Bəstələri ilə dünyaya zəngin musiqi irsi qoyub gedən qərb bəstəkarlarının həyat hekayələri hər zaman maraq doğurub. Motsart, Şopen kimi maestrolar fitri istedad və qabiliyyətlərə malik olsalar da, çətin həyat yolu keçiblər.
Beləliklə, oxucular bəstəkarların həyatları haqqında maraqlı faktlarla tanış edirik.
Motsart
Motsart ömrünü səfalət içində keçirib. Lakin onun haqqında 2 məqam xususilə təsirlidir. Bunlardan biri 6 yaşında musiqi bəstələməyə başlaması və 35 yaşında öləndə kimsəsizlər qəbiristanlığında basdırılmasıdır. Bəşəriyyət tarixinin bəlkə də ən istedadlı bəstəkarı olan musiqiçinin ölümü hələ də müəmma olaraq qalır. Bəstəkar 35 illik həyatı boyu 600-da dan çox əsər ilə ölümsüz olmağı bacarıb.
Bethoven
Bethoven Motsartın əksinə, bütün həyatı boyu hörmət-izzətlə qarşılanıb, cənazə mərasimində isə bütün xalq iştirak edib. Hər kəslə aqressiv rəftar edən əsəbi musiqiçi 30 yaşına yaxın eşitmə problemləri yaşayıb və ömrünün son 10 ilini kar olaraq keçirib. Amma karlıq dahinin yazıb-yaratmaq eşqini dayandırmayıb. Avropa Birliyinin himni və 9-ci Simfoniyasını bu dönəmdə bəstələyib. Onun əsərləri indiyədək dünya musiqi fondunun ən zəngin xəzinəsi sayılır.
Şopen
Motsart kimi 6 yaşında pianino təhsilinə başlayan fitri istedad sahibi Şopen Polşanın kiçik bir kəndində anadan olub. Nadir qabiliyyəti ortaya çıxıb şöhrət qazandıqdan sonra Şopen Fransaya yerləşib və maddi baxımdan heç vaxt korluq çəkməyib. Musiqiçi yuxarıda adlarını çəkdiyimiz bəstəkarlar kimi gənc yaşda dünyadan köçüb. 39 yaşında vərəmdən ölən bəstəkar bəstələdiyi dəfn marşının öz dəfnində çalınmamasını vəsiyyət edib.
Çaykoviski
“Qu Gölü”, “Yatmış Gözəl” və “Fındıqqıran” kimi balet musiqilərinin bəstəkarı kimi məşhurlaşan Çaykoviskinin də həyatı digərləri kimi çox keşməkəşli olub. Həyatı sirlərlə dolu olan romantik bəstəkar karyerasında böyük nailiyyətlər əldə etsə də, şəxsi həyatda öz xoşbəxtliyini tapa bilməyib. Bu da bəstəkarın naməlum ölümü ilə sona çatıb. Bəziləri vəba virusuna yoluxduğunu və bu dəhşətli xəstəlikdən öldüyünü iddia edir. Başqa bir musiqi tarixçiləri isə bu sadəlövh insanın intihar edərək həyatına son verdiyini irəli sürür.
Paqanini
Skripka virtuozu Paqanini haqqında ən təsiredici məqam səhnədə çoxlu sayda skripka sındırmasıdır. Musiqi alətinin yalnız bir simi qalmasına baxmayaraq, konserti sona qədər tamamlayıb. Qumara olan qarşısıalınmaz həvəsi onu özü üçün qumarxana açmağa məcbur edib. Lakin pis vərdişi ona baha başa gəlir və həbs olunur. Bundan başqa, yüksək qabiliyyətə malik olduğu üçün onun haqqında ruhunu şeytana satması ilə bağlı fikirlər də irəli sürülüb.