“Vətəndaşlar istər müxtəlif əmlaklarından, istərsə də bank kartlarından edilən oğurluğa görə sığortalana bilərlər ”.
Tanınmış sığorta üzrə ekspert Xəyal Məmmədxanlı Azərbaycanda oğurluq sığortası ilə bağlı danışarkən bu fikirləri səsləndirib.
Hər gün ölkənin kriminal xəbərləri arasında ən çox rast gəldiyimiz hadisələrdən biri oğurluqdur. Soyğunçuluq, quldurluq kimi oxşar cinayət əməlləri zamanı da qızıl-zinət əşyalarının, pul və ya digər məişət əşyalarının aparılması ilə insanlara külli miqdarda zərər dəyir. Maraqlıdır, Azərbaycanda insanlar əmlaklarını oğurluğa görə sığorta etdirirlərmi?
Xəyal Məmmədxanlının sözlərinə görə, Azərbaycan vətəndaşları da dünyanın bir çox ölkəsində olduğu kimi öz əmlaklarını oğurluğa görə sığorta etdirə bilirlər:
“Oğurluq, soyğunçuluq və ya quldurluqdan sığortalanmaq dünyanın bir çox ölkəsində geniş yayılıb. Azərbaycanda da insanlar istənilən qeyri-həyat sığorta şirkətinə müraciət edib istər evlərindən, maşınlarından, obyektlərindən, istərsə də bank kartlarından edilən oğurluğa qarşı sığorta oluna bilərlər. Sığortanın bu növü ayrıca olaraq oğurluq sığortası kimi də adlandırılır. Həmçinin digər sığorta növlərinin içərisində də iştirak edir. Yəni, əmlakı sığortalayanda nəzərdə tutulan hadisələr içərisində oğurluq riski də var. Əksər ölkələrdə oğurluq ayrıca bir risk kimi adlandırılır. Ancaq bizdə bu növ adətən, əmlak sığortalarının tərkibində qeyd olunur. Burada oğurluqla yanaşı partlayış, yanğın və.s olur. Vətəndaş həmin sığorta müqaviləsini bağlayarkən bu amillərin hamısını yaxud birini qəbul edə bilər. Bağlanan müqavilənin adı da elə həmin amilə əsasən qeyd olunur”.
Oğurlanan əmlakın bazara uyğun qiymətləndirildiyini deyən ekspert, oğurlanan pul vəsaiti üçün ödəniş şərtlərinə də aydınlıq gətirib:
“Bunun üçün ödənilən ən yüksək kompensasiya məbləği oğurlanan əmlakın real bazar dəyəridir. Yəni, oğurlanan əmlakın təzədən alınıb yerinə qoyulması üçün nə qədər pul lazımdırsa ödənilir. Oğurlanan pulun qarşılığında ödəniş edilməsi üçün limit müəyyən olunub. Müqaviləyə əsasən, evdən 1 milyon manat oğurlansa da, şirkət yalnız 10 min manat qaytaracağı ilə razılaşır. Bundan əlavə, xüsusən seyfdən oğurlanan pul vəsaiti üçün də müəyyən şərtlər var. Məsələn, seyfin qapısı açarla açılıb pul oğurlansa, kompensasiya ödənilmir. Ancaq seyfin qırılması nəticəsində içərisindən pulun oğurlanması zamanı sığorta şirkəti ödəniş edir”.