aile

Sevgi yuvası – xoşbəxtlik sindromu

Baxış sayı: 879

Həyat sevgi ilə başlayır, qayğılarla, ağrılarla davam edir. Acılı-şirinli günlərdən, illərdən keçirsən və bu yolda hər zaman yanında sevənlərin olsun istəyirsən. Allah-Taala insanı elə yaradıb ki, mütləq başqalarına ehtiyac hiss edirsən. İnsan sosial varlıqdır. Sosial həyatın ən məhdud və ən ciddi variantı ailə həyatıdır. Bu həyat o qədər ciddi, o qədər əhəmiyyətlidir ki, hər addımında, hər işində diqqətli olmalısan. Əgər iş yerində bir incikliyin olarsa, yerini dəyişərsən, qonşu ilə problemin olarsa, o tərəfə baxmazsan, amma ailədə hər hansı narazılıq olarsa, ağzının dadı qaçar, halalca evinin qapısını açmaq belə ağır gələr sənə.

***

Ailədə sevgi, səmimiyyət, qarşılıqlı hörmət çox mühüm şərtlərdəndir. Ata, ana, qardaş, bacı, hər kəs bir-birini sevir, bir-biri üçün fədakarlıq etməyə, sevgisini göstərməyə can atır. Bir damın altında yatıb-duran, eyni süfrə başına toplaşan doğmalar bir-birinin qayğısı ilə, gündəlik işi, problemləri ilə maraqlananda sanki onun yükünün çətinliyini bölüşdürür, işini yüngülləşdirir. Təbii ki, ailənin qayğısını çəkmək, hər kəsin maddi ehtiyaclarını təmin etmək ailə başçısının, valideynlərin boynuna düşür. Kişinin borcu ailə üzvlərinin ehtiyaclarını ödəmək, problemlərini həll etməkdir. Təbii ki, ailə üzvləri də reallığı nəzərə almalı, ailə başçısını həddən artıq yükləməməli, vəziyyətlə razılaşmalı, el arasında deyildiyi kimi, hər kəs ayağını yorğanına görə uzatmalıdır. Amma bu, heç də o demək deyil ki, evdə bütün işlər ailə başçısının, yaxud da valideynlərin boynuna düşməlidir. Ailə tam olanda, bütöv olanda, yumruq kimi bir olanda daha güclü, daha mehriban olur. Yəni ailədə hər kəsin müəyyən hüququ olduğu kimi, müəyyən borcu, işi də olmalıdır. Uşaqlar belə öz vəzifələrini, borclarını bilməli və yerinə yetirməlidirlər.

***

Təcrübəli bir pedaqoq danışır ki, evdə beşyaşlı nəvəsinə işıqları söndürmək vəzifəsi verir və hətta bunun üçün ona ayda maaş da ayırır – 1 manat. Nəvə harada lazımsız yerə işığın yandırıldığını görürsə, qaçıb söndürür. Əgər öz işini yaxşı yerinə yetirə bilmirsə, o zaman baba ona xəbərdarlıq edir. Amma bu zamana qədər “gənc elektrik” cəmi bircə dəfə öz işində səhlənkarlığa yol verib, onu da qısa müddətdə aradan qaldırıb, yəni qaçıb mətbəxin işığını söndürüb. Bu cür hallar əslində uşaqda məsuliyyət hissinin inkişafı üçün çox gözəl fürsətdir və bunu dəyərləndirmək lazımdır.

***

Ailə, ata, ana, yaxud övlad haqqında fikirləşəndə bircə şeyi hər zaman ön planda tutmaq lazımdır ki, bu sevgi, bu bağlılıq sonacandır, yəni nə zamansa borcdan çıxmaq, ondan qopub aralanmaq kimi bir anlayış yoxdur. Əsrimizin gətirdiyi ən böyük bəlalardan biri odur ki, indi övladlar valideynə baxmaq əvəzinə, pulla xidmətçi tutur və elə bilir ki, bununla da borcunu yerinə yetirmiş oldu. Ona görə də günümüzün ən mühüm tələblərindən biri məhz ailə müəssisəsinin möhkəmlənməsinə, doğmalıq tellərinin inkişafına çalışmaqdır. Valideyn övladın təmənnasız dostudur. Övlad bu həqiqətə inanandan sonra valideyninə qarşı soyuq davranması səbəbi anlaşılmaz cinayət hesab olunmalıdır.

***

Bir nəfər danışır ki, Zaqatalada çoxuşaqlı bir ailənin kirayəçisi olub. O ailənin səliqəsinə, səmimiyyətinə heyran qalıb. Diqqətini çəkən ən mühüm amil o olub ki, ailənin başçısı axşam işdən evə dönəndə uşaqların hamısı gün ərzində nə etdikləri barədə ona hesabat vermək üçün növbəyə durublar. Ata kolxozda traktorçu işləyirmiş. Axşam yorğun-arğın evə gəlib mütəkkəyə dirsəklənər, çay içə-içə övladlarının işləri ilə tanış olarmış. O ailədə kimsə işsiz deyilmiş. Ailənin 3 yaşlı sonbeşik qızı da anbardan kiçik odunları ətəyinə yığıb samovarın yanına daşıyarmış. İşini qurtarandan sonra anasının növbəti tapşırıqlarını gözləyərmiş. Ailənin nə az-nə çox, düz 10 uşağı varmış. Hər biri də gün boyunca nə edəcəyini axşamdan öyrənirmiş. Yəni valideynlər sabahkı işləri planlaşdırıb onları yaşına, gücünə görə uşaqlar arasında bölərmişlər. Həmin kirayəçinin dediyinə görə, o ailədəki uşaqların hamısı böyüyüb ədəbli, zəhmətkeş adamlar olublar.

***

Məsələ təkcə problemlərin həllində deyil. Çünki kiçik problemlərin doğru-düzgün həlli böyük problemin həllinə qapı açır. Belə ki, ailənin qarşısında duran ən böyük problem sağlam, ədəb-ərkanlı övladlar yetişdirməkdir. Bunun da yolu zəhmətdən, ədəbdən, böyüyə hörmətdən, ehtiramdan keçir. Böyük kiçiyə qayğı göstərdiyi kimi, kiçik də böyüyə ehtiram bəsləməlidir. “Sevgi sevgiylə bəslənir” deyiblər. Yəni valideyn övladı sevdikcə övlad da o sevgiyə layiq olmağa, sevildiyi qədər sevməyə can atar.

***

İnsan ən yaxınını belə Allahın əmrlərinə uyğun olduğu, yəni bu sevginin ona Allahın məmnunluğunu, razılığını qazandıracağına inandığı üçün sevərsə, Allah da o sevgiyə bərəkətini qatar. Peyğəmbərimiz Həzrəti-Muhamməd (s.ə.s.) buyurur ki, qadın öz ərinə Allahın əmanətidir. Əmanət – sahiblik demək deyil, bir başqasının müəyyən müddətə qədər sahib olduğu bir şeyi sənin istifadənə verməsidir. Mal da əmanətdir, can da; həyat yoldaşı da, övlad da… Əgər sən öz xanımına Allahın əmanəti kimi baxsan və onunla münasibətlərinə görə Allaha cavab verəcəyini ağlından çıxarmasan, yanlış hərəkət etməzsən, haqqını tapdamazsan.

***

Tənha bir qarı varmış. Yaşı doxsanı keçsə, beli bükülsə də, hər işinə özü əl atar, kimsəyə ağız açmazdı. Qarı üç övlad doğub böyütmüşdü. Üçü də uzaq bir şəhərdə yaşayır, illərlə ata evinin qapısını açmazdı. Cavan yaşından ərini itirib, evinin həm kişisi, həm xanımı olan, övladlarının gözünə kədər buludu qondurmayan ana yaşının doxsanında tək-tənha qalmışdı bir damın altında. Bir dəfə qonum-qonşu yığışıb töhmət eləmişdi: “Ay ana, ay başına dönüm, sən zəhmət çəkib bala böyütmüsən, iki oğlan, bir qız yetişdirib ev-eşik sahibi eləmisən. Bu kənddə ər-arvadın övlada verə bilmədiyini sən təkbaşına vermisən. İndi çağır onları, de ki, südüm sizə haram olsun”. Ana da deyilənlərə sakitcə qulaq asıb belə demişdi: “Mənim onlara verdiyim südü mənə Allah vermişdi. Mən Allahımın mənə verdiyini onlardan əsirgəyə bilməzdim. Bir də ki, mən kimsəni özümə borclu bilmirəm. Özüm də hər işdə bircə Allahıma borcluyam. Allah mənə övlad verəndə boynuma analıq borcu qoydu. Mən də Allahım qarşısında öz borcumu yerinə yetirməyə çalışdım. Nə qədər yerinə yetirə bildim, onu bir Allah bilir. Mən kimsədən bir şey ummuram, gözləmirəm. Umduğum, istədiyim bircə odur ki, Allahım məndən razı olsun. O ki qaldı övladlarıma, əlbəttə, ürəyim sızlayır. Amma ona görə yox ki, bu yaşımda məni itirib-axtarmırlar, ona görə ki, mən südümü də, haqqımı da halal eləsəm belə onlar sabah Allaha cavab verə bilməyəcəklər, üzləri qara olacaq.”

***

Ailə bir-birini sevənlərin, bir-biri üçün hər cür məhrumiyyətə, ağrı-acıya qatlanmağa hazır olanların birliyidir. Ailə üzvlərini bir-birinə bağlayan sevgi telləri o ailənin xoşbəxtliyinin ən mühüm faktorudur, Allahın o ailəyə verdiyi lütfdür, bərəkətdir. Bir-biri üçün darıxmaq, evdən çıxanda ardınca əl yelləmək, içəri girəndə qabağına yüyürüb, “xoş gəldin” demək; uzaq səfərdən dönəndə evdə hər kəsə hansı hədiyyəni almaq əndişəsi… hansını sayaq, hansını deyək, hamısı bir-birindən həyəcanlı, bir-birindən şirin. Birinin başı ağrıyanda dörd tərəfini sevənlərinin kəsdirdiyi komanda; biri yıxılanda hər iki qolundan yapışanların komandası; qarşılıq ummadan hər cür fədakarlığa hazır olanların komandası. Ailəniz sevgi yuvasına dönsün, bir-birinizin sevgisi könlünüzü, çöhrənizi bəzəsin. Allah sevgisini üzərinizdən əskik etməsin.

 

Əli Çərkəzoğlu

***
***
***
***
***




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir