seks

Seksuallıq nədir və necə dəyişir?

Baxış sayı: 1. 720

Çox zaman bizə elə gəlir ki, bəzi məfhumlar daima mövcud olub. Məsələn, heteroseksuallar hər zaman mövcud olub. Gündəlik məntiq təlqin edir ki, bu yalnız ona görə doğrudur ki, heteroseksuallıq uşaqların dünyaya gəlməsi ilə bağlıdır: əgər uşaqlar dünyaya gəliblərsə, biz özümüz buna sübutuq, deməli onlar heteroseksuallardan dünyaya gəliblər. Bu həm də o mənaya gəlir ki, heteroseksual insanlar olublar, əks halda onlar nəsil verə bilməzdilər. Əslində isə, heç də hər şey bu cür deyil, və ya hətta heç də elə deyil.

Seksuallıq nədir və necə dəyişir?

Müasir dünya həqiqətən də tez-tez hələ də kişilərə və qadınlara, heteroseksuallara və homoseksuallara bölünür. Biz, cinsi istəklərimizi daha başqa kateqoriyalara da bölürük. Bu kateqoriyaların üzərində özünüdərki, yəni identifikasiyamızı qururuq. Tez-tez “Mən kişiyəm” və ya “Mən heteroseksual kişiyəm” ibarələrini eşitmək mümkündür. Bu ibarələr cinsəl və gender eyniliyinin səciyyəvi və ən sadə ifadə formalarıdır. Əgər biz sadəcə bir-neçə əsr geriyə dönə bilsəydik, məsəslən, 1819-cu ilə, belə ibarə ən maarifli kütlə tərəfindən belə anlaşıqsız qarşılanacaqdı. Uzun illər öncə kimsə heteroseksual deyildi, həmçinin homoseksual da deyildi. İnsanlar hələ bilmirdilər ki, öz cinsiyyətini, cinsəl eyniliyini necəsə ifadə etmək olar, o səbəbdən bunu nəyə görə etməyi də başa düşmürdülər.

Uzun əsrlər boyu, Rusiyanı da aid etdiyim Avropada cinsiyyət iki kateqoriyaya bölünürdü: uşaqların dünyaya gəlməsinə gətirib çıxardan kişi və qadın arasında olan seksual təcrübə və yerdə qalanlar. Kişi və qadın arasında olan ilkin təcrübə nigah adlanırdı ki, bu da öz növbəsində həmin təcrübəni təsdiqləyən dini mərasimə aiddir. Digər təcrübə “sodomiya” adlanır. Bu, qadağan olunmuş seksual təcrübələri özündə ehtiva edən dini termindir. “Sodomiya” kateqoriyasına orta əsr insanının təsəvvür edə biləcəyi istənilən seksual hərəkəti aid etmək olar: ər-arvad xəyanətindən tutmuş, eyni cinsdən olanların münasibətinə və mastrubasiyaya qədər. Məsələ burasındadır ki, o zaman Kilsənin insanların istifadə etdiyi sözlərin mənasına və anlayışlara nəzarət etmək səlahiyyəti var idi. Məhz dini təşkilatlar dini yığıncaqlar zamanı insanlara gündəlik məsələlər barədə məlumat verirdilər və beləliklə də orta əsr və daha sonrakı dövrlərin siyası şərhçilərinə çevrilirdilər. Məhz onlar insanlarla tövbə etmə mərasimi zamanı fərdi söhbətlər aparırdılar. İndi həmin işi daha çox psixologiya səhəsinin peşəkarları və sizin qeyri-peşəkar dostlarınız və həmkarlarınız görür. Sonralar məhz dini təşkilatlar məktəblər tikdirirdilər və uşaqları həmin məktəblərdə oxudurdular. O zaman üçün mürəkkəb olmayan elm sahələrində tədqiqatlar aparır, cinayət işlərini araşdırır və hökmlər çıxardırdılar. Başqa sözlə desək, onlar cəmiyyətdə baş verən demək olar ki, hər bir şeyə münasibət bildirirdilər. Ona görə də onların lüğətləri və hər hansı bir hadisəyə münasibəti mühüm əhəmiyyət kəsb edirdi.

Seksuallıq nədir və necə dəyişir?Lakin, XIX əsrdə Kilsənin nüfuzu zəiflədi. Artıq o dövrə cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, istənilən bilik əsaslı olmalıdır. Kilsə təkid edirdi ki, bilik yuxarıdan verilir. Həmin o zamanlar yeni bir sosial institut yarandı və möhkəmkləndi – elm. O, başqa tip bilik mənbəyini  aşkara çıxardı, elmi bilikləri və bu mənbələr empirik dəlillərdən ibarət idi. Alimlər təsdiq edirdilər və indiyə kimi təsdiq etməkdə davam edirlər ki, əgər hər hansı bir şeyi müşahidə edib və həmin müşahidələri ümumiləşdirsək, onu dərk edə bilərik. Bütün bunların seksuallığa nə aidiyyatı var? Məsələ burasındadır ki, məhz bu yolla, müşahidə və ümumiləşdirmə üsulu ilə, bizə tanış insanlar meydana gəldilər: homoseksuallar, biseksuallar, heteroseksuallar və seksual eyniliyin digər kateqoriyaları. Müxtəlif insanların cinsi əlaqə ilə necə məşğul olduqlarını qeydə alan alimlər bu qənaətə gəldilər ki, eyni cinsdən olan şəxslə cinsi əlaqə ilə məşğul olanları homoseksuallar adlandıracaqlar. Bu, XIX əsrin 60-70-ci illərində baş verdi. Beləcə homoseksual, fransız filosofu Michel Foucault-nun fikirincə, “xüsusi seksual insan növü ” meydana gəldi.

İlk mərhələlərdə homoseksuallıq alimlərin diqqətini çəkdi, çünki onlar bunu patoloqiya və ya xəstəlik hesab etdiklərindən, daha dərindən öyrənmək istəyirdilər. O zamanlar elmdə tənqidi mülahizələr nadir hadisə sayılmırdı. Elmi etika hələ yeni formalaşırdı. XIX əsrin görkəmli seksopatoloqu Richard von Krafft-Ebing bu xəstəliyin mənşəyin bu cür təsvir edir, sitat: “Fərd, müxtəlif səbəblərdən, nevrasteniya, ippohondrik qorxular və s. ucbatından, mastrubasiyadan çəkinə bilər. Belə hallarda zoofiliya da çıxış yolu deyil. Bu zaman dostluq hissinin transformasiyasının nəticəsi kimi eyni cinsdən olan partnyorla seksual münasibətlər yerinə düşür. Patoloji seksuallıq səviyyəsində dostluq hissi asanlıqla seksual hissə keçir”. Başqa sözlə, homoseksuallıq XIX əsrin insanları üçün eyni cinsdən olan iki nəfərin çox yaxın dostluğunu xarakterizə edən tibbi diaqnoz hesab edilirdi.

O vaxt heteroseksuallığa kifayət qədər az zaman ayrılırdı. Alimlər yalnız XX əsrin əvvəlində diqqətlərini, sitat, “əks cinsə qarşı anormal və korlanmış iştaha”-ya yönəltdilər. 1901-ci ilin tibbi lüğəti heteroseksuallığı bu cür müəyyən edir. Məhz bu cür: təxmini XX əsrin ortalarına kimi “heteroseksuallıq”  deyiləndə, xəstəlik nəzərdə tutulurdu – əks cinsli insanlar arasında törəmənin qarşısını alan çoxlu sayda seksual münasibətlər forması. Əgər o zaman seksual mövzuları müzakirə etmək ayıb olmasaydı, insanlar bir-birlərinə “Əminiz necədir, o, ona əzab verən heteroseksuallıqdan yaxa qurtara bildimi?” deyə sual verərdilər.

Seksuallıq nədir və necə dəyişir?Beləliklə, homoseksuallıq və heteroseksuallıq XIX əsrdə meydana gəldi, özü də homoseksuallıq heteroseksuallıqdan öncə məlum oldu, və seksuallığın bu hər iki növü xəstəlik sayılırdı. İnsanların seksuallıqla bağlı tibbi anlayışı keçmişdə mövcud olmuş və bu gün praktiki olaraq tamamilə nüfuzdan düşmüş dini anlayışı əvəz etdi. Hətta, homoseksuallığın günah olması ilə bağlı dini konsepsiyanı müdafiə edənlər belə, cəmi bir-neçə əsr qabaq Kilsənin “sodomiya” termini altında nəzərda tutduğu anlayışdan əslində çox uzaqdılar. Elmi biliklərin işləmə prinsipi ondan ibarətdir ki, alimlər, tədricən hər hansı bir anlayışla bağlı yeni dəlillər əldə etdikcə, öncələr həmin nəsnələrlə bağlı yanıldıqları qənaətinə gəlirlər. XX əsrdə heteroseksuallıq və homoseksuallıqla məhz bu baş verdi. Artıq 1930-cu illərin sonuna doğru həkimlər bu qərara gəldilər ki, heteroseksuallığı xəstəlik adlandırmaq mənasızdır. 40 il keçdikdən sonra isə artıq homoseksuallığı da xəstəlik adlandırmırdılar. O zaman məlum oldu ki, bir çox insanlar eynicinsli münasibətlərə daxil olur. Ən başlıcası isə, insan orqanizmində, homoseksuallığı xəstəlik hesab etməyə əsas verən heç bir patoloji proses aşkar olunmamışdı.

Buna baxmayaraq, XX əsrin ortalarında insanlar həqiqətən homoseksuallıqdan əziyyət çəkirdilər. Yalnız ona görə yox ki, insan orqanizminin funksiyaları pozulurdu, ona görə ki, o dövrün cəmiyyəti homoseksuallığa mənfi münasibət bəsləyirdi. Bu da öz növbəsində tədqiqatın istiqamətini orqanizmin patoloji proseslərindən homoseksuallığın sosial tərəflərinə doğru dəyişir. Beləcə, o vaxta artıq cinsiyyətlə, xüsusən də homoseksuallıqla yalnız tibb və psixologiya elmləri deyil, daha çox ictimai elmlər maraqlanmağa başladılar. Sosioloqlar homoseksualların ictimai mövqeyini cəmiyyətdən təcrid edilən statusa malik kimi təsvir edirdilər. Həmin təcrid prosesi isə stiqmatizasiya adlanırdı.

Üstəlik, həkimlərdən və psixoloqlardan fərqli olaraq sosioloqlar, əsasən, tədqiqat obyekti olan insanların özlərinə aid etdiyi sözlərdən və kateqoriyalardan istifadə edirlər. Beləcə, bu gün bizə tanış olan cinsiyyət və gender eyniliyinin kateqoriyaları istifadə olunan cəmiyyətin danışıq dili elmi terminologiyaya daxil olur: gey, lesbiyan, biseksual, transgender fərd, LGBT. Bəzi sözlər tibbi lüğətdən götürülsə də, digərləri bütövlüklə submədəniyyətin lüğət tərkibinə aiddir. Başqa sözlə, XX əsrin ikinci yarısında anlayışları müəyyən etmək uğrunda yeni mübarizə başlanır. Oxşar mübarizə XIX əsrdə kilsə və elm arasında baş vermişdi. Bu  dəfə mübarizə elmin daxilində müxtəlif sahələr arasında baş verirdi. Belə ki, sosial və humanitar sahələr tibb və psixologiya elmlərinin əvəzinə homoseksuallığın mənalarını müəyyən etməyə başladılar. Sosioloqlar, antropoloqlar, tarixçilər, filoloqlar homoseksual cəmiyyətlərin özlərini necə adlandırdıqlarını ayırd etdilər və sonra bu məlumatı ümumi bilik kimi yaydılar. Bu yolla, gündəlik keçmiş kateqoriyalar ikinci plana keçdi, kiminsə gender və cinsiyyət eyniliyini müəyyən etmək üçün submədəniyyətə aid kateqoriyalar isə (məsələn, geylər və lesbiyanlar) əsas vasitəyə çevrildilər.

Seksuallıq nədir və necə dəyişir?Bu gün də bu prosesdə ictimai institutlar az rol oynamır. Ətrafa ötürdüyümüz anlayışlara elmdən başqa ictimai hərəkatlar da təsir edir. Bu hərəkatlar, mövcud olan bərabərsizliyə və ədalətsizliyə biganə qalmayan insanlardan təşkil olunub. Əgər cəmiyyətdə nəsə düz getmirsə, məsələn, bir qrup insan təcrid olunursa, ictimai hərəkatlar vəziyyətin dəyişməsi lehinə səy göstərir. Beləcə, (1960-cı illərin axırından etibarən qərb ölkələrində, yeni quruluşdan sonra Rusiyada da) gey hərəkatı, ardınca gey-lesbian hərəkatı, daha sonra LGBT hərəkatı yarandı. Bu ictimai hərəkatlar, adətən, konservativ kütlənin düşündüyü kimi, LGBT üçün hər-hansı xüsusi hüquqlar və ya imtiyazlar tələb etmirlər. Əksinə, onlar tələb edirlər ki, LGBT də cəmiyyətin digər üzvləri kimi eyni hüquqlara malik olsunlar: kimsə başqasını cinsi mənsubiyyətinə görə öldürməsin, buna görə tibbi yardım göstərməkdən imtina etməsin, işdən qovmasın – bir sözlə, kimsə başqasının heç bir halda azad və normal yaşamasına, özün cəmiyyətin tam üzvü hiss etməsinə mane olmasın.

Yuxarıda müzakirə etdiyimiz, elmin sahələrinə söykənən yanaşma tərzi daxili məntiq və qaydalara malikdir. İctimai hərəkatlar, mütləq, haqsız olaraq ayrıseçkiliyə məruz qalmış insan qruplarını fərqləndirən əlaməti qeyd etməlidirlər. Zaman keçdikcə, bu cür əlamətlər dəqiqləşdirilir, böyük qruplar daha kiçik qruplara bölünür, çünki məlum olur ki, stiqmatizasiya bu müxtəlif qrup insanların hərəsinə bir cür təsir edir. Əgər bu çevrədə 1960-cı illərdə yalnız gey və lesbiyanlar barədə danışılırdısa, LGBT barədə 1980-90-cı illərdə danışılırdı, bu gün isə həmçinin LGBTTTKİP2CAA, yəni lesbiyanlar, geylər, biseksuallar, travestilər, transseksuallar, transgender fərdlər, kvirlər, intersekslər, panseksuallar, two-spirit-lər, aseksuallar və müttəfiqlər (allies), yəni LGBT-nin hüquqları uğrunda mübarizəni dəstəkləyən heteroseksuallar barədə danışılır. İctimai hərəkatlar diqqəti bu qruplar arasında olan fərqə yönəltməklə, həmçinin bir növ bu qrupları hiss edilən, gözəçarpan və mütəşəkkil edirlər. Bu proses sosiologiya elmində maddiləşmə adlanır.

Bundan başqa, təcrid olunmuş qrupların birliyi üstünlüyə malik qrupların bəzi nümayəndələrini fəallaşmağa məcbur edir. Cinsiyyət sahəsində, üstünlüyə malik qruplar dedikdə, heteroseksual insanların toplusu başa düşülür. Onlardan LGBT bərabərliyinə qarşı çıxış edənlər və LGBT-nin onların cəmiyyətdəki mövqelərinə mənfi təsir göstərdiyini hesab edənlər siyasi formada birləşirlər və özlərini heteroseksual kimi diqqətə çatdırırlar. Bu tip siyasi qruplar təxminən indilərdə, XXI əsrdə yayılıb. Onlar heteroseksualların paradını təşkil edir və öz siaysi partiyalarını yaradırlar. Hələlik az sayda olan bu tip heteroseksualların meydana gəlməsi də cəmiyyətdəki yenidən dəyərləndirmə sürəcidir.

Seksuallıq nədir və necə dəyişir?Xülasə, bu gün müasir cəmiyyətlərdə çoxlu sayda müxtəlif sosial institutlar fəaliyyət göstərir. Bunlardan ən vaciblələri elmi və ictimai hərəkatlardır ki, öncələr homoseksuallar və heteroseksuallar kimi məlum olan yeni gender və seksual qrupları, yaxud eynilikləri bir yerə toplayır, yenidən dəyərləndirirlər. Bu, uzun zaman tələb edən çox mürəkkəb bir prosesdir. Bu, dövlət və partiyanın imkanları hesabına təşkil olunan sovetin sosial mühəndislik layihəsi deyil, əksinə, öncədən nəticəsi məlum olmayan çox mürəkkəb və kompleks gerçəkliyin quruculuğudur. Lakin, məhz bu cür proseslər cinsiyyətimiz barədə necə düşünməyi, özümüzü və başqalarını necə anlamağı, bu proseslər ucbatından daim dəyişən mühitdə necə davranmağı müəyyən edirlər. Seksual istəklər daim müxtəlif istiaqmətlərə yönəlir. İnsanlar, homoseksuallıq və heteroseksuallıq anlayışları meydana gəlməmişdən öncə də müxtəlif səpkili seksual təcrübəylə məşğul olublar. Lakin, seksual istəklərə verilən anlayışlar daim dəyişkənliyə məruz qalıb.

Bu tarixçə göstərir ki, bizim cinsiyyət barədə hazırkı təsəvvürlərimiz spesifik tarixi formaya malikdir. Biz düşünürük ki, bizim cinsiyyət anlayışımız sabit və mütləqdir. İndi necə düşünürüksə, daim o cür olub. Əslində isə, əsaslı elmi dəlillər göstərir ki, cinsiyyət qeyri-stabildir. Bu qeyri-stabillik sübut edir ki, hətta seksual istək kimi daimi nəsnə belə dəyişikliyə məhkumdur – anlayışların dəyişikliyinə, arxasınca da praktiki dəyişikliyə. Hər şey keçicidir, hər şey dəyişkəndir. Cinsiyyət istisna deyil. Bu gün bu dəyişiklikləri görməmək artıq qeyri-mümkündür.

 

Aleksandr Kondakov

Sosiologiya üzrə PhD, Aleksanteri İnstitutu (Helsinki Universiteti, Finlandiya) və Gender məsələləri, feminizm və seksuallıq mərkəzinin əməkdaşı (Universitet kolleci, Dublin, İrlandiya)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir