aile

Sevib ailə quraq, yoxsa? – PSİXOLOQ TÖVSİYƏSİ

Baxış sayı: 2. 333

Yüz illərdir ki, insanlar bu suala cavab axtarır: ailənin uzun müddətli olması üçün sevib evlənmək lazımdır, yoxsa başqa məqamlar var?

Sevgi ilə ailə qurmaq nə qədər önəmlidir? Evlilik sevgini öldürürmü? İlk növbədə onu nəzərə almaq lazımdır ki, sevgi münasibətləri ilə ailə münasibətləri çox fərqlidir. Ailədə ən vacib nöqtə “cütlük” ola bilməkdir.

Türkiyəli psixoterapevt Kevser Orakın bununla bağlı fikirlərini sizə təqdim edirik:

Evlilik uzun və çətin bir yoldur. Bu yolda özünüzə həyat yoldaşı kimi seçdiyiniz insanın sizə yar olması, ailə yolunda əlinizi buraxmaması gözlənilən və arzu ediləndir. Təkcə sevgi ilə ailəni sağlam davam etdirmək əlbəttə ki, kifayət etmir. Sədaqət, hörmət, dəyər, qarşılıqlı fərdi yanaşma ailə üçün çox vacib amillərdir. Bu kombinasiyaların hamısı bir yerdə olduqda ailənin sağlam olması ehtimalı yüksəkdir.

Əvvəlcə özünüzü tanıyın

Fərdlərin özlərini tanıması çox vacibdir, öz ehtiyac və istəklərini yaxşı bilməli və paylaşmalıdırlar. Tanış olma müddətində qarşı tərəfi itirmək və ya düzgün başa düşülməmək qorxusu olduğu üçün bu istəklər çox zaman gizlədilir. Ailə qurduqdan sonra cütlüklər təbii həyatlarına qayıtdıqda bu ehtiyac və istəklər ortaya çıxır, beləliklə də münaqişə başlayır. Evlilikdən əvvəl insanlar beyinlərində “ideal həyat yoldaşı” profilini təyin edib həmin insanı axtarırlar. Bu ideal həyat yoldaşı profilində çox yüksək gözləntilər ortaya çıxır. Qarşınızdakı insan da eyni gözləntilərlə yola çıxıb. Bunlar həqiqi olmayan və evlilikləri yoran gözləntilərdir.

Evlilikdə riyaziyyat yoxdur

Məntiqi evlilik də ailə qurmaq üçün kifayət deyil. Gənclər özləri üçün bəzi kriteriyalar təyin edir: varlı olsun, diplomu olsun, yaraşıqlı olsun, romantik olsun və s. Misal üçün, beş kriteriya varsa, dördü olan insanı tapdıqda onu ideal həyat yoldaşı kimi görə bilərlər. Lakin evlilik düşünüldüyündən daha qarışıq bir müddətdir və evliliyin riyaziyyatı yoxdur. Beş kriteriyadan dördü olan insanla çox bədbəxt və ya beş kriteriyadan biri olan insanla çox xoşbəxt yaşamaq olar.

“Biz” olmaq lazımdır

Sağlam evlilikdə sevgi olmalıdır. Bu zaman cütlüklər bir-birinə qarşı məsuliyyət daşıdıqlarının fərqində olurlar. Sevgi bir müddət keçdikdən sonra yerini daha davamlı və sağlam olan məhəbbətə verir. Evlilik bir səyahətdir. Bu səyahətdə fırtınalar da ola bilər, gözəl günlər də. Buna görə də münasibətdə həm də yaxşı işbirliyi qurmaq lazımdır. Yaxşı bir işbirliyinin qurulması üçünsə şəxsiyyət uyğunlaşması, evlilik bacarıqları və yetkin olmağı inkişaf etdirmək lazımdır. Vacib olan “Mən+Sən=Biz” ola bilməkdir. Yəni hər iki fərdin öz fərdiliyini yaşaya bildiyi, eyni zamanda həyat yoldaşı olaraq məsuliyyətlərini yerinə yetirdiyi evliliklər sağlam formada davam edir. Vacib olan məntiq və ya sevgi üzərində deyil, həqiqi və sağlam evliliyə imza atmaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir