Mütəxəssislərin bildirdiklərinə görə, ölkədə hər 1000 sürücüdən 25-i qadındır. Yəni, ümumi sürücülərin 2,5 faizini qadınlar təşkil edir. Ancaq nə qədər acınacaqlı olsa da, hələ də qadının sükan arxasında oturması birmənalı qarşılanmır. Bəzən sükan arxasında qadın olan zaman “qadındır da, bundan artıq sürməyəcək ki” deyənlər də az deyil.
Bəzi kişi sürücülər hesab edirlər ki, sükan arxasında qadındırsa, o, avtomobil idarə etməyi bacarmır, qanunları bilmir və qadın ona yol verməlidir. Bu zaman bəzi hallarda küçə söyüşləri dilə gəlir: “Sənə avtomobil alıb verənin…”, “sənə “prava” verənin…” və s.
Sürücü Aynurə Muradova deyir ki, qadın olmaq heç də pis sürücü olmaq demək deyil. Onun fikrincə, avtomobili qadınlardan dəfələrlə pis idarə edən kişilər var: “Mən 5 ildir avtomobil idarə edirəm. İlk avtomobilim “Kia-Picanto” idi. İnanın, yollarda çox əziyyət çəkirdim. Xüsusilə də, taksi sürücüləri tərəfindən təhqirlərə məruz qalırdım. Son dövrlərdə yola çıxmaq məni qorxudurdu. Kimi nömrə verir, kimi küncə sıxırdı. Sonra avtomobilimi dəyişdim. “Kia-Sportage” alandan sonra daha rahatam. Hətta taksi sürücüləri belə, daha məni incitmirlər. Mənə elə gəlir ki, kişi sürüclərin ancaq kiçik avtomobili olan qadınlara gücü çatır”.
Digər qadın sürücü Xalidə Hüseynova isə hesab edir ki, qadınlar yollarda təhlükəli sürməyə məcburdurlar: “Çünki bəzi kişi sürücülər sükan arxasında qadın görən kimi özlərini itirirlər. Bu da qadın üçün yolda problem yaradır. Amma təhlükəli sürəndə “qoy keçsin, məndən uzaq olsun” deyib yol verirlər”.
Təlimçi-sürücü Sərraf Gözəlovun sözlərinə görə, avtomobil sürməyi qadınlar kişilərdən daha tez mənimsəyir və qadınlar daha diqqətli avtomobil idarə edirlər: “Mənim çox qadın tələbəm olub. Onlar aylarla avtomobil sürməyi öyrənmək üçün gəlib-gediblər. Və sonda avtomobil sürməyi elə öyrəniblər ki, bəzən 30 ilin sürücüsü olan kişilərdən yaxşı avtomobil idarə ediblər”.
Təlimçinin dediyinə görə, bəzi qadın sürücülər də var ki, onlar avtomobili idarə etməyi dost-qohum, qonşu yanında öyrənir, sonradan hansısa yolla sürücülük vəsiqəsi əldə edirlər: “Belə qadınlar yol hərəkəti üçün əsl təhlükə mənbəyidir. Bəzi qadınlar sükan arxasında mesajlaşmaq, yüksək səslə musiqi dinləmək, makiyaj yeniləmək və s. kimi işlərlə məşğul olmaqla özlərinin və digər sürüclərin həyatını təhlükə altına alırlar. Onlar qanunlardan xəbərdar olmadıqları səbəbindən yollarda qaydalara əməl etmir, kobudluq edir, qaydaları kobud şəkildə pozurlar”.
Müsahibimiz onu da qeyd etdi ki, yol hərəkəti qaydalarını çox zaman imkanlı qadınlar (və ya sevgilsi imkanlı olan qadınlar) pozurlar: “Bilirsiniz, yol hərkəti qaydalarının pozulmasına görə cərimələr o qədər də yüksək deyil. Cərimələrin yüksək olmaması həmin qadınlara rahatlıq verir”.
“Yollarda “terrorçuya” çevrilən qadınların qarşısını almaq mümkün deyil. Onlar gecələr sərxoş halda, gündüzlər isə kobud şəkildə qayda pozurlar. Təbii ki, cərimələrini ödəyib yenidən istədiklərini edirlər. Ancaq belə qadınlara görə, bütün qadın sürücüləri günahlandırmaq olmaz. Qadın sürücülər arasında kişilərdən yaxşı avtomobil idarə edənlər də var” — təlimçi vurğulayır.
Hüquqşünas Fərid Həmidli isə hesab edir ki, qadın sürücülər daha diqqətli avtomobil idarə edirlər: “Buna baxmayaraq, Azərbaycanda dünyanın heç bir yerində olmadığı qədər qadın sürücülərə basqı var. Ekspertlər də təsdiqləyirlər ki, qadınlar sükan arxasında kişilərdən daha diqqətlidirlər. Deyərdim ki, qadınların sürücülük mədəniyyətləri daha böyükdür. Əlbəttə, xanım sürücülərin arasında da yol hərəkəti qaydalarını bilməyən və sürücülük mədəniyyəti olmayanlar az deyil”.
Hüquqşünas bildirir ki, xanım sürüclər kişilərdən fərqli olaraq profilaktik tədbir kimi ustaya daha az müraciət edirlər: “Qadın sürücülər avtomobilin hər hansı bir hissəsi sıradan çıxdıqdan sonra ustaya müraciət edir. Həyatda xanımların çox hissəsi özünü kişilərdən üstün hesab elədikləri üçün, yollarda da bu üstünlüyü görmək istəyirlər. Amma Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında qanununda xanımların və ya kişilərin hər hansı bir üstünlüyü nəzərədə tutulmayıb. Sükan arxasında əyləşən sürücüdür və qanunun tələbələrinə uyğun olaraq avtomobilini idarə etməyi bacarmalıdır”.
Müsahibimiz əlavə edir ki, qadın sürücülərin yollarda buraxdığı səhvlər daha çox dönmə nişanları ilə bağlı olur: “Qadınlar dönmə hərəkəti edən zaman dönmə hərəkətini tənzimləyən işıqlardan və güzgülərdən istifadə etmirlər. Bu da qəzaların baş verməsinə səbəb olur. Amma qanun qarşısında hər kəs eynidir. Qanun qadına və kişiyə fərq qoymur”.