aile

Sevib evlənmək hər şeyi həll edərmi?

Baxış sayı: 2. 184

Heç tanımadığımız insanların arasında həyata göz açırıq. Bəli, biraz ədalətsiz səslənir. Valideynlərimizi, bacı-qardaşlarımızı, qohumlarımızı seçmək şansı bizə verilmir. Amma həyat bizə öz seçimlərimizlə yeni bir ailə qurmağ üçün şans verir. İkinci bir ailə. Kimi insan bu ailəni öz valideynlərinin istəyi ilə, kimiləri ürəyinin, kimiləri də yalnızca ağlının səsini dinəyərək qurur. Bəs hansı daha uğurludur?

Valideynlərimiz daima bizim üçün əllərindən gələn hər şeyi ediblər. Heç vaxt bizim pisliyimiz üçün çalışmazlar. Bəs görəsən onları dinləsək ideal ailəyə sahib ola bilərik mi? Məncə hər zaman yox. Çünki həmin insan həqiqətən də çox yaxşı ailənin tərbiyəli övladı olacaq, amma sağlam ailə üçün bu heç də kifayət deyil. Bizimlə ortaq yanları olmayan, söhbət edə biləcəyimiz bəlkə da heç bir şey olmayan biri ilə bir ömür boyu həyat paylaşa bilmərik. Ona görə də məncə bu addımda valideynlərimizdən çox özümüzü dinləməliyik. Bəs özümüz necə? Haqlıyıq mı? Nə etsək daha sağlam və uzun ömürlü, xoşbəxt bir ailəyə sahib ola bilərik? Ağlımızla ürəyimizin arasında qaldıqda necə addım atmalıyıq? Əslində “məntiq evliliyi” qulağa daha ideal səslənir. Biz hər şeyi ölçüb-biçib bir insan seçib, onunla həyatımızı paylaşarıq. Onun evi var, yaxşı işə sahibdir, uşaqlarla arası yaxşıdır – yaxşı ata olacaq. Ya da bəlkə çox romantik insandır, nağıllardakı ağ atlı şəhzadə kimi. Bunlar ailə üçün kifayətdir mi? Bu situasiyaya da yalnız öz pəncərəmdən qiymət verib deyə bilərəm ki, məncə sağlam ailə üçün tərəflərin kariyeralarından daha əvvəl bir-birilərinə olan sevgiləridir. İnsan sevərək evlənməlidir. Çünki yalnız o halda sözün əsl mənasında həyat yoldaşı ola bilərlər. Çünki bir insana qarşı hiss etdiyimiz sevgi bütün problemləri həll edəcək gücə malikdir. Çünki sabah siz, hər ailədə olduğu kimi balaca bir şeyə görə dava etsəniz, o insana qarşı hiss etdiyiniz hörmətə görə üzr istəməyəcəksiniz. Yalnız o insan sizin həyatınızın insanı olduğunu düşünsəniz barışmağa cəhd edəcəksiniz. Ailədə tərəflər ilk öncə sevgili olmalıdırlar. O zaman barışmaq o insan üçün çox rahat olacaq. Bir sabah oyanıb hər gün eyni simanı görməkdən bezmək əvəzinə, xoşbəxt olacaq.

Bəs sevib evlənmək hər şeyi həll edərmi? Yəni bizim sevgimizin gücü hər şeyə yetərmi? Məncə bu da olan iş deyil. Sağlam ailə qurmaq üçün bir insani uzun muddət tanımağa ehtiyac var. O insanın hər hadisədə nə reaksiya verəcəyini bilməlisiniz. Sevdiyi və sevmədiyi şeylərə bələd olmalısınız. Çünki sevgi nə qədər güclü olursa olsun bəzən elə hallarnan rastlaşa bilərsiniz ki, məhz ona sevginizin gücü çatmasın. Amma bir çox şeyi sevginizlə həll edə bilərsiniz. Məsələn siz sevib evlənmisinizsə və həyat yoldaşınızın sizin toy gününüzdə sizi bahalı bir restoranda axşam yeməyinə aparmağa imkanı çatmazsa, sizin bunun üçün heç vaxt mübahisə etməyəcəksiniz. Əksinə ona gözəl bir masa hazırlayıb, işdən evə qayıtmağını gözləyəcəksiniz. Bu hadisəni hər hansı bir hörmət üzərində qurulmuş münasibətdə görə bilmərik. Bəlkə də o insan sizi hər gün bahalı restoranda şam yeməyinə aparacaq. Lakin toy gününüzü belə xatırlamayacaq.

Sevgidən əlavə bir şeyə ehtiyacımız yoxdur? Əlbəttə var! Sevgi qədər içimizi oxşayan bir hiss olmasa belə, onun qədər önəmli olan bir duyğumuz daha var – GÜVƏN. Güvənmədiyiniz bir insanla hər gecə eyni yastığa baş qoya bilməzsiniz və bu güvən bir çox cürə anlaşıla bilər. Özünüzü təhlükəsiz hiss edərsiniz, evdən arxayın olarsınız, övladlarınızdan rahat olarsanız, sizi aldatmayacağına əmin olarsınız. Bu da bir başqa faktordur. Hər gecə görəsən ərim bu gün həqiqətən də dostlarıyla axşam yeməyində idi? – sualı sizə və eyni zamanda evliliyinizə ən böyük xərərdir. Bir gün o paranoyalarınıza görə hətta yoldaşınıza qarşı içinizdə nifrət yaranacaq və artıq heçnəyin əvvəlki kimi olmadığını hiss edərsiniz.

Evlilik üçün bir çox şey önəmlidir: sizin şəxsi dünya görüşünüz, yaşınız, qarşı tərəfdən gözlədikləriniz, xarakteriniz… Bunların hər biri haqqında ayrıca bir kitab yazmaq olar. Amma məncə sadaladıqlarım bütün münasibətlərə şamil oluna biləcək şeylərdir. Və yaddan çıxarmaq olmaz ki, ən gözəl cütlüklər belə bəzən dava etməlidir. Əksinə davalar olmasa bir anormallıq var deməkdir. Əsas odur ki, qarşımızdakı sevdiyimiz, hörmət etdiyimiz, bütün həyatımızda yanımızda olmağını istədiyimiz və ən əsası itirməkdən qorxduğumuz bir insan olsun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir