyük rol oynayır. Fərqli istiqamətlərdə könüllü kimi çalışırlar və sonda özlərini hansı istiqamətdə tapsalar, orda da çalışmağa davam edirlər. Bizdə hələ bu təcrübə çox da geniş yayılmayıb”.
Cəmil Nağızadə