Siqareti tərgitdikdən sonra ilk bir neçə həftə ərzində nikotin çatışmazlığı hiss olunur. Bu ərəfədə insanda abstinent sindromu, yəni arası kəsilməyən siqaret çəkmək istəyi, əsəb hissi, baş ağrısı, yorğunluq hissi, öskürək, əl və ayaqlarda qıcıqlanma özünü göstərir. Orqanizmdən nikotin təmizləndikcə onu bədəndə bərpa etmək hissi yaranır. Bu hissdən qurtulmaq üçün başqa bir işlə məşğul olaraq başını qatmaq, tənəffüs məşğələləri etmək, bir stəkan su və ya südü tələsmədən içmək lazımdır.
Əsəb hissi isə beynin nikotindən azad bir həyata uyğunlaşmağa başlaması ilə bağıdır. Əsəbiliyi dəf etmək üçün sakitləşdirici musiqilər dinləmək, komediya janrında filmlər izləmək, idmanın sürətli yerimə kimi yüngül növləri ilə məşğul olmaq, nanə yağını iyləmək və ya nanəli çay içmək yaxşı effekt verir. Siqareti atdıqdan sonra beyin oksigenin artmış səviyyəsinə uyğunlaşır və bu zaman baş ağrıları narahat edə bilər. Kifayət qədər yuxu almaq, sakit, rahat mühitdə olmaq bu problemin öhdəsindən gəlməyə kömək edir.
Siqareti atandan sonra yaranan yorğunluq hissi isə nikotinin vücudu oyaq qalmağa təhrik edən maddə olması ilə izah olunur. Qan dövranı normal vəziyyətə gəldikdə, nikotinə ehtiyac qalmadıqda insan özünü normal hiss edəcək. Yorğunluq hissi ilə bacarmaq üçün, təbii ki, kifayət qədər yatmaq, özünü çox yormamaq, gümrahlıq üçün qəhvə, zəncəfil və ya bitki mənşəli çaylar içmək lazımdır.
Siqareti tərgitdikdən sonra öskürək də müşahidə oluna bilər. Bu ona görə baş verir ki, ağciyərlər yenidən düzgün fəaliyyətə başlayır və beləliklə, siqaretin təsirindən əmələ gəlmiş ölü hüceyrələrdən, qətran və digər zərərli maddələrdən təmizlənir. Öskürək tutan zaman ilıq suyu qurtum-qurtum içmək, ehtiyac olduqda həkimə müraciət etmək tövsiyə olunur.
Əl və ayaqlarda qıcıqlanmalar qan dövranının tədricən bərpa olunması və əl-ayaq barmaqlarına daha çox oksigen çatmasının göstəricisidir. Bu hissiyyat bədən yaxşılaşmış qan dövranına öyrəşdikdən sonra kəsəcək. Əl və ayaqlarda qıcıqlanma zamanı əl və ayaqları masaj etmək, idmanla və ya yoqa ilə məşğul olmaq, əl və ayaqlarla çəkib uzatma hərəkətləri etmək, diqqəti yayındırmaq üçün kitab oxumaq kömək edir.
Siqaretdən imtina etmək istəyənlər üçün dietoloqlar siqaretin dadını korlayan qidaların siyahısını hazırlayıblar. Siqareti tərgitməyə pomidor, istiot, badımcan, süd və digər qidalar yardım edir. Əgər kimlərsə siqareti tərgitmək istəmirsə, dietoloqlar onlara qida rasionlarını C vitamini bol olan sitrus meyvələri ilə zənginləşdirməyi məsləhət görürlər.
Siqareti atmaq çətin olsa da, mümkündür. Bəzi insanlar siqareti uğurla tərgitmək üçün 3 və ya 4 dəfə təkrar cəhd edirlər. Siqareti atdıqdan sonra təkrar çəkməyə başladıqda, bu uğursuzluğun səbəbini tapmaq, dərk etmək və yenidən öz üzərində işləmək lazımdır.
Aynurə Məmmədova