Şeyx Əbdül 45 illik SİRRİ açdı: “Getməsəydim, məni öldürəcəkdilər…” – MÜSAHİBƏ

Baxış sayı: 1. 489

“Abbasqulu ağanın nazı ilə çox oynayırsan ha, Kərbəlayı”… Kinomanlar göydə aldılar ki, söhbət “Axırıncı aşırım” filmindən gedir.

Yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanı əsasında ekranlaşdırılan və Kamil Rüstəmbəyov kimi rejisorluğu ilə ərsəyə gələn bu məşhur filmin 45 yaşı tamam olur.

Milli kinomuzun nadir incilərindən sayılan filmlə bağlı xatirələrini bizə tanınmış kinorejissor və aktyor Əbdül Mahmudbəyov danışacaq.

Qeyd edək ki, aktyor Bəylər rolunu canlandırıb.

– Əbdül müəllim, Axırıncı aşırım filminin bu il 45 yaşı tamam olur, istədik sizinlə 45 il geriyə boylanaq, yaddaşınızı təzələyək…

– Böyük məmnuniyyətlə, milli kinomuzun möhtəşəm incisi barədə danışaram. Siz 45 il dediniz, pis oldum. Vaxt, zaman necə surətlə uçur. Elə bilirəm hər şey dünən olub.

– Bildiyimizə görə, filmdən sizə çapıq da xatirə qalıb, çəkiliş zamanı Məlik Dadaşovun silləsindən aldığınız zədənin çapığını deyirəm.

–  Doğrudur, o filmdən aldığım zədələrin ağrısı uzun müddət  məni ağrıtdı. Əslində o sillə əslində, Rəşid rolunu canlandıran Fazil Salayevə vurulmalı idi. O yazığın da boğazında xəstəliyi vardı, dedilər ki, yox onu vurmayn, halı pisləşər. Qərara gəldilər ki, silləni mənə vursunlar. Kamil Rüstəmbəyovla Məlik Dadaşov sözü bir yerə qoyublar, mənim də xəbərim yox. Deyiblər ki, qəfil vurarsan, film təsirli alınsın.  Mənim də əlimə sellofanda mürəbbə suyu veriblər qoymuşam ağzıma, gözləyirəm ki, nə vaxt desələr onda məni vuracaqlar. Mən də  ki, şillədən sonra yıxılanda sellofon torbanı ağzımda dişləyib yaymalıydım  dodağıma. Bir onda gördüm ki, Məlik mənə yaxınlaşıb, sillə çəkdi. O da nataraz, hündür adam idi, nətəhər ilişdirdisə, təpəmdən tüstü çıxdı. Mən də hələ işarə gözləyirəm, gözlənilməz zərbədən arxası üstdə necə yıxıldımsa, başım arxadakı pəncərəyə dəydi, dodağım partladı. Rəhmətlik Adil İsgəndərov məni çox istəyirdi, çünki sevimli tələbəsi idim. Görəndə ki, Məlik məni deməmiş vurdu, üstünə yeridi ki, sən nə ixtiyarla mənim tələbəmə belə zərbə endirirsən? O yazıq da rolundan təsirləndiyi və filmin təsirli alınmağı üçün belə etdiyini bildirdi. Adil müəllimi güclə sakitləşdirdilər.

– Bəs siz buna görə Məlik Dadaşovdan incidiniz?

– Qətyyən. Əksinə, cavan oğlan idim, belə bir filmdə Məlikin silləsini yediyim üçün qürurlanırdım. O məni belə ürəklə vurmasaydı, film də belə təsirli alınmazdı.

İkinci zərbəni də Xudayarın qardaşından – Tariyel Qasımovdan aldım. Tapançanı başıma necə vurdusa, məni qan apardı. Qanı saxlaya bilmirdilər. İkinci dəfə çəkilişə başısarıqlı gəlmişdim. Elə oldu ki, Moskvaya getdim. Çünki həmin vaxt Rusiyanın Ali Rejissorluq və Ssenaristlər kursunun rejissor bölməsinə imtahan vermişdim. Çəkiliş ərəfəsində xəbər gəldi ki, qəbul olunmusan. Orda oxumaq xəyalım idi, buna görə filmə çəkilməkdən vaz keçməli oldum. Buna görə də öz istəyimlə ssenaridə dəyişiklik edib, məni filmdən uzaqlaşdırdılar. Qaçıb Moskvaya getməsəydim, çəkiliş zamanı məni döyüb öldürəcəkdilər (gülür). Çünki bütün kadrlarda döyülürdüm.

– Doğrudurmu ki, filmin ilk orjinal versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürür? Çünki Qəmlonun ölüm səhnəsindən sonra Kərbəlayı İsmayılın adamlarından biri “Kərbəlayı Qəmlonu gəbərtdi” deyir.

– Bəli. Kərbəlayı İsmayıl bunu ona görə edir ki, Qəmlo onun sözündən çıxır və Kərbəlayının dostu olan Abbasqulu bəy Şadlinskini öldürür. O vaxt filmlərə senzura vardı, Moskvada baxıb yekun qərar verirdilər. Elə oldu ki, Moskvada bu versiyanı bəyənmədilər. Dedilər ki, siz sinfi düşmən olan Kərbəlayini milli qəhrəman səviyyəsinə qaldırmısınız.  Kamil Rüstəmbəyov məcburiyyət qarşısında filmə dəyişiklik edir.

Yeni versiyada Qəmlonu Kərbəlayı İsmayıl yox Xudayarın qardaşı öldürür. Məhz bu versiya ilə də film ictimaiyyətə təqdim olunur. Bəlkə də rejissor qəsdən “Kərbəlayı Qəmlonu gəbərtdi” ifadəsini filmdə saxlayır. Bu da tamaşaçılara bir mesaj idi.

– Bilirik ki, filmdə rol alan qəhrəmanlar Qəmlo ilə Şadlinskinin həyatdakı prototipləridir. Yeri gəlmişkən, film ictimaiyyətə təqdim olunandan sonra, Şadlinski ilə Qəmlonun qohum-əqrəbasının reaksiyası necə oldu?

– Çox pis. Amma sovetin qılıncının dalının-qabağının kəsdiyi bir vaxtda səslərini çıxara bilməzdilər, buna görə adamın atasını yandırardılar. Sovetlər dağılandan sonra tozanaq qaldırdılar, onda da gec idi.

– Niyə?

– Çünki nə filmi ərsəyə gətirən rejissor sağ idi, nə də Adil İsgəndərov.

– Əslindəonların narazılığına səbəb nə idi ki?

– Deyirdilər Qəmlo obrazını niyə qəddar, qaniçən kimi təqdim ediblər.

– Əslində, belə deyildi ki?

– Belə idi. Qəmlo başkəsən, çox qəddar bir adam kimi ad çıxarıb, özü də Kərbəlayi İsmaylın sağ əli olub. Amma onun ölümü filmdə başqa cür verilib. Bu da normaldır, çünki bədii əsərdə yazıçı fantaziyasından istifadə edə bilər. Fərman Kərimzadəni də o vaxt buna görə çox çək-çevirə salmışdılar.

– Bəs çəkilişlər harda aparılırdı?

– Bir hissəsi Qobustan qayalıqlarında, digər  hissəsi isə kinostudiyanın həyətində quraşdırılmış pavilyonda lentə alındı. Filmdə gördüyünüz o kənd, taxıl anbarı-hamısı pavilyonda düzəldilmişdi. Abbasqulu bəyin ölüm səhnəsi Qobustanda çəkilirdi. Kaskadyor da dəvət etmişdilər, çünki təhlükəli vəziyyətlər yarana bilərdi. Kaskadyora nə qədər başa saldılar ki, üzünü kameraya çevirmə, xeyri olmadı. Axırda Həsən Məmmədov bezib  dedi ki, özüm çəkiləcəyəm. Qayadan aşanda yazığın qolu-qıçı, dirsəkləri yaralanmışdı. Kinon çəkilişləri başa çatanda ona toxunmaq olmurdu, yaraları sızıldayırdı. Həsən qətiyyən bu yaralara görə peşman deyildi, çünki sənətinin fədaisi idi.

– Doğrudurmu ki, Adil İsgəndərov filmə görə aldığı mükafatını Məlik Dadaşova verib?

– Əvvələn onu deyim ki, film nəinki Azərbaycanda, keçmiş SSRİ-də yaxşı mənada səs-küy yaratdı. 1972-ci ildə Tiflisdə keçirilən V Ümumittifaq kinofestivalında görünməmiş bir hadisə yaşandı. O vaxt filmə, bir də qəhrəmanın birinə mükafat verilirdi. Üçüncü mükafat mümkünsüz idi. Amma münsiflər heyəti filmi o qədər bəyənmişdi ki, üçüncü mükafat da müsbət qərəman olan Həsən Məmmədova təqdim olundu – Abbasqulu ağa roluna görə. Adil İsgəndərov isə Kərbəlayı İsmayıl roluna görə mükafat aldı. Adil İsgəndərov elə təqdimat mərasimində mükafatını Qəmlo rolunun ifaçısına təqdim etdi və dedi ki, o, məndən də yaxşı kişi obrazı yaradıb.

– Bəs niyə filmdə Kərbəlayi İsmayıl obrazını Adil İsgəndərov özü deyil, aktyor Yusif Vəliyev səsləndirir?

– Bunu Ədil İsgəndərov özü istədi. Əvvəllən o Yusifin xətrini həddən artıq istəyirdi. Hətta “Nəsimi” filmində ona təklif olunan Topal Teymur rolunu da öz istəyi ilə Yusif Vəliyevə vermişdi. Demişdi ki, Yusif bu rolu məndən yaxşı oynayacaq.  Həm də Ədil müəllim o vaxt kinostudiyanın direktoru idi, saatlarla oturub filmin səsləndirilməsini təmin edə bilməzdi. Hər kəs bunu etiraf edir ki, Kərbəlayi İsmayıl obrazının o qədər sevilməsində Yusif Vəliyevin səsinin rolu böyük olub. Adil İsgəndərovun oyunu və Yusif Vəliyevin səsi-filmin uğurunu 50-50-yə həll etmişdilər.

– Amma eşitdiyimizə görə Adil İsgəndərovun səs tembri yumşaq olduğundan Yusif Vəliyevi seçiblər…

– Doğrudur. Adil müəllimin səsində bir həlimlik vardı, bu da bir səbəb idi.

– Filmin ilk premyerası, deyəsən, Moskvada olubmuş, necə qarşılandı?

– Möhtəşəm bir premyera baş tutdu, yaradıcı heyət gedə bilməsə də, mən də orda iştirak edirdim. Dediyim kimi onda Moskvada tələbə idim. Nümayişdən sonra mənə elə yaxınlaşdılar, kənardan baxanlar deyirdii yəqin bu Hollivud aktyorudur. Avtoqraf alırdılar, xoş sözlər deyirdilər. Mən də  cavan aktyor kimi çox qürrələnərdim. Nə yaxşı ki, milli kinomuzun belə möhtəşəm incisi çəkilib. Bu filmdə əsil Azərbaycan kişisinin obrazı canlandırılıb.  O film kişilik rəmzi kimi qiymətləndirilir. (Publika.az)