merkez

Sevginin izi ilə… – REPORTAJ

Baxış sayı: 557

Tez-tez eşitdiyimiz, çox da dərinliyinə varmadığımız ifadə var: Həssas təbəqə! Kimdirlər, niyə həssasdırlar? Onlar fiziki məhdudiyyətli insanlardır, çox həssasdırlar, həm də xüsusi qayğıya ehtiyacları var. Bu qayğı təkcə fiziki deyil, həm də ruhsaldır. Onlara diqqət və sevgi göstərmək mənəvi borcumuzdur. Şəhərdə gəzişirəm və qarşıma bu cür xüsusi qayğıya ehtiyacı olan uşaqla anası çıxır. Onlar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki 1 saylı Uşaq Bərpa Mərkəzində müalicə olunurlar. Uşaq jest diliylə mənə orda əla adamların olduğunu başa salır. Sevginin izi ilə yol alıram mərkəzə.

Sevginin əslini saxtasından ayıran uşaqlar

Mərkəzə daxil olanda diqqətimi birinci çəkən səliqə-sahman və nizam-intizam oldu. Hamı öz işindədir. Dəhlizdə mərkəzin direktoru Nərgiz xanım bizi xoş təbəssümü, qəribə bir doğmalığı olan səsiylə qarşıladı. Elə ilk andanca burdakı auranın niyə belə canayaxın olduğunu anladım. “Sevgi dünyanı xilas edəcək” deyirlər. Bəli, sevgi, mehribanlıq, qayğı bu uşaqlar üçün ən vacibidir. Dəhliz boyu Nərgiz xanımın burdakı uşaqları adbaad tanıdığı da nəzərimdən yayınmadı. Uşaqların ona sevgisi isə bir ayrı aləmdir. Hamısı onunla görüşür, nəsə soruşur, sevgilərini bildirirlər. Nərgiz xanım da səbirlə dinləyir, suallarına cavab verir. Reabilitasiyaya gələn uşaqların birinin uzaqdan ona ürək göstərdiyini də gördüm. Bu sevgini qazanmaq üçün sevgi vermək lazımdır. Çünki bu uşaqlar sevginin əslini saxtasından yaxşı ayırır.

Biz tək deyilik

Bundan başlayım ki, mərkəz həm stasionar, həm də ambulator fəaliyyət göstərir. Yəni bölgələrdən gələn xəstələr burda rahatca həm müalicə oluna, həm də valideynləri ilə birgə qala bilirlər. Qalanlar dövlət hesabına həm təmiz palata ilə, həm də gündə üç dəfə yeməklə təmin olunurlar. Bütün günü proseduralardan keçən uşaqlar axşam mərkəzin kinozalında birlikdə film izləyirlər. Mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən lazım olan bütün avadanlıq və vəsaitlərlə təchiz olunub. Nərgiz xanım söhbət əsasında deyir ki, bizi eşidən, dəstək verən, yanımızda olan rəhbərliyimiz var deyə işləməkdən zövq alırıq. Çünki bilirik ki, tək deyilik. Birlikdə uşaqların sağlam böyüməsi üçün əlimizdən gələni edirik.

Özgüvən və inam

Qapının üstündə “Psixoloq” yazılıb. Astaca qapını açıb içəri boylanıram. Ülviyyə xanım uşaqlarla söhbət aparır. Prosedur bitəndən sonra deyir ki, bu uşaqların əsas problemi özgüvəndir. Biz burada söhbətlərimizlə onların sosiallaşmasına, özlərinə inanmasına kömək edirik. Bundan sonra onlar daha çox aktivləşir, bir-birləriylə ünsiyyətə daha rahat girə bilirlər. Elə uşaqların üzündəki təbəssüm də bunu təsdiqləyirdi. Uşaqların inkişafında kiçik və böyük motorikanın xüsusi rolu var. Bu məşğələlər olmadan, düşünürəm ki, heç bir irəliləyişdən söhbət gedə bilməz. Çünki motor bədənin hərəkətetmə bacarığıdır. Mərkəzdə həm kiçik, həm də böyük motorikanın inkişafı ilə məşğul olan peşəkar mütəxəssislər var. Həm də qeyd edim ki, otaqlar uşaqların inkişaf üçün beynəlxalq standartlara uyğun bütün vəsaitlərlə təchiz olunub.

Qorxunu aşırdan cihaz

Mərkəzdə çox əhəmiyyətli olan uzay otağı da var. Uzay cihazında passiv idman nədir? Bu haqda bizə uzay terapiyası mütəxəssisi Gülnar xanım danışdı. Xanım deyir ki, bu, çox müasir bir prosesdir. Hazırda Avropada bundan çox istifadə olunur. Yerimə şansı olan, tarazlığı saxlaya bilən uşaqları bura bağlayırıq. Özünəgüvəni artırır, düzgün addım atmağı öyrədir. Elə uşaqlar var ki, köməksiz hərəkət edə bilmir. Uzay terapiya uşaqlarda özgüvən yaradır, qorxunu aşmağa yardımçı olur. Bir müddətdən sonra uşaqların əlavə kömək olmadan yeridiyini görürük.

Mən gəzirəm…

Uşaqların həvəslə məşğələ vaxtını gözlədiklərini də gördüm. Prosedurların hamısı şən, əyləncəli deyil. İçində bir qədər fiziki yük tələb edənləri də var. Amma buna baxmayaraq, uşaqların kefi yerindədir. Biz isə daha bir əhəmiyyətli prosedur otağına daxil olduq. Lalə xanım lokomat cihazı haqda məlumat verib deyir ki, bu cihazın iş prinsipi beyni stimulyasiya etmək, impulslar ötürməklə hərəkət prosesini sürətləndirməkdir. Yəni məqsəd hərəkəti yaxşılaşdırmaqdır. Xəstə cihazın monitorunda hərəkətdə olan uşaq görür. Cihaz hərəkətə başladıqdan sonra beyinə impulslar gedir və sanki uşaq həmin hərəkətləri edir. Həmin impulslar aşağı ətraflara da gedir. Biz bir müddət sonra uğur əldə edə bilirik. Bu nəticələri, əslində, aktiv idmanla da qazanmaq olar. Sadəcə, cihaz işimizi daha da yüngülləşdirir. Özüm də gördüm ki, bir oğlan cihaza qoşulub, pedallar vasitəsilə hərəkətdədir. Onun özünə bir inamı yaranıb ki, gəzir.

Əyani və canlı vəsaitlər

Mərkəz tərtəmiz olmaqla yanaşı, həm də zövqlə bəzədilib, divarlarda rəsmlər asılıb. Bu rəsmləri də elə bu uşaqlar çəkib. Bundan başqa, burada onların əl işləri də sərgilənir. Burdan keçib tədris otağına gəldik. Könül xanım, həm difektoloqdur, həm də loqoped. Hərf qoymaq, nitq, masaj işləri ilə məşğuldur.  Bu otaqda da nitqi inkişaf etdirmək üçün bütün müasir vəsaitlər var. Tədris otağında uşaqlara rəsm çəkmək, stolüstü oyunlar oynamaq, mahnı oxumaq da öyrədirlər. Ən maraqlısı isə otaqda rəngarəng əyani vəsaitlərlə yanaşı, canlı vəsait də – cücə, tısbağa da vardı.

Təmənnasız xidmət

Görəsən, bərpa mərkəzdə fiziki məhdudiyyətli işçilər də varmı? Varmış. Onların da işləməyi, həyata inteqrasiya etməyi üçün şərait yaradılıb. Müalicəvi masajla məşğul olan 4 xanımdan ikisi – Könül və Elnarə görmə məhdudiyyətlidir. Burda böyük həvəslə işləyirlər. Qeyd etməliyəm ki, mərkəzdə uşaq serebrial iflici üzrə türkiyəli mütəxəssis Fateh bəy və Vaşinqtondan gələn dünyaca məşhur autizm üzrə mütəxəssis Bill Peters də təmənnasız çalışırlar. Nəzəriyyədə olmasa da, autiklərin də jest dili var. Uşaqların sevimlisi Bill onlarla valideynlər arasında kommunikasiya yaratmağa kömək edir.

Burada valideynlər də mənəvi bərpa olunur. Çünki onlar daha həssasdır. Bir baxış, bir sözdən inciyə, kövrələ bilirlər. Mütəxəssislər valideynlərlə ünsiyyətdə daha diqqətlidir. Bütün bu şəraiti, sevgini görüb sevinirəm ki,  dövlət bu uşaqların qayğısındadır.

 

Xanım Aydın




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir