Smiling man watching interesting movie

Serial asılılığı necə yaranır? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 1. 386

Son illər əksəriyyətdə serial asılılığı yaranıb. İnsanlar hər hansı bir filmə baxır, orda gördüklərini, obrazları gerçək həyat hekayətlərindən daha çox müzakirə edirlər. Psixoloqların fikrincə, serial asılılığının müsbət və mənfi tərəfləri var. Belə ki, adətən seriala baxarkən insanlar baş verən əhvalatları öz həyatları ilə müqayisə edir, müxtəlif problemli vəziyyətlərdə necə hərəkət edəcəklərini, düzgünmü yaşadıqlarını belə düşünürlər.

Psixoloq Ruhiyyə Rüstəmova  bildirir ki, müasir həyatda müxtəlif yaş dövründə fərqli xarakterli insanlar həyatda problemlərilə üzləşərkən bunların həlli yolunu müxtəlif yollarda görürlər: “Məsələn, gənclər problemlərinin həlli yolunu daha çox əyləncədə görür. Ya dostları ilə görüşərlər və yaxud özünə qapanmağı seçə bilərlər. Yaşlı təbəqəni götürdükdə, onlar əyləncədən daha çox öz aralarında ünsiyyət quraraq, ya da daha çox televiziya önündə öz həyatlarında baş vermiş problemlərin hansısa kiçik epizodlarını görərək, müqayisə edərək problemlərinin həlli yollarını axtarırlar. Bu baxımdan serialların insanların həyatına təsirinin müsbət və mənfi tərəfləri olur. Ümumiyyətlə, insanların seriallara bağlılığı onların öz həyat tərzləri ilə uzlaşmasından asılıdır. Bəzən yaşlı insanlar öz keçmişlərində gördüyü hadisələri serialdakı epizodlarla müqayisə edir və gənclərə hansısa hadisəni nümunə göstərərək onları düzgün istiqamətləndirməyə çalışırlar. Gənclərsə sevgi mövzusunda olan, həyatda düşdükləri problemli halları serialda görərək psixoloji cəhətdən öz həyatı ilə uyğunlaşdırır, müqayisə edir və çözüm tapmağa çalışırlar”.

Rüstəmova diqqətə çatdırır ki, bəzən serialda düzgün olmayan analiz nəticəsində əldə edilmiş problemin cavabı gəncə və yaxud istənilən yaşda olan insana yanlış yol göstərə bilər. Psixoloqun dediyinə görə, seriallara baxmağın müsbət cəhəti isə insanın seriala baxaraq düz nəticə çıxara bilməsidir. Ola bilsin ki, insan həyatda hansısa səhv edir, düzgün seçim edə bilmir, problemlərlə üzləşib və bunun həlli yollarını seriala baxaraq tapa bilir. “Bir növ serialdan sanki məsləhət alır. Səhv yoldan düzgün yola yönlənir. Bir çox problemlərinin həllini seriala baxaraq tapan insanlar olur”.

Müsahibimiz qeyd edir ki, serial seçimində qadın və kişilərin zövqü fərqlənir: “İşgüzar və evdar xanımlar, gənc qızlar, yaşlı təbəqənin nümayəndləri olan qadınlar daha çox ailə-məişət münasibətlərinin həllini göstərən, müxtəlif həyat situasiyalarında düzgün davranış qaydalarını, tərbiyəvi mövzuda olan seriallara baxmağa üstünlük verirlər. İnsanlar bəzən seriallarda öz xəyallarını tapırlar. Serialda özlərinin düşdüyü oxşar hadisələri, sevgi macəralarını, ailə dramlarını görür və düzgün nəticə çıxarmağa cəhd edirlər”.

Kişilərin hansı seriallara baxdığına gəlincə, Rüstəmova bildirir  ki, onlar ailə-məişət problemlərindən danışan serialları seçmirlər: “Daha çox siyasi, tarixi mövzuda olan seriallara maraq göstərirlər”.

Psixoloq uşaqların böyüklərlə birgə oturub seriallara baxmağını təəssüflə qarşılayır: “Uşaqların gecə saatlarında böyüklərlə birgə televiziya qarşısında qalması çox yanlışdır. Çünki artıq uşağın öz yaşına uyğun olmayan mövzuları analiz etməsi, müsbət və ya mənfi tərəfləri barədə düşünməsi onun psixikasına, gələcəkdə cəmiyyətdə özünü idarə etməsinə, əlbəttə ki, böyük təsir göstərir. Çünki yaşına uyğun olmayan seriallara baxıb çıxardığı nəticənin gerçəkləşdirilməsi, cəmiyyətdə bunları tətbiq etmə hansı yol ilə baş verəcəyi məlum deyil. Uşaqlar seriallarda böyüklərə aid epizodları görüb yanlış qərarlar verə bilərlər. Bu baxımdan valideynlər azyaşlı uşaqlarla onların yaş səviyyəsinə uyğun olmayan seriallara baxmamalıdırlar. Eyni vaxtda uşaqları daha çox nağıllara, zamanında baxdığımız gözəl cizgi filmlərinə  yönəltsinlər. Uşaqlar gələcəkdə insanın formalaşmasına müsbət təsir göstərəcək öz yaşına uyğun veriliş, cizgi filmləri, kinolara baxmalıdır. Psixoloqların məsləhəti ilə uşaqların yaşına uyğun çəkilmiş seriallar olsaydı, çox yaxşı olardı”.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir